Baş məşqçi: "Azərbaycanla qarşılaşma bizim üçün asan olmayacaq"

23-03-2018, 10:45           
Baş məşqçi: "Azərbaycanla qarşılaşma bizim üçün asan olmayacaq"
"Bakıda küləkli hava var. Bunu gözləmirdim. Bu əsasən stadionun hüdudlarından kənarda hiss olunur. Necə olursa-olsun bu gün oyunumuz baş tutacaq".

"Report"un məlumatına görə, bunu futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl açıqlamasında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Belarus millisi döyüşkən komandadır. Sabahkı matçda Azərbaycan yığmasının şansları necə dəyərləndirirsiniz?

- Bunu demək mənim üçün çətindir. Azərbaycan milli komandasında yeni baş məşqçi var. Komandaya yeni futbolçular da cəlb olunub. Bu amillər onu göstərir ki, bu qarşılaşma bizim üçün asan olmayacaq. Qələbə qazanmağa çalışacağıq. Bu matç hər iki komanda üçün çətin olacaq.

- Siz payızda Qafqazda iki oyun keçirdiniz. Əvvəlcə Ermənistana məğlub oldunuz, sonra isə Gürcüstanla heç-heçə etdiniz. Yəqin ki, bu bölgədə qələbə qazanmaq istəyirsiniz?

- Ötən ilin sonunda komandada zədəli futbolçular çox idi. Futbolçularımın potensialını bilirəm. Bəzi yeni futbolçuları izləmək istəyirdim. Ona görə də əsas heyət üzvlərindən istifadə etmədim. Nəticə də yaxşı olmadı. Ümid edirəm ki, Azərbaycanla görüşdə yaxşı nəticə əldə edəcəyik.

- Bu gün Qafqaz komandalarını müqayisə etsək, hansına daha çox üstünlük verərsiniz?

- Müqayisə üçün bütün komandalarla mübarizə aparmalıyıq. Biz hələ Azərbaycanla görüşməmişik. Qafqaz futbolu həmişə sürətli və texnikalı olub. Hesab edirəm ki, buna görə 3 komandanın da oyun üslubu oxşardır.

- Bu yoldaşlıq oyunu Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovun Bakıda ilk sınağı olacaq. Onun haqqında nə deyə bilərsiniz?

- Qurban Qurbanov avrokuboklarda uğurlu çıxış edən "Qarabağ"ın baş məşqçisidir. Düşünürəm ki, o, klubda əldə etdiyib uğurlu nailiyyətlərini milli komandada da təkrarlayacaq. Hər halda, o, yığma rəhbərliyi altında artıq bir yoldaşlıq matçı oynamağa müvəffəq olub. Onun təcrübəsini də nəzərə almaq lazımdır. Qurban Qurbanovun bu matçda əlavə təzyiq altında qalacağını düşünmürəm.

- Azərbaycan yığmasında legionerlərin sayı çox deyil. Belarus milli komandasının futbolçularının çoxu xarici klublarda çıxış edir. Bu komandanın rəsmi oyunlarda yaxşı nəticə göstərməyinə nə mane olur?

- Son vaxtlar xaricə gedən futbolçularımız azdır. Bəzi perspektivli oyunçular özlərini göstərməyə başlayıb. Sovet İttifaqı ərazisində bir çox ölkələr oxşar problemlərlə üzləşir. Bütün legionerlərimiz milli komandaya dəvətə müsbər reaksiya verdilər. Ümid edirəm ki, onlar komandanın aparıcı futbolçuları olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.