Rektorun qızını döyən qardaşlardan - Şikayət
17-12-2015, 20:48
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarının işindən şikayət edilib.
Teleqraf.com xəbər verir ki, Baş Prokurorluq Məmmədov qardaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı kasasiya protesti verib. Prokurorluğun protesti baxılması üçün Ali Məhkəməyə göndərilib.
İş hakim Gülzar Rzayevanın icraatına verilib. Hələ ki məhkəmənin ilkin baxış iclasının vaxtı təyin edilməyib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.
Həmin hökmdən narazı qalan Baş Prokurorluq onların cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Zaur və Elin Məmmədov isə barələrində bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti veriblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarlı ilə Baş Prokurorluğun Məmmədov qardaşlarının həbs edilməsi ilə bağlı verdiyi apelyasiya protesti təmin edilməyib.
Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.