"Bu günə qədər "Şöhrət ordeni ilə təltif olunanların içində Hüseynqulu Bağırov qədər bu mükafata layiqlisini görmədim"

17-12-2015, 15:31           
"Bu günə qədər "Şöhrət ordeni ilə təltif olunanların içində Hüseynqulu Bağırov qədər bu mükafata layiqlisini görmədim"
Nazirlər Kabinetinin üzvlərinə münasibətim bəllidir. Bununla belə ədalət naminə qeyd etməliyəm ki, bu günkü şəraitdə öz davranışı, intellekti və iş bacarığı ilə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov öz həmkarlarından müsbət mənada fərqlənir. H.Bağırovun "Şöhrət" ordeni ilə təltif olunması barədə məlumatlara olan şərhlərdə "bu gün hakimiyyətdə olanların heç bir müsbət işi qeyd olunmamalıdır" fikri, mənim təriflədiyim məmurun bundan ziyan çəkəcəyini bilsəm də bu statusu yazmağa vadar etdi.

Ənənəvi müxalifətlə aramda olan ən prinsipial narazılıq da məhz bu yanaşmaya görə olmuşdu. Hakimiyyət təmsilçiləri tərəfindən atılan istənilən müsbət addımın qeyd olunmasının tərəfdarı olmuşam və olacam. Respublikada ekoloji vəziyyətin heç də ürəkaçan durumda olması fikrində deyiləm və fəaliyyətimin böyük bir hissəsini buna sərf etmişəm. Bununla belə qeyd edirəm ki, əgər Hüseynqulu Bağırovun yerinə Cahangir Əsgərov, Ziya Məmmədov və ya başqası olsa əminəm ki, vəziyyət dəfələrlə pis olardı. Bu günə qədər "Şöhrət ordeni ilə təltif olunanların içində H.Bağırov qədər bu mükafata layiqlisini görmədim. Elə sosial şəbəkədəki bir çox yazılarda da bu fikrimi çoxlu sayda bölüşənləri gördüm. Ölkədəki acınacaqlı durum ölkə rəhbərliyinin kadr məsələsində ciddi fikirləşməsini, ictimai rəyi nəzərə almasını, ölkədə aparıcı fiqurların Eldar Mahmudov, Ziya Məmmədov kimilərin yox, heç olmasa Hüseynqulu Bağırov kimilərin olmasını tələb edir.
Hüseynqulu müəllim, Sizi təbrik edir və yaşıllığın düşmənlərinə, xüsusən oliqarx məmurlara qarşı daha qətiyyətli olmanızı arzulayıram.

Aslan İsmayılov, tanınmış hüquqşünas












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.