Şəhərin mərkəzində 4 obyekti bağlanan sahibkar dərdini DANIŞDI
18-12-2015, 16:08
Son aylar Bakıda bir sıra dükan və ticarət mərkəzləri qapadılır. Şəhərin kənarında yerləşən obyektlərlə yanaşı, artıq paytaxtın mərkəzində yerləşən və həmişə çoxlu sayda müştəriləri olan kafe və mağazaların bir neçəsi artıq işləmir.
Nizami küçəsində qapadılan obyektlərdən birində ofisiant kimi işləyən, hazırda işsiz qalan Bakı sakini hafta.az-a açıqlama verərək bildirdi ki, baş verənlərə səbəb müştərilərin azalmasıdır:
“Mən keçən ildən Cafe Centralda ofisiant kimi işləyirdim. Müştərilərlə bağlı heç bir problem yaşamırdıq. Son aylar demək olar ki, gələnlərin sayı yarıya qədər azaldı. “Çayevoy” pulumuzda da azalma müşahidə olunub. Mən uzun müddətdir ki, ofisiant işi ilə məşğul oluram. Hazırda peşəmə uyğun iş tapmaqda çətinliklərlə üzləşməkdəyəm”.
Əməkdaşımız obyekt ətrafında gəzişən Bakı sakinləri ilə də həmsöhbət oldu. Bakı sakini Quliyev Nailin sözlərinə görə, o, Nizami (keçmiş Torqovı) küçəsində yaşayır. Əvvəllər Cafe Central, Violeta kafelərinə hərdən baş çəkirmiş:
“Mən özüm burada yaxınlıqda qalıram. Keçmiş Azərbaycan Kinoteatrına paralel olan küçədə birdən-birə 3 obyekt bağlandı. Əvvəl buraların müştəriləri çox olardı. Son zamanlar isə müştəri sayında azalma müşahidə olunmağa başlandı. Mənim özüm də bu kafelərin müştərisi olmuşam”.
Hafta.az-ın əməkdaşı kafenin rəhbərliyi ilə əlaqə saxlayaraq obyektlərin bağlanma səbəblərinə aydınlıq gətirməyə çalışdı. Obyekt rəhbərliyinin sözlərinə görə, kafelərin bağlanmasına səbəb yanğındır:
“Qeyd olunan binanın birinci mərtəbəsində bizim bir neçə obyektimiz var. Onları bölüb, hissələrlə icarəyə vermişdik. Amma icarədar binada yanğın törətdiyinə görə, onları kafedən çıxartdıq. Hazırda obyektlərimizi icarəyə çıxarmışıq. 153 kvadratmetr olan Cafe Centralın bir aylıq icarə haqqı 12 min manatdır”.
İcarəyə çıxarılan digər obyekt isə Bakı Bulvarı ilə kəsişən küçədə yerləşir. Əvvəllər bahalı brend paltarlarının satışı ilə məşğul olan dükan bir ilə yaxındır ki, fəaliyyətini dondurub.