Muarem: “Neftçi”nin də səfərdə bizə 2 qol vuracaq gücü var"
31-03-2017, 07:47
“Qarabağ”ın Azərbaycan Kubokunun ilk yarımfinal oyununda səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda komandasının ilk qoluna imza atan Muarem Muarem oyundan sonra junralistlərin suallarını cavablandırıb.
“Report” həmin müsahibəni təqdim edir.
İlk qolu vurdunuz, komandanız qalib gəldi. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Düzdür, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün xoşbəxtik. Səfərdə iki qol vurmaq bizim üçün böyük üstünlükdür. Amma hər şey bitməyib. “Neftçi”nin də səfərdə bizə 2 qol vuracaq gücü var. Diqqətli olmalıyıq.
Azərbaycanda ev və səfər matçları arasında fərq var? Onsuz da, tribunlarda çox az sayda azarkeş olur...
- Əksər matçlarda hiss edilməyə bilər. Lakin bu cür qarşılaşmalar fərqlidir. “Neftçi”, “Qəbələ”, “Zirə” kimi komandaların yaxşı azarkeşləri var. Bəzilərində adam çox olur, bəzilərinə gəlmirlər.
Artıq finala vəsiqə qazandığınızı düşünmürsünüz?
- Öz adıma deyə bilərəm ki, düşünmürəm. Çünki “Neftçi” son vaxtlar yaxşı futbol sərgiləyir. Beş oyun idi uduzmurdular.
Necə etdiniz ki, bu gün “Neftçi” istədiyi kimi çıxış etmədi?
- Rəqibi yaxşı təhlil etdik. Sürətli oynadıq, erkən qol vurduq. Bəlkə kənarda asan görünürdü, amma elə deyil.
Rəqibin 80 illik yubileyini qeyd etməsi sizə əlavə motivasiya verdi?
- Xeyr, bunu heç bilmirdim. Oyunda xəbər tutdum.
Bu qələbəyə görə xüsusi mükafat var?
- Bununla bağlı heç bir söhbət olmayıb.
“Qəbələ” digər yarımfinal oyununda “İnter”ə 3:1 hesabı ilə qalib gəldi. Onları finalda saymaq olar?
- İndidən danışmaq tezdir. Bəlkə “Qəbələ” finala çıxdığını düşünə bilər. Biz öz oyunumuza baxmalıyıq.