FHN: “Əşşi, Bakıda istismar aktı olmayan minlərlə məskunlaşmış bina var”
23-05-2016, 20:29
Xalid Bağırov: “Ola bilsin, rüşvətdə razılaşa bilmirlər”
Bu ilin aprel ayından bəri, Qafqaznews.az saytı Masazırdakı “Yeni Bakı” yaşayış kompleksinin sakinlərinin şikayətlərini araşdırır və problemlərini işıqlandırıb həllinə çalışır.
Onlarla “Yeni Bakı” sakinləri tərəfindən imzalanaraq Qafqaz Xəbər Agentliyinə yönəldilən müraciətdə qeyd olunur ki, digər yaşayış massivlərində kommunal ödəniş hər kvadrat metrə 20 qəpik olduğu halda, “Yeni Bakı”da hər kvadrat metrə görə 40 qəpik aylıq ödəniş toplanılır. “Beləliklə, mənzillərdən külli miqdarda kommunal xidmət haqqı toplanılır, lakin yaradılan şərait heç də ürəkaçan deyil. Sadəcə lifti və həyətin təmizliyini bəhanə edərək, bu məbləğin yığılması haqsızlıqdır.
Təhlükəsizlik kameralarının da çoxu işləmir, bu yaxınlarda şəhərcikdə 2 oğurluq hadisəsi baş verdi, kameralardan görüntü ala bilmədilər. Nə üçünsə usta lazım olanda özümüz tapıb gətiririk, əgər məişət-kommunal problemlərini özümüz həll ediriksə, bu qədər yüksək kommunal ödəniş absurddur. Kommunal xidmətdən əlavə, biz qazpulu, işıqpulu və supulu da veririk. Onlar “Azərişıq”dan elektrik enerjisini ümumi alır, bizə isə nisbətən baha qiymətə satırlar. “Azərsu”ilə də vəziyyət belədir. İstəyirik ki, bu iş birbaşa olsun, hansısa problem yarandıqda birbaşa həmin qurumlardan haqqımızı tələb edək. Bizə hansısa mətbəədə çap etdirdikləri kağızlarda qəbz verirlər. Bunun isə adıkeçən qurumlarla heç bir əlaqəsi yoxdur. Onlar bizimlə bağladıqları müqaviləyə belə əməl etmirlər.
E.Yusifovun göstərişilə, kommunal ödənişi keçirməyən sakinlərin işıqlarını söndürülür.“Çıxıb görürük ki, elektrik şitlərini velosiped trosu ilə bağlayıb. Səbəbini soruşduqda deyir ki, kommunal ödənişi keçirin, sonra imkan verək. Ofisə gedib digər ödənişləri edəndə qəbul etmirlər ki, əvvəlcə kommunal xidmət haqqını keçirin. Ehtiram Yusifov sakinlərlə çox kobud danışır və hətta deyir ki, “mənim arxamda duranlar var, kimə şikayət edirsinizsə edin”.
Sakinlərin bildirdiyinə görə, Fövqəladə Hallar Nazirliyi “Yeni Bakı” yaşayış kompleksindəki binalara istismar aktı versə də, “İlin Dörd Fəsli” MMC sakinlərin mənzillərinə kupça alması üçün arayış vermir və müxtəlif bəhanələrlə uzadır: “Binalara qaz da çəkilib. Əgər istismar aktı yoxdursa, bunu necə ediblər? Onlara sərf edir ki, ayda 80-100 min manat pul yığsınlar, sakinləri özlərindən asılı vəziyyətdə saxlasınlar. Bu şəhərcikdə beş ilə qədər yaşayan sakinlər var ki, heç birinin kupça almasına imkan yaradılmır”.
Mayın 23-də araşdırmamızı davam etdirdik və kupça və istismar aktı məsələsinə aydınlıq gətirmək üçün, “İlin Dörd Fəsli” MMC-yə zəng etdik, ofis telefonuna cavab verilmədikdə isə saytdan götürdüyümüz mobil nömrə ilə əlaqə saxladıq.
Öyrənmək istəyirdik ki, sakinlər niyə kupça ala bilmirlər və bu yaşayış kompleksinin FHN-dən istismar aktı varmı? Zəngimizə cavab verən satış direktoru Altay Zeynalov bildirdi ki, hələ FHN tərəfindən təhvil-təslim aktı verilməyib.
“Bəs sakinlər orda necə yaşayır?” sualına isə Altay Zeynalov belə cavab verdi: “Onlar müqavilə ilə yaşayırlar. Təhvil-təslim aktı FHN-dən asılıdır. Hələ iş gedir”.
Şirkət nümayəndəsindən bu cavabı aldıqdan sonra, FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovla əlaqə saxladıq.
Maraqlıdır, istismar aktı olmadan, binanın yaşayışa yararlığı barədə FHN-in yekun rəyi olmadan məskunlaşmaya necə yol verilir? Hər hansı bir qəza baş verərsə, kim məsuliyyət daşıyır, hansı tədbirlər görüləcək?
FHN mətbuat xidməti rəhbəri Oqtay Bayramov Qafqaznews.az-ın suallarını belə cavablandırdı: “Əşşi, Bakıda minlərlə belə bina var. Bilirik, insanlar məskunlaşıb, yaşayırlar. Bizə həmin yaşayış kompleksi sakinlərinin adından rəsmi müraciət göndərin, araşdırıb cavab verək”.
Mətbuat nümayədəsi ilə məlumat bölüşmək istəməyən FHN nümayəndəsinin bu cavabı da bizə bəs etdi. Deməli, Bakıda minlərlə bu cür istismar aktı olmayan, məskulaşmış bina var və FHN də bundan xəbərdar olduğu halda, nazirlik tərəfindən heç bir tədbir görülmür? Yəqin ki, bu və digər suallara da məqalənin dərcindən sonra daha ətraflı cavab ala biləcəyik…
Hüquqşünas Xalid Bağırov Qafqaznews.az saytına bildirdi ki, müvafiq situasiyada FHN istismar aktı, şirkət isə maliyyə arayışı verməlidir.
Bakıda bir çox MTK-da vəziyyət belədir. Sakinlər yeni tikilən binalara köçüb yaşayırlar, amma illərlə kupça ala bilmirlər. Bu problem daha çox FHN-lə bağlıdır. Şirkət də birbaşa gedib istismar aktı almalıdır və sakinlərə arayış verməlidir. Yəqin ki, uzun müddət danışıqlar gedir. Bir çox səbəblər olur. Ya binada doğrudan da problem olur, ya da ola bilsin, rüşvətdə razılaşa bilmirlər”, – deyə Xalid Bağırov qeyd edib.
Hüquqşünas əlavə edib ki, qanuna görə, istismar aktı olmayan binalarda mənzil satışı qadağandır: “Lakin buna məhəl qoyulmur. Mənzillər satılır, insanlar da evə köçməyə tələsirlər”.
Müstəqil deputat, iqtisadçı ekspert Vahid Əhmədovun fikrincə, şirkət bu halda ciddi qanun pozuntusuna yol verib.скачанные файлы
“Bu cür şirkətlər birbaşa məsuliyyət daşıyırlar. İstismar aktı olmadan binanı məskunlaşmaya vermək qanunla qadağandır. Hər bir şirkət binanı tikəndən sonra müvafiq orqanların – qaz, işıq və su təchizatı ilə bağlı qurumların, eləcə də FHN-in rəyini almalıdır. Lakin bunu etmirlər. Əvvəl belə hallar çox olurdu, son zamanlar dövlət başçısının fərman və sərəncamları nəticəsində bu problemin miqyası azalıb. Əgər müvafiq qurumlar razılıq vermirsə, orda yaşamaq olmaz. Burda bürokratik məqamlar da ola bilər, lakin şirkətlərin üzərinə məsuliyyət düşür. Bina tikilmədən də mənzil satışı olur, lakin bu, onlara haqq vermir ki, tələblərə cavab verməyən bina tiksinlər. Təəssüf ki, insanlar ehtiyac üzündən belə binalara köçürlər, sonra isə sənədləşdirmə ilə problem yaşayırlar”, – deyə deputat vurğulayıb.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə düşünür ki, həm FHN, həm də “Azəriqaz, “Azərişıq” kimi dövlət qurumları da məsuliyyət daşıyır.
“İstismar aktı olmayan binaya qaz çəkilir, işıq verilirsə, sabah bir hadisə olduqda həmin qurumların da üzərinə məsuliyyət düşəcək. Şirkət isə, ümumiyyətlə, sakinləri binaya köçürməməlidir. Belə ki, sakinlərin də günahı var. Onlar şirkətdən haqlarını tələb etməlidirlər”, – deyə M.Qəhrəmanlı vurğulayıb.