Ard-arda üç intihar: "Niyə intihar etdin?" sualının TÜKÜRPƏDƏN CAVABI

28-01-2021, 11:11           
Ard-arda üç intihar: "Niyə intihar etdin?" sualının TÜKÜRPƏDƏN CAVABI
Vəfa Rəşidova: “İntihar pik nöqtədir, insan hayqırtısıdır”
İntihar müasir dövrün ən böyük sosial problemlərindən biridir. Təəssüflər olsun ki, günümüzdə bu problemin nə bir çarəsi tapılıb, nə də ki, intihar edənlərin sayı azalıb. Hər gün dünyada minlərlə insan obyektiv və subyektiv səbəblərdən öz həyatına son qoyur. Yaşadığımız cəmiyyətdə də intihar edənlərin sayı az deyil. Son bir həftə ərzində ard-arda üç intihar hadisəsinin baş verməsi həyəcan təbili çalmağa əsas verir. İntihar hallarının getdikcə adiləşməsi və cəmiyyətdə heç bir reaksiya doğurmaması, eləcə də ictimai qınağın olmaması özünə qəsd edənlərin sayını hər ötən gün daha da artırır.

Mövzu ilə bağlı KONKRET.az–a danışan psixoloq Vəfa Rəşidova bildirib ki, pandemiya dövrünün törətdiyi fəsadlar, eləcə də Vətən müharibəsindəki itkilər insanların psixologiyasına çox ciddi təsir göstərib. “Bəs nəyə görə, intihar hallarının sayı indi artdı?” sualına isə Vəfa Rəşidova belə cavab verib: “İntihar halları adətən travmadan sonrakı mərhələdən, yəni hər hansı bir hadisə baş verib bitdikdən sonra artır. Bu cür stress halı isə insana ən çox fəsadlar yaşadan təhlükəli bir mərhələdir. Ümumiyyətlə, bütün dövrlərdə, müharibələrdən sonra intiharların artdığı müşahidə olunub. Bunu müharibədən sonrakı yorğunluq da adlandırırlar”.

Psixoloqun sözlərinə görə, intihar hallarının çoxalmasında, pandemiyanın törətdiyi stresslərin payı da böyük oldu: “Lakin müharibə vaxtı insanların “birdən məğlub olarıq” düşüncəsi ilə yaşaması psixoloji gərginlikləri bir az da artırdı. Ancaq unutmaq lazım deyil ki, intihar heç zaman çıxış yolu olmayıb. İntihar pik nöqtədir, insan hayqırtısıdır. Odur ki, bu kimi halların kökündə illərin depressiyası dayanır. Cəmiyyətdə isə illərin depressiyası ilə yaşayan və bundan çıxış yolu axtarmayan insanların sayı olduqca çoxdur. Bununla yanaşı, ailədaxili münaqişələr, şiddət və digər sosial problemlər də intihara sürükləyən səbəblər arasında yer alır. Bir çox hallarda isə özünə qəsd etmək istəyən insan bununla bağlı yaxınlarını “Həyatdan bezmişəm”, “özümü öldürəcəm” kimi sözlərlə xəbərdar edir. Bu sözlərə önəm verilmədikdə isə sonluq faciə ilə nəticələnir. Bir insan intihar edirsə, burada ailə üzvləri çox böyük məsuliyyət daşıyır”.
Psixoloq insanları intihardan çəkindirməyin yollarından da danışıb. Vəfa Rəşidova qeyd edib ki, insanlar ilk növbədə bir-birilərinə və ailə üzvlərinə qarşı həssas yanaşmalıdırlar: “Ailədaxili şiddətdən birmənalı olaraq çəkinmək lazımdır. Passiv düşüncəli insanlar ən çox intihar edənlər kateqoriyasına aid olduqlarından bu cür şəxslərə mütəmadi məşğuliyyət sahələri tapmaq lazımdır. Ümumiyyətlə, intihara meylli olan insanlara ilk növbədə ailə üzvlərinin, daha sonra isə peşəkar mütəxəssisin köməyi vacibdir. Canına qıyan insana bunu niyə etdin sualını vermək imkanımız olsa, cavabında “İstəmirdim, lakin yoruldum və içimdəki hayqırtını ifadə etdim”, – deyəcək. Odur ki, bir-birimizə qarşı diqqətli olmalı və vaxtında dəyər verməliyik. Bu zaman intiharların sayı da azalacaq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.