Bərdə rayon 21 saylı TSEK-də Rəfail Quliyev «qaydaları»...

24-05-2016, 09:21           

Komissiya sədri əlillik dərəcəsi almaq istəyən vətəndaşları rəsmən süründürür Ölkəmizdə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı hələ də bəzi problemlər mövcuddur. İnsaf naminə vurğulamaq lazımdır ki, nazir Səlim Müslümov tərəfindən bu sahədə şəffaflığın bərpa edilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam təməllər üzərində qurulması üçün müxtəlif tədbirlər görülüb. Bu tədbirlərin ən başlıcası isə nazirliyin tabeliyində olan bəzi sahələrin elektronlaşdırılmasıdır. Amma buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidinə aid olan bəzi qurumlarda ciddi problemlər mövcuddur. Belə ki, gundelik-baku.com saytının redaksiyasına nazirliyin Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Rəfail Quliyevlə bağlı ilginc məlumatlar daxil olub. Məlumatda qeyd olunur ki, vətəndaşlar komissiyaya düşmək üçün aylarla gözləməli olurlar: «O sağlıq durumunda heç bir problemi olmayan vətəndaşlara əlillik dərəcəsinin verilməsini təmin edir. Bərdə TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Onun rəhbəri olduğu komissiyada asanlıqla əlillik dərəcəsi almaq mümkündür. Belə ki, 1-ci, 2-ci və 3-cü qrup əlillik dərəcəsinin əldə olunması üçün sədrlə birbaşa ünsiyyətdə olmaq lazımdır. O nəyi necə etməyi vətəndaşlara başa salır. Əksər hallarda TSEK rəhbərliyi əmək qabiliyyətini itirən şəxsin haqqı olan əlillik dərəcəsini təyin etməkdən bilərəkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Saxta əlillik dərəcəsi almaq istəyənlərin tələbləri isə bir sıra yollara baş vurmaqla həll olunur. Rəfail Quliyev ekspertizadan keçən, xəstəliyi məlum olan və xəstəliyə görə pensiya müəyyənləşən insanları incidir. Həqiqi xəstələr qalıb bir yanda, burda bazar açıblar. Hazırda 1-ci qrup əlillik dərəcəsi alınması üçün sədrə 2500 dəfə «minnətçi» düşmək lazımdır. Tərtər və Bərdə rayonlarında hər kəs yaxşı bilir ki, TSEK-dəki komissiyadan keçib "müsbət" cavab almaq üçün Rəfail Quliyevlə razılıq əldə etməlisən». Əldə etdiyimiz məlumatlara görə, işini qeyri-şəffaf quran TSEK sədri məhz qanunsuz yollarla külli miqdarda gəlir əldə edir. Deyilənə görə, onun Bərdə rayonunda bir neçə mağazası, qoyunçuluq ferması, eləcə də Bakıda dəbdəbəli villası var. Bundan başqa Bərdənin çıxışında bu yaxınlarda tikintisinə başlanılan restoranın da TSEK sədrinə məxsus olduğu deyilir. Ümidvarıq ki, ƏƏSMN rəhbərliyi bu şəxslə bağlı tezliklə ölçü götürüb 21 saylı TSEK-də şəffaflığı bərqərar edəcəklər. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.