Almaniya və Braziliya üçün tarixi gün

27-06-2018, 11:22           
Almaniya və Braziliya üçün tarixi gün
F və E qrupundakı son oyunlar dünya futbolunun iki əfsanə komandasını “pley-off”da rəqib edə bilər

Bu gün F və E qrupunda son turun oyunları keçiriləcək. Saat 18:00-da F qrupunda Cənubi Koreya – Almaniya və Meksika – İsveç qarşılaşması başlayacaq.

Saat 22:00-da isə E qrupunun iki cütlüyü- Serbiya – Braziliya, İsveçrə - Kosta-Rika oyunlarının da start fiti veriləcək.

Almaniya ya dəyişməli, ya da...

Dünya çempionu Almaniyanın yer aldığı F qrupunda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. Meksika hər iki oyunda qalib gələrək prinsipcə, “pley-off”a vəsiqəni təmin edib. Almaniyanın və İsveçin 3 xalı var. Cənubi Koreya isə hələ xal qazana bilməyib.

Almaniya İsveçlə oyunun əlavə olunmuş dəqiqələrində çox mühüm olan 3 xalı qazandı. Bu gün onlar qrupun autsayderi ilə oynayırlar və qələbə qazanmaq şansları daha çoxdur. İsveç isə gözəl oyun nümayiş etdirən Meksika ilə görüşdə qələbə qazanmalıdır. Ancaq bu qələbə həm də böyük top fərqi ilə olmalıdır. Çünki Almaniya ilə 6 xalları olarsa həm top fərqinə, həm aralarında olan oyunun nəticəsi əsas götürüləcək. Elə Almaniya da riskləri gözə almalı və buğun asiyalıların qapısından daha çox top vurmağa çalışmalıdırlar.

Almaniya ötən saylarımızda da yazdığımız kimi, dünya çempionuna layiq oyun nümayiş etdirmir. Yalnız alman xarakteri sayəsində İsveçlə oyunda əvvəl buraxılmış qolun əvəzini çıxdılar, azlıqda qalmalarına baxmayaraq, son saniyələrdə Kroosun sayəsində qələbə topunu vurdular. Almaniya millisi əgər oyununda dönüş etməzsə, “pley-off”da mümkün rəqibləri (Braziliya, İsveç və ya Serbiya) ilə daha çətin olacaq.

Almaniyada ilk baxışdan hər şey qaydasında görünür. Amma bu ortabab komanda baxışından belədir. Almaniya ortabab komanda kimi yaxşıdır, amma dünya çempionu kimi pis oynayır. Ona görə Almaniya nə edəcək, nələri dəyişəcək bilmirəm, ya ortabab komanda kimi növbəti mərhələlərdə evə dönəcək, ya adına layiq oyun üslubunu tapıb şansını finala daşıyacaq. Almaniyaya azarkeşlik etsəm də, gerçəklik budur.


Cənubi Koreya və Almaniya iki dəfə mundiallarda qarşılaşıblar. Almaniya 1994-cü ildə qrup mərhələsində Cənubi Koreyaya 3:2 hesabı ilə qalib gəlib. 2002-ci ilin yarımfinalında onlar yenidən qarşı-qarşıya gəliblər. Almaniya yenə 1:0 üstün olub. 2004-cü ildə isə Seulda keçirilən yoldaşlıq görüşündə asiyalılar 3:1 hesabı ilə qalib gəlib.

Cənubi Koreya 2002-ci ildə ölkəsində keçirilən(həmin mundiala həm də Yaponiya ev sahibliyi edirdi) dünya çempionatındakı yarımfinal həyəcanını təkrar edəcək durumda deyil. Qrupda keçirilən iki görüşdə minimal hesabla məğlub olan asiyalıların təbii ki, xüsusi iddiası yoxdur. Amma onların Almaniyaya qarşı oynamaq təcrübəsi var. Almaniyanın heyətində müdafiəçi Jerom Boatenqin qırmızı kart səbəbindən bugünkü oyunda iştirak etməməsi komanda üçün ciddi itkidir. Boatenq təkcə müdafiəçi funksiyasını yerinə yetirmirdi. Son qarşılaşmada oyunu o başlayıb, yarımmüdafiədə, hətta hücumdakı taktiki planda fəal iştirak edirdi.

Meksikaya 1 xal lazımdır, İsveçə isə 3 xal da yetməyə bilər...

Meksika 6 xalla liderdir və bu gün 1 xal qazansa, qrupda heç bir komanda ona çata bilməyəcək. İsveçə isə bu oyunda mütləq qələbə lazımdır.

Bu komandalar indiyədək 9 dəfə qarşılaşıblar. Onların 4-də İsveç, 2 oyunda isə Cənubi Amerika təmsilçiləri qalib gəlib. 3 oyunda isə bərabərlik qeydə alınıb. Sonuncu dəfə bu komandaların qarşılaşması 2009-cu ildə yoldaşlıq görüşü çərçivəsində olub. Həmin oyunda Avropa təmsilçiləri minimal hesabla(1:0) qalib olublar.

İsveçin müdafiə futboluna daha meylli olduğu məlumdur, bu isə həmişə effektli nəticə vermir. Almaniya ilə oyunda isə komandanın fiziki hazırlığının aşağı səviyyədə olduğu diqqət çəkdi. İkinci hissədə tam müdafiədə oynamaq təkcə bərabərlik hesabını qorumaq üçün deyildi. Komanda tez yoruldu və Almaniya daha çox bundan istifadə etdi. Meksika isə Almaniyadan da sürətli və texnikalı oyun nümayiş etdirir. İsveçin belə oyun taktikası ilə Meksikaya qalib gəlməsi problemli görünür.


Serbiya, Braziliya, yoxsa İsveçrə?

F qrupun iki komandasının hansı cütlüklə oynayacağı isə saat 22:00-da başlayacaq oyunların sonunda bilinəcək. E qrupunda Serbiya – Braziliya, İsveçrə - Kosta-Rika oyunları da “pley-off”a vəsiqə qazanacaq iki komandanın adını müəyyən edəcək.

Bu qrupda Braziliya və İsveçrənin 4 xalı var. Serbiyanın 3 xalı var. Kosta-Rika isə xalsız qalaraq bütün şanslarını itirib.

Serbiya İsveçrə ilə oyunda əvvəl qələbəni, son dəqiqədə isə heç-heçəni əldə verməsəydi, bugünkü turnir vəziyyəti tam fərqli ola bilərdi.


İsveçrə ilə qarşılaşmada artıq altıncı dəqiqədə Aleksandr Mitroviçin qolu ilə serblər önə çıxdı. İkinci hissədə isə Qranit Caka və Şerdan Şakiri iki top vuraraq komandalarına çox vacib qələbə qazandırdılar.

Serbiya bugünkü oyunda Braziliya qalib gəlməlidir. Heç-heçə hətta İsveçrə Kosta-Rikaya məğlub olarsa, onlara sərf etmir. Heç-heçə Braziliya üçün riskli deyil. İsveçrə Kosta-Rikaya qalib gələcəkləri halda 7 xalla qrup lideri olacaqlar. Braziliya isə heç-heçə halında 5 xalla qrup ikincisi olur. Qrup ikincisi olmaq isə nəzəri olaraq “pley-off”da Meksika ilə qarşılaşma deməkdir. Braziliya Serbiyanı udarsa, qrup da lideri ola bilər. Bu halda rəqib nəzərə olaraq Almaniya olacaq. Braziliya da, İsveçrə də heç-heçə oynasa, bu halda vurulan və buraxılan toplar qrup liderini müəyyənləşdirəcək...

Məlumatlara görə, Braziliya millisi Serbiya ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq. Bildirilir ki, müdafiəçi Danilo və yarımmüdafiəçi Duqlas Kosta zədə səbəbindən bu vacib qarşılaşmanı buraxacaq. Kosta ötən tur Kosta-Rika ilə oyunda əzələsindən zədə alıb. Analoji zədədən əziyyət çəkən Danilo isə Kosta-Rika ilə oyunu da buraxmışdı. Onun Serbiya ilə matda da meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Braziliya və Serbiya cəmi bir dəfə qarşılaşıblar. 2014-cü ildə yoldaşlıq görüşündə Braziliya rəqiblərinə 1:0 hesabı ilə qalib gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.