Hacıbala Abutalıbovdan 5 ailəyə şad xəbər: Eyvanlar sökülməyəcək - FOTOLAR
21-08-2015, 20:40
Dünən Yasamal rayonunda, A.Ağayev küçəsində yerləşən 1 nömrəli binanın əlavə tikililərinin söküləcəyi ilə bağlı xəbər vermişdik. Söküntü işi şəxsən Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abytalıbovun göstərişinə əsasən həyata keçiriləcəkdi.
Bu barədə musavat.com-a bina sakinləri məlumat vermişdilər. Avqustun 20-də söküntünün olacağını deyən sakinlər söküntünün qanunsuz olduğunu və məsələsinin ictimailəşdirilməsini istəmişdilər. Söküntü işlərinin aparılacağı deyildiyi gün - avqustun 2-də 09:00-da İcra Hakimiyyətinin nümayəndələri ilə birgə biz də hadisə yerində olduq.
Sakinlər evlərini tərk etməyəcəklərini, əlavə tikilinin sənədlərinin olduğunu deyirdilər. Sakinlər əvvəlcə şikayətlərini bizə bildirdilər, tikililərin sənədlərini göstərdilər.
Qeyd edilən ünvanda yaşayan 5 ailə qonşuların razılığı və İcra Hakimiyyətinin icazəsi ilə binanın yan hissəsində əlavə tikili inşa etdiriblər. Lakin Hacıbala Abutalıbov bunun heç nəyi dəyişmədiyini, tikililərin söküləcəyini demişdi. Sakinlər isə tikililərin sökülmək əvəzinə binanın fasadına uyğun olaraq, üzlənməsini tələb edirdilər. Sakinlər həmçinin bu işin öz hesablarına görülməsini belə, təklif edirdilər.
5 ailənin üzvlərinin narazılığından sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov sakinləri elə binanın qarşısında dinləmək qərarına gəldi. İcra başçısı bu görüşün mətbuat işçilərinin iştirakı ilə olmasını istəmədi.
Sakinlərdən aldığımız məlumata görə, görüşdən sonra icra başçısı yaranan vəziyyətlə bağlı Hacıbala Abutalıbova məlumat verib. İcra başçısı tikililərin sənədinin olduğunu Hacıbala Abutalıbova məruzə edib.
Binaya baxış üçün Bakı şəhər İcra Hakimiyyətindən arxitektur da göndərilib. Gəlinən qərar binada olan 5 ailəyə məxsus tikilinin sökülməməsi olub. Əlavə tikililər binanın fasadına uyğun olaraq, üzlənəcək.
Qeyd edək ki, bu iş həmin 5 ailənin öz hesabına görüləcək. Artıq binanın yeni layihəsi sakinlərə təqdim olunub.