“Müstəqil Azərbaycan - 25 il” - Ana Vətən Partiyasından bayram təbriki...

18-10-2016, 15:48           
“Müstəqil Azərbaycan - 25 il” - Ana Vətən Partiyasından bayram təbriki...
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq və özünün müstəqil dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Tale elə gətirdi ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə öz suverenliyini əldə etmək və müstəqil dövlətini qurmaq imkanı qazandı. İlk dəfə 1918-ci ildə müstəqilliyə nail olan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən cəmi 23 ay yaşaya bildi. 70 il sonra Sovet imperiyasının dağılması nəticəsində yaranan ikinci tarixi məqam Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu və tarixdə ikinci dəfə müstəqil Azərbaycan dövlətinin hüquqi əsasları qoyuldu.
Təəssüf ki, müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin böyük siyasi təcrübəyə malik olan ümumimilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu, dövlət müstəqilliyimiz qorunub saxlanıldı.
Bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Ölkə prezidenti cənab İlahm Əliyevin rəhbərliyi ilə müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. Artıq əminliklə demək olar ki, Azərbaycan nəinki regionda, hətta dünya dövlətləri arasında kifayət qədər önəmli mövqeyə malik olan müstəqil dövlətlər sırasındadır.
Ana Vətən Partiyası xalqımızı Dövlət Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə bir daha təbrik edir, dövlətimizə əbədilik, xalqımıza firavanlıq arzulayır.
Ana Vətən Partiyasının
Mətbuat Xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.