AZƏRBAYCAN FUTBOLUNDA YENİ QALMAQAL - Prokurorluq futbolçuları sorğu-sual edir

13-06-2018, 00:04           

Azərbaycan futbol çempionatının 1-ci dəstəsində keçirilən oyunların nəticələri və ümumilikdə çempionatın gedişi ilə bağlı ciddi şübhələr yaranıb. Belə ki, çempionatda danışılmış oyunların keçirildiyi ehtimalı var.

teref.az bildirir ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, artıq işə hüquq-mühafizə orqanları qarışıb. Belə ki, məsələ ilə bağlı Bakı Şəhər Səbail Rayon Prokurorluğundaaraşdırma aparıldığı bildirilir. Məlumata görə, xüsusilə çempionatın 1-ci dəstəsini qalib kimi başa vurmuş Bakının “Xəzər” klubu ilə əlaqədar ciddi şübhələr var. Artıq komandanın təmsilçiləri və futbolçular ayrı-ayrı oyunlarla bağlı prokurorluqda sorğu-sual edilir. Şübhə doğuran təkcə ümumilikdə çempionatın yox, həm də ayrı-ayrı oyunların nəticələridir. Burada söhbət danışılmış oyunlar sayəsində mərc oyunlarından böyük məbləğlərdə uduşlar əldə etmək ehtimalından gedir. Məsələn, prokurorluq əməkdaşları “Xəzər”in “Mil-Muğan”a 5:0 hesabı ilə qalib gəldiyi və gözlənilmədən özündən xeyli zəif “Binə”yə 0:1 hesabı ilə uduzduğu oyunlarla maraqlanırlar. Çünki bu cür nəticələr təbii olaraq, danışılmış qarşılaşma təəssüratı yaradır.
AZƏRBAYCAN FUTBOLUNDA YENİ QALMAQAL - Prokurorluq futbolçuları sorğu-sual edir
Qeyd edək ki, çempionatın debütantı olan “Xəzər” əsasən də 2-ci dövrədə ardıcıl qələbələr qazanaraq, yarışı 1-ci yerdə tamamlayıb. Əvəzində rəqiblərindən çox böyük xal fərqi ilə öndə olan “Qaradağ Lökbatan” klubu müəmmalı şəkildə ardıcıl olaraq, məğlub olub və çempionatı 3-cü yerdə başa vurub. Özü də bu proses “Qaradağ Lökbatan”ın çempion olsa belə, premyer-liqada oynamayacağı barədə xəbərdən sonra başlayıb. Bundan sonra “Xəzər” xüsusilə fəallaşıb. Komanda qış fasiləsini Türkiyədə təlim-məşq toplantısında keçirib ki, bu da 1-ci dəstə komandaları üçün maliyyə baxımından xarakterik hal deyil. Bəzi məlumatlara görə hətta klub çempionatın 2-ci dövrəsində yarım milyon manata yaxın vəsait xərcləyib. Ancaq sonradan məlum oldu ki, çempion olmasına rəğmən, “Xəzər” də yuxarı diviziona buraxılmır və Premyer-liqada “Sabah” klubu oynayacaq. Nəticədə komanda bütün səylərinə baxmayaraq, əsas hədəfinə, yəni yüksək liqada təmsil olunmağa nail ola bilmədi.

Hal-hazırda araşdırmaların davam etdirildiyi bildirilir və güman ki, bununla bağlı rəsmi açıqlama veriləcək.

Xatırladaq ki, AFFA rəhbərliyi dəfələrlə oyun alqı-satqısına bulaşmış klub və futbolçuların ən sərt formada cəzalandırılacağını bəyan edib. Onu da qeyd edək ki, beynəlxalq futbol qurumları da danışılmış oyunlarla bağlı olduqca ağır cəzalar kəsir və nəinki ayrı-ayrı klublara, belə pozuntuların baş verdiyi ölkələrə qarşı da ciddi sanksiyalar tətbiq edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.