Tiflisin sabiq meri həbs olundu - 48 MILYONLUQ YEYİNTİ İDDİASI
11-02-2020, 00:17

Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava üç il iki ay müddətinə həbs olunub.
Bu barədə Gürcüstanın Ali Məhkəməsi qərar qəbul edib.
Sabiq mer 2009-2010-cu illərdə 48 milyon lari (təxminən 16 milyon dollar) vəsaitin israf edilməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilinib.
G.Uqulava məhkəmənin qərarını siyasi qərar adlandırıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarını Avropalı Gürcüstan Partiyasının ofisində gözləyəcəyini və həbsxanaya getməyə hazır olduğunu deyib.
Müxalifətçinin bu günün sonuna qədər həbs olunacağı gözlənilir.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi G.Uqulavanı 2015-ci ilin sentyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum edib. 2018-ci ilin fevralında məhkəmənin qərarı ilə müxalifətçi bir il üç ay müddətinə həbs edilib. Lakin o zaman G.Uqulava digər cinayət işi üzrə 1 il 3 ay 22 gün həbs cəzası çəkdiyindən həbsxanaya göndərilməyib.
Gürcüstanın Baş Prokurorluğu keçmiş merlə bağlı cinayət işini seçki islahatları tələbi ilə müxalifətin keçirdiyi etiraz aksiyalarından sonra bərpa edib./Report