Tuyqun Nadirov yenə ölkə futbolunun rəhbərlərinə çamur yağdırdı - İDDİA
9-05-2017, 12:13
Artıq bir ilə yaxındı böyük futboldan uzaq düşən, fəaliyyətini dayandıran, barəsində FİFA-ya qalaq-qalaq şikayət məktubları ünvanlanan “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov srağagün axır ki dilə gəlib. Neçə vaxtdı mətbuatdan uzaq düşən Tuyqun bəy sportinfo.az saytının əməkdaşı ilə söhbətdə klubun gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəyinə toxunub: “Klubumuzun nə vaxt fəaliyyətini bərpa edəcəyi məlum deyil. Bu, 20 dəqiqə sonra da ola bilər, 2 il sonra da. Bunun üçün "Palmali"nin İstanbul ofisindən Bakıya bildiriş gəlməlidi. Hələlik ordan bir xəbər yoxdu. Şirkətin Azərbaycandakı zavodunun hesabına klubu bərpa etmək mümkün deyil. "Palsüd" işləyir, özünü dolandırır. Ancaq bu, "Xəzər Lənkəran"ı futbola qaytarmağa kifayət etmir. Mütləq İstanbuldan kömək olmalıdı. İqtisadi böhran dünyanın hər yerinə yayılıb. Bütün böyük şirkətlər bundan ziyan çəkir, əvvəlki kimi qazanc əldə etmirlər. Mübariz Mənsimov Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olan şəxsdi. O, "Xəzər Lənkəran"ı öz hesabına yaradıb və yaşadıb. Klubun yenidən fəaliyyət göstərməsi üçün futbolumuzda bəzi yeniliklər, dəyişikliklər olmalıdı. İndiki reallıqları bilirik. Bu şəraitdə klub saxlamağın heç bir mənası yoxdu. Bəzi insanlar müxtəlif vasitələrlə iş adamlarını futboldan incik salır, klubları dağıdır. Ötən çempionatın son turunda “Xəzər Lənkəran”ı "Rəvan"a qalib gəlməyə qoymadılar. Yalandan qapımıza penalti təyin edib, komandamızın qələbəsini əlindən aldılar. "Xəzər Lənkəran" belə haqsızlıq və qərəzli münasibətlə çox qarşılaşıb. Bəzi insanlar həmişə istəyib ki, "Xəzər Lənkəran"a təzyiq göstərsin, bu klubu gözdən salsın. Bunların heç birinə müvəffəq olmayıblar, ola da bilməzlər. "Xəzər Lənkəran" bu gün böyük futbolda yoxdu, ancaq haqqında ən çox danışılan, ən çox xatırlanan klubdu. Premyer-liqanın neçə sönük keçdiyini görürsüz. Altı klubun, demək olar, sponsoru bir adamdı, belə çempionat olmaz. Əvvəl futbolda tanınmış iş adamları var idi, klublara yaxşı pul buraxırdılar. Çempionatda rəqabət və mübarizə yaranmışdı, maraqlı idi. İndi kimlər var? Mübariz müəllim görür ki, futbola sərmayə yatırmaq mənasızdı, vəsaiti daha səmərəli sahələrə yönəldir. "Xəzər Lənkəran"ın bərpasını bütün Azərbaycan istəyir. Lakin biz İstanbulda bu barədə nə fikirləşdiklərini, nə vaxt bu qərarı verəcəklərini bilmirik. Biz hazırıq. Stadion və baza yerindədi. Bəzi başqa klublarımız kimi nə stadionumuz, nə də bazamız kredit altındadı. Klubumuzun bir nəfərə borcu yoxdu. İnfrastrukturu olduğu kimi qoruyub saxlamışıq. Mübariz müəllimdən göstəriş gələndən 20 dəqiqə sonra hamı klubda öz yerində olacaq".
Nadirovun söylədiyi fikirlərlə tanış olduqca bilmirsən güləsən, yoxsa ağlayasan. Mais Mənsimovla əlbir olub ölkənin ən böyük büdcəyə sahib olan klubunun milyonlarını sağa-sola xərcləyən, futbolçu ilə bağlanan hər müqavilədən pay uman, legionerlərə “atan” birinin indi durub “klubun yenidən fəaliyyət göstərməsi üçün futbolumuzda bəzi yeniliklər, dəyişikliklər olmalıdı. İndiki reallıqları bilirik. Bu şəraitdə klub saxlamağın heç bir mənası yoxdu. Bəzi insanlar müxtəlif vasitələrlə iş adamlarını futboldan incik salır, klubları dağıdır” söyləməsi “utanmasan oynamağa nə var ki...” misalını xatıladır. Görəsən, vitse-prezident nəyə görə öz günahlarını başqasının üstünə atmağa çalışır? Bəlkə Mais Mənsimov – Tuyqun Nadirov cütlüyündən çox Mübariz bəyi futboldan iyrəndirən olub? Bəlkə “Xəzər Lənkəran”la anlaşan legionerlərlə onların adından başqaları müqavilə bağlayıb və sənəddə bir məbləğ göstərib, reallıqda başqa ödəniş edib? Bəlkə İstanbuldan gələn yoxlama “Xəzər Lənkəran”da yox, başqa klubda yeyintinin olduğunu üzə çıxarıb və “Palmali”nin rəhbərinə məruzə edib.
Nadirov göstəriş gəlsə, 20 dəqiqəyə komandanı hazır edə biləcəklərini söyləməklə növbəti dəfə cənublu azarkeşləri aldatmağa çalışır. 12 ilə normal komanda formalaşdıra bilməyən, klubdan ali futbol qurumlarına şikayət dolu məktubların yollanmasına şərait yaradan Tuyqun bəy, görəsən, dediklərinə özü inanırmı?
Guya “Rəvan”la matçda məlum hakim səhvi olmasaydı, Mənsimov – Nadirov tandeminin idarə etdiyi klub bu il çempionluğa oynayacaqdı, ölkəmizi Çempionlar Liqasının qrupunda təmsil edəcəkdi. Son ilyarımda gənclərin ümidinə qalan, onlara veriləcək qəpik-quruşu belə ödəyə bilməyən klub bir yanlış penalti səhvinə görə dağılırsa, onda gərək bu mövsüm ÇL-in qley-off mərhələsində çıxış edən komandaların əksəriyyəti üçün 2017-ci il sonuncu olmalıydı. Yaxşı olardı ki, Tuyqun bəy həmkarımızla söhbətdə hər şeyi olduğu kimi etiraf edə, Ramil Diniyevin səhvindən bəhanə kimi istəfadə etdiklərini vurğulayaydı. Deyərdi ki, bizim məqsədimiz mənimsədiyimiz vəsaiti ört-basdır etmək, bunun üçün əlverişli məqam gözləmək idi ki, ötən mövsümün son turunda da bu şans əlimizə düşdü.
İnsan ki bir şeyə öyrəşdi, onu dayandırmaq, pis vərdişdən uzaqlaşdırmaq müşkül məsələdi. Necə ki Nadirov yalan söyləmək üzrə ixtisaslaşıb. “Klubumuzun bir nəfərə borcu yoxdu” söyləyən vitse-prezident nədənsə “Futbol+”ə 9 min manat borclu olduğunu unudub. Bəs bunu kimin ayağına, hansı klubun adına yazaq? Bu yerdə Tuyqun Nadirova “Futbol+”də bir yox, onlarla insanın işlədiyini, ailələrini də bu qəzetdən aldıqları maaş və qonorarla saxladığını xatırlatmaq istəyirik. Odu ki, sizin borclu olduğunuz adamların sayı yetərincə çoxdu. Tuyqun bəy, yalan danışanda da elə danışın ki, ömrü heç olmasa, 40 gün çəksin. Ancaq ən yaxşı yol danışmamağınızdı. Çünki danışdıqca quyunun dibinə düşürsüz, uğursuz vitse-prezident, uğursuz adam... \\hurriyyet.org\\