Məhkəmə Məhəmməd Kekalovu 4 ay müddətinə həbs edib

24-11-2023, 10:37           
Məhkəmə Məhəmməd Kekalovu 4 ay müddətinə həbs edib
Vəkil Rövşanə Rəhimova noyabrın 23-də Xətai rayon polis idarəsində ictimai fəal Məhəmməd Kekalovla görüşüb.

Vəkilin Turan agentliyinə verdiyi məlumata görə, görüş müstəntiqin iştirakı ilə baş tutub.

Eyni zamanda, Kekalov Rəhimovanın xidmətlərindən imtina edərək, artıq təyinatlı vəkilinin olduğunu söyləyib.

Kekalovun ailəsi tərəfindən müdafiəyə cəlb edilən Rəhimova fəala bir neçə vəkilin olmasına imkan verən hüquqlarını izah edib. Lakin Kekalov imtinasını təkrarlayıb. Eyni zamanda o, cinayət törətmədiyini qeyd edib.

Rəhimova müstəntiqdən Kekalovla təklikdə danışmağa icazə verməsini xahiş etsə də, rədd cavabı alıb.

Öz növbəsində, təyin olunmuş vəkil Sənan Əsədov Turan-ın müxbirinə təsdiqləyib ki, Kekalov ona qarşı irəli sürülən ittihamları qəti şəkildə qəbul etmir.

Vəkil Əsədov bildirib ki, noyabrın 23-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Kekalov noyabrın 20-də saxlanılıb və o vaxtdan yalnız bu gün fəalın ailəsi tərəfindən cəlb edilən vəkili Rəhimova onunla görüşə bilib.

Daxili İşlər Nazirliyi Kəkalovun “Abzas Media” rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızının işi üzrə saxlanıldığını bildirib. Hər üç şəxs qaçaqmalçılıqda ittiham olunur. Həsənli və Vaqifqızı ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib olunduqlarını bildiriblər. Bir çox beynəlxalq təşkilatlar onları dərhal azad etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru