"Cavid yiyəsiz idi ki, küçələrdə qalmışdı?" - Cavid Hüseynovun müəllimi danışdı
13-08-2015, 21:35
2 gün əvvəl bir neçə xəbər portalında "Turan"ın keçmiş baş məşqçisi Naci Şensoyun şəxsi "Facebook" səhifəsində Cavid Hüseynovla bağlı yazdığı statusu özündə əks etdirən xəbər dərc olunmuşdu.
Statusda Naci bəy Cavid Hüseynovun həbsi ilə bağlı fikirlərini bildirməklə yanaşı, futbolçunun onun yetirməsi olduğunu, "Turan"a küçədən gətirdiyini və futbolun sirlərini öyrətdiyini göstərmişdi:
"2004/05 mövsümündə Azərbaycanın "Turan" komandasında işlədiyim zaman küçədən tapıb futbolun ilk sirlərini öyrətdiyim və Azərbaycan millisinə qədər yüksəlməsində əməyim keçən Cavid Hüseynovun bu cür duruma düşməsinə çox üzüldüm..."
Bu gün həmin status və statusa əsaslanmış xəbərlə bağlı Respublika İdman Olimpiya Liseyinin tərbiyə işləri üzrə direktor müavini Rəhman Tağıyev bizimlə əlaqə saxlayaraq Naci bəyin Cavidin onun tələbəsi olduğu barədə fikirlərinin yanlış olduğunu bildirdi. Rəhman müəllim uzun illərdir ki, həmin internat məktəbdə çalışır. Neçə-neçə peşəkar idmançının, futbolçunun, o cümlədən Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov və digərlərinin yetişməsində zəhməti olub. Rəhman müəllim Şensoyun fikirlərinə etirazını bildirdi və Cavidin heç də küçədən tapılmadığını və onun tələbəsi olduğunu söylədi:
"Cavid bizim məktəbə gələndən 5-ci sinifdə oxuyurdu. Özü də futbolla yox, gimnastika ilə məşğul olurdu. Onun boy-buxunu, istedadını sezib futbol sinfinə keçirmək istədim. Doğrudur, o vaxt gimnastika müəllimi Elxan müəllim buna qarşı çıxdı. Lakin böyük çətinliklə istəyimə nail oldum və Cavid 6-ci sinifdən etibarən futbolla məşğul olmağa başladı. Ağıllı, tərbiyəli, nizam-intizamlı uşaq idi. Məşqlərə və dərslərə ciddi yanaşırdı. 2004-cü ildə başqa bir tələbəm Ramiz Məmmədov məktəbə gəlmişdi və Cavidgilin məşqini izlədi. Onda Cavid 11-ci sinifdə oxuyurdu. Ramiz isə "Turan"da oynayırdı. Cavid Ramizin xoşuna gəldi və onu Naci Şensoyla məsləhətləşərək "Turan"a aparmaq istədiyni bildirdi. Razılaşdıq. "Turan"da bir neçə məşq keçəndən sonra Naci Şensoy onu komandaya götürdü. 2005-ci ilin əvvəlində "Turan"ın təlim-məşq toplanışı zamanı Naci bəylə görüşdük və Cavid haqqında söhbət etdik. Ona bildirdim ki, Cavid şəhid övladıdır, istedadlı futbolçu, tərbiyəli uşaqdır. Cavabında Naci bəy şəhid övladı olduğuna görə Cavidə daha çox diqqət yetirəcəyini söylədi. Sözümün canı odur ki, Şensoy Cavidin bizim məktəbin tələbəsi, müəlliminin isə kim olduğunu bilə-bilə niyə görə onu öz adına çıxarır? Hətta onu küçələrdən komandaya götürdüyünü yazır. Məgər Cavid yiyəsiz idi ki, küçələrdə qalmışdı? Şensoyun bu fikirləri mənə çox pis təsir etdi. Ayıb olsun!"
Rəhman müəllimdən Cavidin Kiprdə etdiyi hərəkət və həbsi ilə bağlı da fikirlərini öyrəndim. Təcrübəli pedaqoq həmkarımız Rasim Əliyevin qətlində Cavidin günahı olmadığı fikrindədir:
"Cavid Kiprdəki oyundan sonra Bakıya qayıdan kimi onunla əlaqə saxladım, etdiyi hərəkətin səhv olduğunu söylədim. Belə hərəkətlər peşəkar futbolçuya yaraşmayan hərəkətlərdir. Özü də səhv etdiyini anlamışdı. Mənə bizimkilərin Kiprdə hər addım təhqir olunduqlarını, pis münasibətlə üzləşdiklərini bildirdi. Bayrağımızın yandırılması da ona yaman təsir etmişdi. Bu üzdən emosiyalara qapıldığını və istəmədən bu cür jest etdiyini söylədi. Bakıda keçirilən oyundan sonra kiprli jurnalistə qarşı etdiyi hərəkətlə bağlı da söhbətimiz olmuşdu. Heç kimə hörmətsizlik etmədiyini demişdi. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı isə onu deyə bilərəm ki, bu xəbəri eşidəndə çox üzüldüm. Rasim də bizim balamız idi. Amma onun ölümündə tələbəmin günahkar olduğuna inanmıram. Hadisə baş verib və düşünürəm ki, günahkarlar layiqli cəzasını alacaqlar. Bir məqama da toxunum, Rasimin qətlə yetirilməsində günahkar bilinən Elşən də bizim məktəbin tələbəsi olub. Amma onun müəllimi mən olmamışam və bu üzdən Elşən haqqında nəsə bir söz deyə bilmərəm. Cavid haqqında isə... Yenə də təkrar edirəm, Cavidin günahsız olduğu fikrindəyəm. Çünki Cavidi yaxşı tanıdığımdan onun belə bir hərəkət edəcəyinə inanmıram.
Güman ki, Rasimi döyən uşaqlar bunu Cavidin fanatı olduğu və ona xoş gəlmələri üçün ediblər. Sadəcə ağılsızlıqdır".
525-ci qəzet