"Reyxsburger"lərin evlərində axtarış aparılıb

8-06-2024, 15:54           
"Reyxsburger"lərin evlərində axtarış aparılıb
İstintaq sui-qəsdçilər qrupunu "Reyx vətəndaşları" kimi tanınan qondarma "Reyxsburger"lər kimi təsnif edir.
Almaniya hüquq-mühafizə orqanları çevriliş planlaşdıran və 2022-ci ilin dekabrında ifşa olunmuş terror qruplaşmasının tərəfdarları olduğu iddia edilən şəxslərin mənzillərində axtarışlar aparıb. Bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Əməliyyat fəaliyyətləri bir neçə regionda - Baden-Vürtemberq, Saksoniya, Şlezviq-Holşteyn ştatlarında aparılıb. "Der Spiegel" jurnalı yazır ki, hüquq-mühafizə orqanları sui-qəsdçilərin harada silah anbarı təşkil edə biləcəyini müəyyənləşdirməyə çalışırlar. Axtarışlarda 700-ə yaxın polis və prokuror iştirak edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Almaniyada dövlət çevrilişinə cəhdin qarşısının alındığı məlum olub. Təhlükəsizlik xidmətləri 50-dən çox şübhəlidən 25-ni saxlayıb. Əməliyyat respublika tarixində ən böyük əməliyyatlardan biri hesab edilir. Axtarışlar Almaniyanın 16 federal əyalətindən 11-də, 130-dan çox ev və mənzildə aparılıb. Eyni zamanda, sui-qəsdçilərin təşkilatı böyük və şaxələnmiş olub: onun tərkibinə knyazlıq sülalələrindən birinin varisi, siyasətçi, hərbi qulluqçular və Müdafiə Nazirliyinin xüsusi təyinatlı əsgərləri daxil olub.
İstintaq sui-qəsdçilər qrupunu "Reyx vətəndaşları" kimi tanınan qondarma "Reyxsburger"lər kimi təsnif edir. Bu hərəkat ötən əsrin 80-ci illərində Almaniyada yaranıb və hazırda onun təxminən 23 min tərəfdarı var. Onlar Almaniyanın 1937-ci il sərhədləri daxilində mövcud olmasına inanır, hazırkı hökuməti tanımır və ölkənin müharibədən sonrakı dövrdə olduğu kimi, müttəfiqlər tərəfindən işğal edildiyini bəyan edirlər. "Reyxsburqçular" tez-tez hərbi quruculuq işləri təşkil edir, qapalı toplantılar keçirirlər. Onlar öz sənədlərini çap edirlər, çünki alman hakimiyyət orqanları tərəfindən verilmiş sənədləri etibarsız hesab edirlər. Uzun müddət kəşfiyyat orqanları hərəkatın çox dağınıq və heç bir strukturu olmadığı üçün konstitusiya quruluşuna təhlükə yaratmadığına inanırdılar. Radikallaşma 2010-cu illərin ortalarında başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.