Məhərrəm ayında qurban kəsmək olarmı? – Hacı Şahin
19-09-2017, 09:52
İnsanlar ilin istənilən vaxtında qurban kəsə bilər.
Bu sözləri Axar.az-a Məhərrəm ayında qurban kəsilməsinin mümkün olub-olmaması barədə danışan Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, Məhərrəm ayı Məhəmməd peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır:
“Məhərrəmlikdə insanların qurban kəsməsinin heç bir eybi yoxdur. İnsanlar istənilən gün, o cümlədən də Məhərrəm ayında qurban kəsə bilər. Məhərrəmlik ayında ümumiyyətlə hər hansı vacib hökm verilmir. Məsələn, Ramazan ayının özünün vacib hökmləri var. Ancaq belə hökmlər Məhərrəm ayında yoxdur. Sadəcə olaraq, insanlar matəm ayı olduğuna görə bu ayda toy, şadlıq məclisləri etməkdən çəkinir, bunu mənəvi borc olaraq qiymətləndirirlər. Bunun özü də Məhərrəm ayının təqdim etdiyi bir öhdəlik deyil”.
Xatırladaq ki, Məhərrəm ayı sentyabrın 22-də başlayacaq. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.