Azərbaycan mobil internetə qoşulma üzrə Gürcüstan və Ermənistandan geridədir... - hətta viran qoyulmuş Ukraynadan da...
3-07-2024, 12:46
Xəbər verildiyi kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirildiyinə görə, Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib.
Xəbərdə deyilir:
“"GSMA" 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99 faizinin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir. Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.
Həmçinin qeyd olunub ki, qurum tərəfindən 2022-ci il üzrə Azərbaycanla bağlı göstəricilərin hesablanmasında yanlışlığa yol verilib, nəticədə həmin il üçün ölkəmizin indeks xalı 61,2 müəyyən edilib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi müraciəti əsasında hesablamalar yenidən aparılaraq yanlışlıq aradan qaldırılıb. Beləliklə, Azərbaycanın 2022-ci il üzrə nəticələri 66,63 xala yüksəldilib.
Eyni zamanda, 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib”.
Amma nədənsə Nazirliyin məlumatında Azərbaycanın 2023-cü ildə mobil internetə qoşulma üzrə topladığı indeksi region, Güney Qafqaz, həmçinin digər postsovet ölkələrinin nəticələri ilə müqayisə edilmir. Halbuki, Moderator.az-ın araşdırmasına görə, sözügedən hesabata müraciət etdikdə (burada:) məlum olur ki, Azərbaycan(69,33) bəhs edilən göstəriciyə görə Belarus(69,1), Qırğızıstan(60,4), Özbəkistan(60,4) və Tacikistanı(37,2) üstələsə də, heç bir nefti-qazı olmayan qonşu Gürcüstan(71,5) və Ermənistandan(69,5), həm də digər postsovet ölkələrindən Estoniya(88,0), Litva(86,5), Latviya(85,1), Rusiya(80,9), Qazaxıstan(74,7), Moldova(73,8), hətta müharibənin viran qoyduğu Ukraynadan(69,6) da geridə qalır...
Nümunə olaraq Şərqin digər neft-qaz ölkələri mobil internetəçox yüksək göstəricilərə malikdir: BƏƏ(90,8), Qətər(85,9), Küveyt(81,7), Səudiyyə Ərəbistanı(79,6) və s.
Ümid edirik ki, tezliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və bu sahənin digər müstəqil mütəxəssisləri Azərbaycanın mobil internetə qoşulma üzrə geridə qalmasının səbəblərini araşdıracaq və növbəti ildə sürətli irəliləmə üçün ciddi tədbirlər görüləcək...
P.S. Hələ internet tariflərinin bahalığından danışmırıq ki, bu başqa söhbətin mövzusudur...
P.P.S. Araşdırmamızdan narazı qala biləcək yüksək vəzifəli məmurların nəzərinə Prezident İlham Əliyevin "səhvləri, nöqsanları malalamaq olmaz" xəbərdarlığını çatdırırıq...