AFFA "futbol baron”larını necə “yedi”? - Kimlər gəldi, kimlər getdi? - Araşdırma

26-01-2017, 09:56           

Bir zamanlar Azərbaycan futbolu xüsusi “baronlar”ın əlində cəmləşmişdi. Belə ki, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov (“Bakı”), Mübariz Mənsimov (“Xəzər Lənkəran”), Nuru Əliyev (“Rəvan”), “Şəmkirli Saşa” kimi tanınan Şahbaz Süleymanov (“Şəmkir”), Abdulvari Gözəl (“Qarabağ”) Musa Süleymanov (“Turan”) , “Univermaq Rza” ləqəbi ilə tanınan Rza Məmmədov (“Kəpəz”), Cahangir Hacıyev (“İnter”) kimi oliqarxların adları ölkə klubları ilə birlikdə çəkilib.

Onların 90 faizinin baronluğuna son illərdə son qoyulub.

AFFA-nın “qurban”ları

İndi isə onlardan sadəcə ikisi – “Qarabağ”ın rəhbəri Abdulvari Gözəl və “Qəbələ”nin prezidenti Tale Heydərov, “futbol baronu” kimi adını qoruyub saxlayıb. Təəssüf ki, AFFA adıçəkilən bu iki klubdan başqa digərlərini öz nəzarəti altına salmağı bacarıb. “Baronlar”ın çoxu müəyyən səbəblərlə sıxışdırıldı, bunun da nəticəsində futboldan “iyrəndilər”.

AFFA rəhbərliyinin qurbanlarından biri Hafiz Məmmədov və onun rəhbəri olduğu “Bakı” klubudur. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti olan H. Məmmədov AFFA ilə sona qədər kəllə-kəlləyə gəlməyi bacarmadı.

İqtisadi çətinliklər içində olan klub 2 ilə yaxındır ki, premyer liqadan düşüb, hazırda həvəskarlar liqasındadır. Hafiz Məmmədov bir zamanlar Fransanın “Lans” klubuna da rəhbərlik edirdi. Ancaq Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət edən və azərbaycanlı keçmiş oliqarx Hafiz Məmmədova məxsus (“Hafka”) RLS Holdinq şirkətini müflis elan edib. Bununla da “Hafka” iki il əvvəl aldığı “Lans” klubu üzərində mülkiyyət hüququnu itirib.

Məhkəmənin belə qərar verməsinə səbəb “Hafka”nın müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5.6 milyon avronu ödəyə bilməyib. Xatırladaq ki, o, “Lans”ın səhmlərinin 2/3 hissəsini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu. Lakin klubu alandan az sonra “Hafka”nın “Baghlan Group” şirkəti müflis olub və oliqarxın biznesi çöküb. Nəticədə, o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib.

“İnter” klubunun prezidenti Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olub. Ancaq bəlli səbəblər üzündən onun da “baron”luğuna son qoyuldu.

“Xəzər Lənkəran”ın rəhbəri oliqarx Mübariz Mənsimov da AFFA rəhbəri ilə yaşadığı problemə görə futboldan gedib. Belə ki, M.Mənsimov ona edilən təzyiqlərə dözməyərək, Azərbaycan futbolundan üz çevirdi. Və Azərbaycan kubokunun finalında “XL”- “Neftçi” oyunundan sonra acığa düşən Mənsimov ölkə futbolundan getdi. Bundan sonra o, yavaş-yavaş komandanı buraxmaq qərarına gəldi. Beləliklə, cənublular 2016-cı ilin ortalarında fəaliyyətini dayandırdığını rəsmən açıqladı.

Ancaq bu yaxınlarda yayılan iddialara görə, Mübariz Mənsimov “Palmali”nin Bakı ofisinin nümayəndələri ilə görüşüb. İstanbulda yaşayan oliqarx “Xəzər Lənkəran”ın uşaq futbolundakı vəziyyəti, stadion və bazanın halı ilə maraqlanıb. Mənsimov XL-nın yaxın 3-4 ildə nə iş görəcəyi ilə bağlı tədbirlər planının hazırlanmasını və mart ayında təqdim olunmasını istəyib.

“Rəvan” klubunun prezidenti Nuru Əliyev də sıradan çıxan “baron”lardandır. Yerli federasiya tərəfindən klub rəhbərinə o qədər təzyiqlər olundu ki, nəticədə, o da komandanı buraxmalı oldu. “Rəvan” 2 il əvvəl premyer-liqadan düşüb, I divizionda çıxış edir.

Maraqlıdır ki, ölkənin ən böyük oliqarxlarından biri hesab olunan, N.Əliyevin adı heç yerdə hallanmır. “Google” axtarış sistemində də onun haqqında bir cümlə belə yoxdur. “Nuru Əliyev” ad-soyadı axtarışa verəndə, idman saytlarında “Rəvan”la bağlı yazılmış və onun adı keçən bir neçə xəbər, bir dəfə də Hafiz Məmmədovla quda olub, sonradan bu qohumluğun pozulması ilə bağlı xəbərlər çıxır. Nuru Əliyev “Rəvan”ın rəhbəri olmasına baxmayaraq, heç vaxt klubla bağlı hər hansı açıqlama verməyib, hətta əsas rəhbər kimi öz qohumunu təqdim edib.

Tovuzun “Turan” klubunun rəhbəri Musa Süleymanov da AFFA-dakı şoulardan bezərək, futboldan uzaqlaşanlar arasındadır. 2009-2012-ci illərdə Tovuz klubunun rəhbəri barədə başqa iddialar da var. Belə ki, klub rəhbərinin futbolçuları aldatması, onları maaş üzünə həsrət qoyması məsələləri də bir vaxtlar mətbuatın gündəmində idi. “Turan”ın keçmiş prezidenti Musa Süleymanov istefasından xeyli əvvəl, uzun müddət iki yerdən pul gözləyib: AFFA və ortaya çıxacaq imkanlı sahibkardan…

M.Süleymanov ikinci varianta bir o qədər də etibar etmirdi. Buna görə də bütün ümidini federasiyaya bağlamışdı. Təsadüfi deyil ki, Süleymanov ondan maaş tələb edən futbolçulara “AFFA mənə pul versin ki, mən də sizə verim” deməklə, yaxasını qırağa çəkirdi. Amma Süleymanov gec də olsa, anlamışdı ki, Rövnəq Abdullayevin rəhbərlik etdiyi qurum ona qara qəpik də verməyəcək. Elə ona görə də rəsmi istefasından (23.01.2012) bir neçə gün öncə Tovuz klubunu saxlamaqdan imtina etdiyini açıqlayıbmış. Ancaq klubu başqasına verməkdə niyyəti pul imiş. İddialara görə o klubu havayı vermək istəmirmiş…

Yerli qurumun qarşı-qarşıya qoyduğu “baron”lar

İddia olunur ki, AFFA Kəmaləddin Heydərovun oğlunun rəhbəri olduğu “Qəbələ”ni sıradan çıxartmaq niyyətindədir. Buna görə də məhz “Qarabağ”la “Qəbələ”nin rəhbərlərini üz-üzə qoyur. Burada “Qarabağ” – “Qəbələ” oyunlarında qəsdən edilən hakim səhvlərini xatırlatmağa dəyər.

Bunun da səbəbi bildirdiyimiz kimi, AFFA-nın klubları öz nəzarəti altına almasıdır.

Aldığımız məlumata görə, AZAL-ın şefi Cahangir Əsgərov da komandaya baxmır. Çünki AFFA rəhbərliyi onu da öz nəzarətinə keçirib. Bəllidir ki, artıq “Kəpəz”, “Sumqayıt”, “Neftçi” də onun əlindədir.

1996-cı ildən “təyyarəçilər”in rəhbəri olan Cahangir Əsgərov son 3 ilə yaxındır ki, klubu AFFA-nın öhdəliyinə verib.

Keçmiş icra başçısı ilə intriqa …

“Şəmkir” klubunu rəhbəri “Şəmkirli Saşa” kimi tanınan Şahbaz Süleymanovun futbol “baron”luğundan getməsi isə AFFA-nın indiki rəhbərliyindən xeyli əvvəl olub (2001-ci ilə qədər).
Onun problemi isə keçmiş icra başçısı Aslan Aslanovla olub. Belə ki, klub prezidenti ilə keçmiş icra başcısı arasında intriqa yaşanıb.

“Şəmkir”i Azərbaycanda ilk peşəkar klub da adlandırırdılar. Bir vaxtlar “Şəmkir”in prezidenti hamının hörmət bəslədiyi Şahbaz Süleymanov idi. Hər kəsin “Saşa” deyə müraciət etdiyi bu şəxs haqqında əfsanələr dolaşırdı. O, qazandığı pulları təmənnasız şəkildə futbolun inkişafına sərf edən ilk mesenat idi. Əfsanə komanda yarandığı kimi də birdən-birə nağıla çevrildi. O vaxtdan Şahbaz Süleymanov da futbol aləmindən uzaqlaşdı.
O, müsahibələrinin birində futboldan getməsinə belə aydınlıq gətirib:

“Gördüm ki, futbola kənar qüvvələr daha tez-tez müdaxilə etməyə başlayır. Belə vəziyyətdə işləyə bilməzdim, ona görə də qərara gəldim ki, uzaqlaşım. Bu qərarı qəbul etmək də mənim üçün çətin oldu. Futboldan uzaqlaşsam da ürəyim “Şəmkir”in yanında qaldı. Ağasəlim Mircavadovun Qəhrəman Əliyevlə əvəzlənməsi mənim futboldan uzaqlaşmağıma təsir edən ən böyük səbəb idi. Qəhrəmanın “Şəmkir”ə gətirilməsi başqa qüvvələrin əli ilə həyata keçirildi. Elə o gündən də stadiona ayaq basmadım. Qəhrəman Əliyevin qanacağı olsaydı, başqalarının sözü ilə oturub-durmazdı. Bilirdi ki, “Şəmkir”in sahibi mənəm. Ona görə də ilk növbədə mənim yanıma gəlib, onun təyinatına münasibətimdən hali olmalı idi. Onu kim gətirdi, “Şəmkir”i bu günə kim saldı – bu haqda danışmağa lüzum görmürəm. Qəhrəman ora gəlməklə düz addım atmadı”.

“Kəpəz” klubunun hazırki prezidenti kimi Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev göstərilsə də, əsas fiqur burada da AFFA rəhbərliyidir. Qurumun ayırdığı pullarla futbolçu cəlb olunur, oyunlar keçirilir.

Gəncənin indiki icra baçşısı fəaliyyətini dayandıran “Karvan”ı maliyyələşdirirdi. Bundan əlavə Kəmaləddin Heydərovun nəzarətində olan klub təkcə “Qəbələ” deyildi. “MKT Araz” da onun nəzarətində idi. Bəlli səbəblər üzündən həbsə atılan Cahangir Hacıyev də iki klubun prezidenti idi. O, “Simurq” və “İnter”i maliyyələşdirirdi.
Fuad Musayevin AFFA-nın rəhbəri olduğu dövrdə, futbolun kasıb dönəmində “Kəpəz”in rəhbərlərindən biri də Rza Məmmədov olub.

Hazırda turnir cədvəlində Abdulvari Gözəlin rəhbərlik etdiyi “Qarabağ” və Tale Heydərovun “Qəbələ”si digərlərini geridə qoyur. Ağdam təmsilçisi lider mövqeyində, digər bölgə klubumuz isə ondan sonrakı pillədə öz yerini alır. Qısacası, iki barondan başqa premyer liqada “dişli rəqib” qalmayıb desək, haqsız sayılmarıq.

Yeniçağ.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.