Azərbaycanda benzinin qiyməti enir?
18-12-2015, 00:33
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda yanacağın qiymətinin enməməsinin əsas səbəbi ölkəmizdə benzinin qiymətinin tənzimlənən qiymətlərə aid olmasıdır. Bunu İnterAz-a iqtisadçı ekspert Vüqar Bayramlı söyləyib. Onun sözlərinə görə, Azərbaycanda yanacağın ucuzlaşması üçün vergilər azaldılmalıdır.
“Nəzərə alaq ki, hazırda neft məhsullarının satışından büdcəyə daxilolmalar var. Benzinin xərci neftin qiymətindən baha olsa da indiki məqamda yanacağın ucuzlaşması vergilərin azaldılması deməkdir. Çünki, benzinin qiymətinin əsas hissəsini vergilər təşkil edir. Vergilərin azalması isə dövlət büdcəsinə daha az vəsaitin cəlbi deməkdir. Bu baxımdan neftin qiymətinə uyğun olaraq benzinin qiymətinin tənzimlənməsini istəyiriksə neftin dünya bazarında qiyməti aşağı olan zaman vergilər də azalmalıdır”-ekspert əlavə edib.
Vüqar Bayramlının sözlərinə görə, yanacağın qiymətinin aşağı salınması ilə bağlı Dövlət Neft Şirkəti deyil, Tarif Şurası qərar verir. Çünki benzin tənzimlənən qiymətlər sırasındadır. Tarif Şurası istənilən zaman benzinin qiymətinin ucuzlaşması ilə bağlı qərar verə bilər. Amma indiki məqamda bu real görünmür. Çünki nəticə etibarilə büdcəyə daxilolmaların azalmasından söhbət gedir.