İsmayıllı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı iclas keçirdildi

26-02-2016, 21:51           
İsmayıllı rayonunda 2015-ci  ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı iclas keçirdildi
teref.az - İsmayıllı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı iclas keçirdildi.
İclasda İsra Hakimiyyətinin başçısı M. Sadıqovun məruzəsini ixtisarla sizə təqdim edirik:
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları
və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı
Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun

M Ə R U Z Ə S İ

Hörmətli tədbir iştirakçıları!
Əziz qonaqlar!
Başa vurduğumuz 2015-ci ildə də həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan yeni dövrün tələblərinə cavab verən kompleks inkişafını davam etdirməklə bir sıra uğurlara imza atmışdır.
Dünyada baş verən çox mürəkkəb və qlobal hadisələr, krizislər, münaqişələr,iqtisadi böhran fonunda düşünülmüş və çevik siyasi kurs sayəsində ölkəmiz mürəkkəb, qlobal proseslərin təsirindən məharətlə qorunmuş, dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Ölkədə iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, layihələr icra edilmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü addımlar atılmışdır.
Milli maraqlarımıza, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, respublikamızın müstəqil, uğurlu xarici siyasət kursu 2015-ci ildə də layiqincə davam etdirilmişdir. İqtisadiyyatın inkişaf dinamikası, nəzərdə tutulan iqtisadi və sosial proqramların icrası, iri transmilli enerji və nəqliyyat layihlərinin reallaşması davam etdirilmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
2015-ci ildə Azərbaycan müxtəlif əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. İyunun 12-də möhtəşəm rəsmi açılış mərasimi ilə başlanan “Bakı-2015”- I Avropa Oyunları biri-birindən maraqlı, gərgin mübarizələr, xoş təəssüratlar və həyəcanla dolu günlərlə yadda qaldı. Azərbaycan öz adını Avropa Olimpiya hərəkatının tarixinə yazdı. 17 gün ərzində davam edən 50 ölkənin 6000-dən çox idmançısının iştirak etdiyi, 28 min xarici turistin izlədiyi I Avropa Oyunları ölkəmiz üçün iqtisadi baxımdan da çox böyük əhəmiyyət daşıdı.Respublikamıza iqtisadi maraqlar artdı. Azərbaycan idman ölkəsi olmasını nümayiş etdirdi, ilk Avropa oyunlarının qaliblərindən biri oldu. İdmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc medala sahiblənərək ikinci oldular.Möhtərəm Prezidentimizin I Avropa Oyunlarının rəmzi olan, qədim Atəşgah məbədində alovlandırdığı məşəl mayın 26-da İsmayıllı şəhərinə də gətirildi. Məşəlin izdihamlı qarşılanma mərasimi oldu.
Ötən ildə də Azərbaycanda insan haqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini tapdı.Bakıda keçirilən Beynəlxalq Humanitar Forumlar, İslam ölkələrinin beynəlxalq konfransları, müxtəlif məzmunlu sessiya və görüşlər tolerantlığın, multikulturalizmin, dini dözümlülüyün, etnik və mədəni özünüdərkin, azadlıq və bərabərlik kimi dəyərlərin Azərbaycanda mövcudluğunu bir daha təsdiq etdi.
Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formada uğurlu xarici siyasət aparır.Keçən il həm qonşu, həm də Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün böyük işlər görülmüşdür. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan sadəcə danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Bu ölkə sülh istəmir, danışıqlar prosesini uzatmaqla vaxt qazanmaq yolunu tutmuşdur.Statuş-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir. Hökümətin ciddi səylərinə, vasitəçilərin, Minsk qrupu həmsədrlərinin təşəbbüslərinə baxmayaraq, məsələ öz həllini tapmır. Bütün bunlarla yanaşı, Azərbaycan öz mövqeyini ciddi cəhdlə müdafiə edir. İnanırıq ki, bizim ərazi bütövlüyümüz gec-tezbərpa olunacaqdır, işğalçı dövlət öz yerində oturdulacaqdır.Çünki bu bizim haqq işimizdir.
2015-ci ildə dünyada iqtisadi və siyasi böhran daha da dərinləşdi. Yaxın Şərqdə,İraqda, Suriyada, Liviyada münaqişələr, qanlı toqquşmalar, müharibələr davam edir. Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən qaçqın və köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir.Onlar ağır vəziyyətə düşür, həlak olurlar.Bütün bunlar Azərbaycan xalqını narahat edir.Çünki biz bu hadisələri yaşamışıq. Məlum hadisələr nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdür. İndi isə müharibələrə məruz qalan insanlar Avropaya sığınacaq tapmaq, canlarını qurtarmaq üçün pənah gətirirlər. Avropada isə radikal qüvvələr,islamafobiya meyllərinin güclənməsi onlar üçün çox təhlükəli bir şərait yaradır.Həmçinin Türkiyə-Rusiya, İran –Səudiyyə Ərəbistanı münasibətləri də bizi ciddi narahat edir.Çünki bu ölkələrin hər biri bizə yaxın dost ölkələrdir.
Bütün bunlara baxmayaraq,Azərbaycan iqtisadiyyatının artım tempi bizi sevindirir. 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Sərmayələrin yarıya qədəri xarici sərmayələrdir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını qoruyub saxlayır.
Keçən ildə bütün sosial proqramlar uğurla icra edilmiş 60-a yaxın tibb müəssisəsi,20-dən çox məktəb tikilib təmir edilmişdir. Ölkədə yeni sənaye müəssisələri, yüz mindən çox iş yeri açılmışdır ki, bunun da 84 mini daimi iş yeridir.
Beynəlxalq TANAP layihəsinin inşasına başlanmışdır.
İndiki şəraitdə bunu etmək nə qədər çətin olsa belə pensiya və əmək haqlarının qaldırılması barədə müvafiq sərəncamlar imzalandı.
2015-ci il İsmayıllı rayonu üçün də uğurlu, yaddaqalan il oldu. Müxtəlif çətinliklərə baxmayaraq, rayonumuz iqtisadi, sosial, mədəni baxımdan tərəqqi edən ölkəmizin sürətli inkişafında fəal iştirak etdi.
2015-ci ildə rayon ərazisində aparılan tikinti işlərinə nəzarəti gücləndirmək, görülən işlərin kefiyyətini artırmaq və baş planların tələblərinə uyğunluğunu təmin etmək üçün bir sıra tədbirlər görülmüşdür. Yola saldığımız ilin ilk rübündə dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmiş, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar hazırlanıb icrası təmin olunmuşdur.
Çıxış edən İcra başçısı Mirdamət Sadıqov 2015-ci il ərzində rayonda görülən işlər barədə məlumat vermiş.Rayonun müvəffəqiyyətlərindən danışmışdır. icra başçısı Prezidentin onların qarşısında qoyduğu məslələri uğurla həll etdiklərini, 2016 - cı ildə bu uğurlrın davam edəcəyini əminliklə içtimaiyyətin qarşısında vurğulamışdır. Məruzəsinin axırında Mirdamət müəllim deyir:
-Nazirlər Kabinetində 2015-ci ilin sosial-iqtisadi yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Prezident yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə, yanvarın 26-da “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident bildirmişdir ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir.Buna baxmayaraq 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir. İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, Azərbaycan daha güclü dövlət olsun, xalqımız üçün daha yaxşı şərait yaransın.
Cənab Prezidentin bu çıxışı bizim üçün bir fəaliyyət proqramıdır. Bu il özəl sektorun, sahibkarlığın inkişafı üçün çox iş görməliyik. Rayonumuz dövlət dotasiyası hesabına yaşayıb inkişaf etməkdən imtina etməli, yerli şəraitə uyğun inkişaf istiqamətlərini müəyyənləşdirməliyik. Strateji sənaye sahələri, kənd təsərrüfatı, sənətkarlıq sahələri inkişaf etdirilməli, sahibkarlığa meydan verməli, yeni iş yerləri yaradılmalıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələ olmalıdır. Buna görə cari ildə rayonun inkişafına xüsusi təsir göstərən kənd təsərrüfatı sahəsinə daha böyük diqqət yetirəcəyik.
Rayonun 85 min əhalisinin 60 %-ə qədəri əmək qabiliyyəti olan insanlardır. İsmayıllı əhalisinin gələcəkdə işlə təmin olunması məqsədilə 2016-2020-ci illər və daha sonrakı dövrləri əhatə edən “Məşğulluq” konsepsiyasının hazırlanması başa çatmaq üzrədir.
Hörmətli yığıncaq iştirakçıları!
Möhtərəm Prezidentimizin hər bir bölgəyə göstərdiyi diqqət və qayğı bizi bir amal ətrafında daha sıx birləşməyə, rayonumuzun, bütövlükdə ölkəmizin inkişafına öz töhfələrimizi verməyə, daha yaxşı işləməyə ruhlandırır.
İsmayıllı ictimaiyyəti cənab Prezidentin səmimiyyətini, xalqa, vətənə layiqli xidmətini həmişə yüksək dəyərləndirir.Davamlı olaraq apardığı sosial-iqtisadi inkişaf strategiyasını öz həyatında, gündəlik yaşam tərzində hiss edir,onun liderlik gücünə inam bəsləyərək rahat, azad və xoşbəxt bir həyat sürür.
2016-cı ildə qarşımızda daha böyük və məsul vəzifələr, Azərbaycanın uğurlu inkişafı və xoşbəxt gələcəyi naminə yerinə yetiriləsi vacib olan çox böyük işlər durur.
Müəyyən edilmiş möhtəşəm vəzifələrin həyata keçirilməsində hamımıza uğurlar arzulayıram.
Diqqətinizə görə çox sağ olun.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı: Mirdaməd Sadıqov
Bununla İsmayıllı Rayon İcra Hakimiyyətinin 2015- ci ilin yekunları ilə bağlı və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında məruzəsi sona yetmişdir. Rayon içtimaiyyəti məruzəni alqışlarla qarşılamış və gələcək planlara uğurlar arzulamışdırlar.
teref.az





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.