Göyçay Su-Kanal İdarəsinin müdiri camaatın cibinə girir
24-05-2016, 11:05
İlqar Mütəllibov evində ümumiyyətlə su xətti olmayan adamlara belə 200 manat borc yazıb
Bir qrup Göyçay rayon sakinləri Su-Kanal İdarəsinin müdiri İlqar Mütəllibovdan şikayətçi düşüblər. Bu barədə teref.az-ya yazan Teymur Qarayev, Yalçın Məmmədov, Paşa Alıyev və Azər Rəhimov qeyd edirlər ki, sözügedən idarənin müdiri rayon sakinlərini bezdirib.
Onlar bildirirlər ki, İlqar Mütəllibov saxta sənədlər hazırlayaraq, şişirdilmiş qiymətlər tətbiq etməklə əhalini soymaqla məşğuldur. «Bizi yaşadığımız evlərdə su olmadığı halda, debutor borc adıyla 200 manat pul yazılıb. Halbuki evimizdə heç bir zaman su olmayıb. Çünki suya maşınla alıb, istifadə etmişik».
Rayon sakinləri vurğulayırlar ki, İlqar Mütəllibovun əməlləri bununla bitmir və onun qeyri-qanuni hərəkətlərindən yüzlərlə göyçaylı əziyyət çəkir. Onlar yazırlar ki, Göyçay Su-Kanal İdarəsinin müdirinin əməlləri rayon məhkəməsinin qərarı ilə də sübut olunub. «İlqar Mütəllibov "Azəraqrartikinti" ASC-nin Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsindəki 6,2087 ha torpaq sahəsini özbaşına zəbt edib. Həmin yeri hasara aldırıb, bağ salaraq, tikinti işləri aparıb. Bununla əlaqədar, Göyçay Məhkəməsi 03 may 2016-cı il tarixli qərarı ilə təmir-tikinti-bərpa işərinin aparılmasına cavabdeh İlqar Mütəllibovun əraziyə daxil olmasına qadağa qoyub. Buna baxmayaraq, İlqar Mütəllibov məhkəmə qərarını qəsdən icra etməyərək, həmin əraziyə gedib tikinti işlərini davam etdirir. Göyçay Məhkəməsinin icraçıları isə ondan qorxduqları üçün yaxın düşə bilmirlər və qətnaməni icra etməyə gücləri çatmır».
Teymur Qarayev, Yalçın Məmmədov, Paşa Alıyev və Azər Rəhimov daha sonra teref.az-ya yazırlar ki, İlqar Mütəllibovun Göyçay Su-Kanal İdarəsinə müdir təyin edilməsi heç də təsadüfi olmayıb. Onların iddiasına görə, idarə rəisi «Azərsu»da ona himayədarlıq edən şəxsə 50 min manat pul verib. «Bu adam vəzifəsinə ticarət obyekti kimi baxır. Əgər yoxlama aparılarsa, daha dəhşətli faktların üzə çıxmasışübhəsizdir».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.