5 hakimə töhmət verildi - Nazir iclas keçirdi
13-07-2015, 23:05
Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə yüksək dövlət təltiflərinə layiq bilinmiş şəxslərə həmin təltiflərin təntənəli təqdimatı keçirilib.
Strateq.az xəbər verir ki, tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən islahatların müsbət nəticələrini qeyd edib.
Tədbirdə, həmçinin Şuranın fəaliyyət göstərdiyi 10 il ərzində dövlət başçısının tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərə toxunulub.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkədə 20-dək yeni, o cümlədən regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılıb, ilk dəfə olaraq inzibati ədliyyə institutu və yeddi bölgədə inzibati məhkəmələr təsis olunub, hakim ştatlarının sayı 2 dəfə məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakim üçün köməkçi ştatı müəyyən olunub.
Dövlət başçısının korrupsiya və digər neqativ halların aradan qaldırılması barədə tapşırıqları daim diqqət mərkəzində saxlanılıb, 200-dək hakim barədə intizam icraatı başlanılıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
O cümlədən Şuranın hazırkı iclasında 5 hakim barədə intizam icraatlarına baxılıb, insan haqlarının kobud pozulmasına, habelə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sahibxan Mirzəyevə, Faiq Qasımova, Camal Ramazanova, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova və hakimi Etibar Quliyevə töhmət verilib.