Özünü öldürmək istədi, güllə 37 illik ömür-gün yoldaşına dəydi
17-12-2015, 13:18
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını odlu silahla qətlə yetirməkdə ittiham edilən 1949-cu il təvəllüdlü İsgəndər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.
Bugünkü prosesdə zərərçəkənlərin və təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. Proses sabah şahid ifadələri ilə davam etdiriləcək.
Qətl hadisəsi bu il aprelin 20-də saat 09 radələrində Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində İsgəndər Məmmədova məxsus evdə baş verib.
I qrup əlil olan İ.Məmmədov ailə münaqişəsi zəminində “Toz-34” markalı, 12 çaplı qoşalülə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1956-cı il təvəllüdlü Heyran Məmmədovanı qətlə yetirib.
İlkin məlumatda İ.Məmmədovun intihara cəhd edərkən həyat yoldaşının ona mane olduğu, bu zaman atəş açıldığı və qadının aldığı güllə yarasından öldüyü bildirilib.
Törətdiyi cinayət əməlinə görə İ.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən İ.Məmmədov ifadəsində uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyini, bu cür yaşamaqdan bezdiyi üçün özünü öldürmək istədiyini göstərib: “Səhər tezdən Heyran həyətdən içəri girib dedi ki, analizlərin cavabı çıxıb, həkim deyir ki, böyrəyində və ürəyində qüsurlar var, belə olan halda anju elətdirmək olmaz. Artıq əməliyyat oluna bilməyəcəyimi düşünüb bu cür yaşamaqdan bezdiyim üçün özümü öldürmək qərarına gəldim. Pilləkənin altında saxladığım tüfəngi çıxarıb alnıma tutmaq istəyərkən Heyran tüfəngin lüləsindən tutub dartdı. Həmin anda barmağım tətiyə dəydi, atəş açıldı, güllə Heyranın başına dəydi, üzü üstəyerə yıxıldı. Aramızda heç bir mübahisə olmamışdı. Həyat yoldaşımı qəsdən deyil, ehtiyatsızlıqdan vurmuşam”.
Zərərçəkmiş şəxs qismində dindirilən Tərlan Əsgərova ifadəsində bacısı Heyranla İsgəndəri 37 il bir yerdə yaşadıqlarını, birgə nikahdan iki övladlarının olduğunu göstərib: “Əslən Qərbi Azərbaycanın Masis rayonundanıq. İsgəndərlə eyni kənddənik, uşaqlıqdan bir-birimizi tanıyırıq. Heyran mənim kiçik bacımdır, xarici dil müəlliməsi idi, məlum hadisələrdən sonra Bakıya köçdük. Uşaqları körpə olduğuna görə bacım işləmədi. İsgəndər özü bir müddət gömrükdə işlədi. Sonradan sahibkarlıqla məşğul olurdu. Övladlarına ali təhsil vermişdilər, evləndirmişdilər, hər iki oğlu ayrı yaşayırdı. Bacım çox mehriban, ailəcanlı bir qadın idi. İsgəndər özü də el-oba arasında böyük hörmətə malik bir insan olub. 2014-c üildə şəkər xəstəliyi ilə əlaqədar sol ayağı kəsildiyindən özünə gəlmirdi, heç cür bu vəziyyəti qəbul etmirdi”.
Zərərçəkmiş ifadəsində göstərib ki, şəkər xəstəliyindən başqa İ.Məmmədovun ürəyində, böyrəklərində də problemlər yarandığından dəfələrlə müalicə olunub: “Son günlərdə ürəyində olan stend sıradan çıxdığı üçün ürək fəaliyyəti də yaxşı deyildi, tez-tez süni nəfəs aparatından istifadə edirdi. Ümumi vəziyyəti yaxşı olmadığına görə yenidən əməliyyat etdirmək mümkün deyildi. Ona görə də ümidini tam itirmişdi, yataq xəstəsi olduğundan əsəbləri korlanmışdı. Ayağı kəsiləndən sonra daim evdə olurdu, bacım ona qulluq edirdi. İsgəndərlə bacımın arasında heç vaxt ciddi narazılıq olmayıb.
Hadisə baş verən gün qardaşım oğlu zəng vurub İsgəndərin vəziyyətinin ağırlaşdığını dedi. İsgəndər üç-dörd gün olardı ki, xəstəxanadan çıxmışdı. Narahat olub bacımgilə getdim. Evlərinin qarşısına çatanda çoxlu polis əməkdaşlarının olduğunu gördüm. Sonradan məlum oldu ki, İsgəndər özünü vurmaq istəyəndə Heyran ona mane olmağa çalışıb, güllə bacıma dəyib”.