Bakıdakı dəhşətli yanğından zərər çəkənlər piketə hazırlaşırlar

4-08-2015, 20:20           
Bakıdakı dəhşətli yanğından zərər çəkənlər piketə hazırlaşırlar
Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yaşayış binasında baş vermiş yanğından zərər çəkən bir qrup şəxs Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etməyə hazırlaşırlar.

Bu bərədə Modern.az saytına zərərçəkmişlərin özləri məlumat veriblər. Bu ilin 19 mayında baş vermiş dəhşətli yanğın hadisəsi zamanı həmin şəxslərə məxsus avtomobillər, qeyri-yaşayış sahələri və iş yerləri tamamilə və ya qismən yanaraq, sıradan çıxıb.

“Həmin yanğın hadisəsi zamanı bizə məxsus avtomobillər, qeyri-yaşayış sahələri və iş yerləri tamamilə və ya qismən yanıb. Nəticədə 12-dək ailəyə ciddi maddi ziyan dəyib. Bütün israrlı tələblərimizə və müraciətlərimizə baxmayaraq, hadisə ilə əlaqədar yaradılmış Dövlət Komissiyası hüquqlarımıza hörmət etmir, qurumun məsul şəxsləri bizi aldatmaqla məşğuldurlar”-deyə zərəçəkmişlərdən biri Zəmanət Daşdəmirov əməkdaşımıza bildirib. Onlar özlərinə dəymiş ziyana görə kompensasiya istəyirlər.
Avtomobilləri, qeyri-yaşayış sahələri və iş yerləri sıradan çıxan zərəçəkmişlər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanundan istifadə etməklə səslərinin yuxarı instansiyalara çatması üçün avqustun 10-da Nazirlər Kabinetinin binası qarşısında piket keçirmək istəyirlər. Piketin şüarı "Prezidentin sərəncamı yerinə yetirilsin!" olacaq.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.