Bakı Biznes Universitetinin lisenziyası ləğv edilir – ÖZƏL
24-05-2016, 08:42
Nazir Mikayıl Cabbarovun rektor İbad Abbasova qarşı münasibəti xeyli pisləşib
Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblərin demək olar ki, bir çoxunda müxtəlif problemlər mövcuddur. Bu barədə mətbuat səhifələrində dəfələrlə yazılıb, təhsil ekspertləri tərəfindən gərgin müzakirələr aparılıb. Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olur ki, özəl universitetlər yaranmağa başlayandan xeyli qüsurlar ortaya çıxıb və zaman-zaman təhsilin səviyyəsi, professor-müəllim heyəti və maddi-texniki bazaya görə sıradan çıxmağa başlayıb. Onların sırasında Naxçıvan Universiteti və Müstəqil Azərbaycan Universitetinin adını çəkmək olar. Həmçinin bir müddət əvvəl lisenziyası ləğv olunan Azərbaycan İctimai-Siyasi Universiteti özünün istiqaməti və niyyəti bəlli olmayan universitet idi. Bu universitetdə təhsilin keyfiyyətindən danışmaq belə mümkün deyildi. Araşdırmalar göstərir ki, hələ bir neçə özəl ali təhsil müəssisəsinin bağlanması vacibdir. Onlar sırasında Bakı Biznes Universitetinin adı xüsusi vurğulanır. Qeyd edək ki, bu universitetin lisenziyasının müddəti 2010-2011-ci tədris ilində 5 illiyinə artırılıb. Yəni builki qəbul imtahanları başa çatdıqdan sonra ali təhsil müəssisəsinin lisenziyasının vaxtı bitir. Özəl qaynaqlardan gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, Təhsil Nazirliyinin rəhbərliyi Bakı Biznes Universitetinin lisenziyasının müddətini uzatmaq haqda fikirləşmir. Buna səbəb isə sözügedən universitetdə təhsilin günün tələblərinə cavab verməməsi, kadr hazırlığındakı qüsurlar və keyfiyyətli təhsil sisteminə üstünlük verilməməsidir. Bakı Biznes Universitetinin lisenziyası ləğv edilir – ÖZƏL Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu universiteti bitirən gənclər həyatlarının sonrakı mərhələlərində uğur qazana bilmirlər, ən yaxşı halda hansısa tikinti şirkətində fəhlə kimi işləyirlər. Başqa sözlə desək, müxtəlif dövlət idarə və müəssisələrində Bakı Biznes Universitetinin diplomunu görüb işə düzəlmək istəyən şəxsə rədd cavabı verirlər. Bizə çatan məlumatlarda həmçinin bildirilir ki, universitetin rektoru İbad Abbasovun adının qanunsuz tələbə köçürmələri və imtahan zamanı pul yığımlarında hallandırılması Təhsil Nazirliyinin rəhbər şəxslərində, o cümlədən nazir Mikayıl Cabbarovda bu ali məktəbə qarşı mənfi fikir formalaşdırıb. Məlumata görə, daxili imtahanlara ali təhsil ocağının rektoru İbad Abbasov şəxsən nəzarət edir. Buna görə də BBU-da təhsilin səviyyəsi ildən-ilə aşağı düşür. Odur ki, nazirliyin rəhbər şəxsləri universitetin lisenziyasını artırmayaraq buranın bağlanmasına çalışırlar. Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
//Gundeli-baku.com