Camaatın bahalaşma sevinci - AXI NİYƏ?!
3-07-2024, 12:08
Adamın ürəyindən yalnız bir ifadə keçir: Ay yazıx!
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Çoxdandır AYNA-nın oxucularının görüşünə gəlmirdim. Bir az şəxsi işlər, bir az da isti yay günləri, açığı, məndə kompüter qarşısında oturmaq həvəsi qoymamışdı. Amma bu gün səhər yeməyi yeyərkən yerli telekanllarda xəbərlərə baxanda, dedim ki, yox, qoy yazım. Ürəyim partlayır axı!
3 həftədən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd olunacaq – olmayan mətbuatın günü. Adamın ömrünün neçə onilliyini bu peşəyə sərf etməsinə də hayıfı gəlir. Bir dəfə, deyəsən, bu barədə yazmışdım. Yazmışdım ki, 4-5 il əvvəl mətbuatın yaman gündə olmasından danışılanda hamı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu günahkar görürdü. Düz də edirdilər. Amma indi Əli Həsənov yoxdur axı. Bəs, niyə düzəlmir? Həmin yuxarıdan gələn tezislərlə işləyən mənasız xor, həmin qəzetdən başqa hər şey satılan yaşıl qəzet köşkləri və əllərinə mikrofon alıb küçələrə düşən “diktafonoderjatellər”…
Bu səhər xəbərlərə baxanda, orada bəri başdan hazırlanmış “vətəndaşlar” və onlara sual verən “diktafonoderjatellər”i görəndə yadıma xalq arasında məşhur olan “professor, uzman Qılman doxtur”un bir ifadəsi düşdü: Ay yazıx!
Axı niyə belə düşündüm? İzah edim!
Deməli, təsəvvür edin ki, telekanal rəhbərlərinə yuxarıdan deyiblər ki, benzinin, dizelin, nəqliyyatda gediş haqlarının artımına haqq qazandırmaq lazımdır. Və həmin telekanal rəhbərləri də “Qastrolbüro”nun administratoru Ağabala kimi yığıblar öz redaktorlarını ki: “Neyləyək? Fikirləşin! Hamınız fikirləşin!”.
Və bu “Ağabalanın qohumları” da baxıblar ki, qiymət artımını “ağartmaq” üçün üz qabığı dəyişən, lakin mahiyyəti eyni qalan AzTV-nin klassik metodunu təkrarlamaqdan yaxşı heç nə təklif edə bilmirlər. Və başlayıblar icra eləməyə:
“Nəqliyyatın qiymətlərinin artması iqtisadi reallıqdan irəli gəlir. Artıq yeni qiymət daşıyıcıları vətəndaşların tələblərinə tam cavab verəcək avtobuslar gətirməyə vadar edəcək. Tələblər sərtləşəcək və sonda udan tərəf yenə adi vətəndaşlar olacaq. Hər şey vətəndaşlara daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi üçündür”…
“Aİ-92 markalı benzinin və dizelin qiymətlərinin cüzi dəyişməsi həm yeni avadanlıqla buraxılan benzinimizin keyfiyyətini yaxşılaşdıracaq, həm də vətəndaşlar öz maşınlarını ekoloji cəhətdən daha təmiz olan elektriklə işləyən avtomobillərlə dəyişməyə təşviq ediləcək”…
A kişilər! Bu istidə, Bakının ortasında, belə ədəbi-bədii danışan, “sırf dövlətçiliyə” xidmət edən vətəndaşları haradan tapırsınız? Tapmağına tutaq ki, hansısa büdcə təşkilatında işləyən birini tapdınız, kağız da yazıb verdiniz ki, əzbərləsin. O da əzbərlədi, çıxdı, dedi.
Bəs anlamırsınız ki, “komissiya” (xalq) bu Ağabalanın qohumlarının - “Hüseynova bacılarının”, “kontrabas çalanın”, “montaj edənin” çıxışlarını qəbul etməyəcək? Onlara “neftçi Bəxtiyar Muradov” lazımdır ki, neftimizin “şokolad kimi” olmasını anlatsın. Yəni bu qərarın xalq üçün müsbət nə vəd etdiyini Tarif Şurasının dediyi kimi yox, adam balası dilində izah etsin. Və sübut etsin ki, Bəxtiyar Muradov oxuyan deyil, neftçidir.
Bunu müxtəlif yollarla etmək olar. Ən rahat yol SOCAR rəhbəri Rövşən Nəcəfin “zapravkada” öz maşınına Aİ-92 markalı təzə benzindən tökməsi kadrları olardı. O da kamera qarşısında “Brent”ə and içərdi ki, daha bundan sonra nəinki özü, ümumən SOCAR-ın, eləcə də bu qərarı verənlərin hamısı yüksək keyfiyyətli, Avro-5 standartlı Aİ-92 benzindən istifadə edəcək.
Əlbəttə, bu qərarı xalqın gözündə daha da ucaltmaq üçün Nazirlər Kabineti də qərar verərdi ki, daha şəhərdə doldurma stansiyaları barmaqla sayılan elektrik avtomobillərinə və hibridlərə 3-5 illik gömrük rüsumları ləğv edilir. Nə qədər bacarırsınız, gətirin təzə avtolardan. Bax bu olardı ekologiya naminə təşviq. Yoxsa, xaricdən 12 min avroya alınan hibrid maşın üçün 3-5 min gömrük haqqı almaqla, ekologiyanı təmizləmək olmaz.
Arqumenti daha da gücləndrimək üçün kameralar qarşısında hansısa tanınmış beynəlxalq şirkətin nümayəndələri gəlib təzə “bişirilmiş” Avro-5 standartı benzinimizdən nümunə götürər və sonra da sertifikat təqdim edərdi ki, vallah, billah, əla benzindir, qorxmadan istifadə edin.
Aİ-95-dən kim daha çox istifadə edir? Bu sualın cavabı hamıya məlumdur. Məlumdur ki, bu istifadəçilərin çoxunun Aİ-95-in qiymətinin neçəyə olması veclərinə də deyil. O təbəqə üçün bu faktor əhəmiyyətli deyil. Belə çıxır ki, xalq benzini bahalaşır, varlılar üçün olan benzin isə onların maddi-rifah halını daha yaxşılaşdırmaq üçün ucuzlaşır. Bu zaman məntiq elmi gedir qıraqda siqaret çəkməyə...
Hələlik bu qərar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin taksilərlərlə bağlı qərarına bənzəyir – avtobuslar it günündə, millət ucuz taksilərdən istifadə edir, bunlar isə qərar verirlər ki, maşınlar təzə olmalıdı, ya da millət avtobuslara minsin.
A kişilər! Siz əvvəlcə bu avtobusların gedişini nizamlayın, insanlar bir ünvana getmək üçün 3 avtobus dəyişməsinlər, sayını artırın, sonra verin də bu qərarı. Mən hələ anlaşılmaz “ağ-qırmızı” rəng fetişini demirəm. Nəticə isə hələlik belədir ki, taksilərin qiyməti qalxıb, millət isə, xüsusən də pik saatlarda əziyyət çəkir, taksi tapa bilmir.
Adamın ürəyindən yalnız bir ifadə keçir: Ay yazıx! Amma, bu yazıx kimdir – xalq, yoxsa bu qərarı verənlər – bunu buraxırıq gələcəyin öhdəsinə.
P.S. Telekanalların aparıcılarından birinin canlı efirdə dediyi söz isə doğurdan da maraqlı idi. Adam öz kanalının benzinlə bağlı “dövlətçiliyə” xidmət edən vətəndaşların çıxışı qarışıq reportajına baxdı və sual verdi: “Mən anlamıram bir şeyi, məgər metro da benzinlə işləyir? Onun niyə qiyməti qalxdı?”. Anlamayacaqsan, qardaşım! Çünki, sən “dövlətçiliyə” xidmət edən vətəndaş deyilsən! Yəqin ki, bunu sənə verilişdən sonra sizin “Ağabala” dedi…
Müəllif: Yoldaş Mircəfər