Dövlət Departamenti Azərbaycanda siyasi məhbus probleminə münasibət bildirib

3-07-2024, 12:44           
Dövlət Departamenti Azərbaycanda siyasi məhbus probleminə münasibət bildirib
ABŞ Dövlət Departamenti Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərlə bağlı iyulun 1-dəki ənənəvi brifinqdə münasibət bildirib.

“Bu, uzun bir prosesdir və bu, bizdən davamlı əlaqədə olmağımızı tələb edir. Həm Dövlət katibi, həm də onun köməkçisi O’Brayn bu sahədə səylərini davam etdirəcək”, Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Turan agentliyinin Azərbaycanda yüksək səviyyəli görüşlərdə siyasi məhbusların azad edilməsinin təmin etdilməsi ilə bağlı məsələlərin müzakirərinin davam etdirilib-etdirilməməsi barədə sualının cavabında bildirib.

Bu il iyunun 14-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 303 nəfərin adı daxil edilib.

303 siyasi məhbus 8 qrupa ayrılıb.

1-ci qrupa 20 nəfər jurnalistlər və blogerlərin, 2-ci qrupa 3 nəfər hüquq müdafiəçisinin, 3-cü qrupa 28 nəfər müxalifət partiyalarının və hərəkatlarının üzvlərinin, 4-cü qrupa 5 nəfər Almaniyadan deportasiya edilmiş siyasi mühacirin, 5-ci qrupa 216 nəfər dindarın, 6-cı qrupa 7 nəfər “Tərtər işi" üzrə mühakimə olunanların, 7-ci qrupa 13 nəfər "Gəncə işi” üzrə mühakimə olunanların, 8-ci qrupa 11 nəfər ömürlük məhkumların adı daxil edilib.

Azərbaycanda son aylarda fəalların və jurnalistlərlərin həbsi çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Bu il aprelin 3-də ABŞ Dövlət katibi Antoni Bilinken ilə Prezident İlham Əliyev arasında telefon danışı zamanı Dövlət katibi Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Aprelin 4-də isə Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

“Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, mətbuat xidməti bildirib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
amerikanınsesi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.