Şamaxıda sahibkarları kim incidir?

22-10-2015, 23:09           
Şamaxıda sahibkarları kim incidir?
DSMF-nin yerli şöbəsinin rəhbərliyi iş adamlarına problem yaradır Burda yaşanan neqativ hadisələr fondun sədri Elman Mehdiyevin diqqətindən kənarda qalıb Dövlət Sosial Müdafiə Fondu (DSMF) məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Fond öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli şəkildə həyata keçirir. Qeyd edək ki, DSMF-nin fəaliyyəti ilə bağlı təzadlı məqamlar üstünlük təşkil edir. Fondun sədri Elman Mehdiyevin yerli şöbələrdə istənilən səviyyədə islahatlar həyata keçirməməsi, o cümlədən şöbə müdirlərinə nəzarətin zəif olması ciddi fəsadların üzə çıxmasına səbəb olub. Tam əminliklə deyə bilərik ki, hazırda fondun əksər şəhər və rayon şöbələrində süründürməçilik halları hökm sürür. Müxtəlif məsələlərlə bağlı DSMF-nin şöbələrinə müraciət edən vətəndaşlar sənəd, yaxud digər bəhanələrlə incidilirlər. Bu baxımdan fondun Şamaxı rayon şöbəsinin də fəaliyyəti qənaətbəxş hesab olunmur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, şöbə müdiri Cəfərqulu Səlimovun fəaliyyətindəki nöqsanlar rayon sakinlərini narahat edir: "Son illər ərzində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Bunun nəticəsində ümummilli məhsulun həcmi artır, yeni-yeni investisiya qoyuluşları həyata keçirilir. Paralel olaraq infrastrukturlar formalaşdırılır, əldə edilmiş gəlirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilir. Bu məqsədlə əmək haqqı və pensiyaların silsiləli artımı həyata keçirilir. Sosial sığorta və pensiya sahəsinin də təkmilləşdirilməsi, müasirləşdirilməsi, dünya təcrübəsindən istifadə edilərək sivil, işlək, mütərəqqi bir sistemə çevrilməsi vətəndaşların sosial problemlərinin həllinin iqtisadi həyatımızın əsas göstəricilərinə çevrildiyi və sosial yönümlü bazar iqtisadiyyatının qurulduğu hazırkı şəraitdə mühüm tələblərdəndir.
Ölkə rəhbərliyi bu tip məsələlərə xüsusi diqqət ayırsa da, Şamaxıda qeyd olunan sahədə irəliləyiş nəzərə çarpmır. Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin fəaliyyətini uğurlu adlandırmaq olmaz. Çünki şöbə rəhbərliyi qarşıya qoyulan işlərin yüksək səviyyədə icra olunmasına təşəbbüs göstərmir. Şöbənin vəzifəli şəxsləri səlahiyyətlərini aşaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri, torpaq mülkiyyətçilərini səbəb olmaya-olmaya incidirlər. Ölkə başçısı deyir ki, sahibkarları incitmək olmaz. Amma şöbənin işçiləri öz bildiklərini edirlər. Bəzi hallarda sahibkarlar səbəbsiz yerə cərimələnirlər. Bunun yeganə səbəbi var. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan əksər iş adamları Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin rəhbərliyinin "tələb"lərini yerinə yetirmək istəmirlər. Əslində, düz edirlər. Fəaliyyəti qanuni olan sahibkar nəyə görə şöbənin işçilərinə nəysə verməlidir?". DSMF-nin Şamaxı şöbəsinin vəzifəli işçilərinin qurumu istədiyi kimi idarə edərək vətəndaşları daim süründürdüyünü deyən mənbə bildirdi ki, baş verən neqativ hadisələr fondun rəhbərliyinin diqqətindən kənarda qalıb: "Şöbə müdiri bu vəzifəyə təyin olunduğu gündən indiyə qədər qurumda problemlər və narazılıqlar azalmaq bilmir. Burda mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Maddi imkanlarına görə xeyli adamı arxada qoymağı bacaran müdir qanunvericiliyin tələblərinə əməl etmir. O, vətəndaşların pensiya müddətlərini nəyinsə qarşılığında uzatmaqla bərabər, həm də digər qazanc mənbələri tapıb. Bu mənbələr isə ona ayda xeyli miqdarda gəlir gətirir. Deyilənə görə, şöbə müdiri rayonda yerləşən müxtəlif şirkətlərin, müəssisə və idarələrin rəhbərləri ilə anlaşaraq rəsmi sənədlərdə həmin qurumlarda işləyən işçilərin sayını az göstərir. Bu azaltma təşkilat rəhbərlərini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu adam şöbənin pensiya sektoru müdiri ilə birlikdə qanunsuz işlər törədir. Şamaxıda bəzi şəxslər qanunsuz yolla pensiyaya çıxıb. Son bir ildə rayonda pensiyaya çıxmış şəxslərin siyahısı araşdırılsa, bəzi qaranlıq mətləblərə aydınlıq gətirilə bilər. Vətəndaşlar daha çox, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi problemlərlə üz-üzə qalıblar". Ümidvarıq ki, DSMF sədri Elman Mehdiyev fondun Şamaxı rayon şöbəsində yaşananlara diqqət ayıracaq və işinin öhdəsindən layiqincə gələ bilməyənlər cəzalandırılacaqlar.(gundelikbaki)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.