Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb - Hələ də on ilin yataq xəstəsinin sənədi TSEK-ə göndərilməyib
11-09-2024, 08:04
Ağsu rayonu, Pirhəsənli kənd sakini , 62 yaşlı Xasayev Samir Alxan oğlunun sağlamlıq durumu getdikcə ağırlaşır. On ildən də çox ağır şəkər, qan təzyiqi xəstəsinin iyul ayında qan təzyiqinin 300-ə, şəkərinin 600-ə qalxmasından , gözlərinin, nitqinin tutulmasından, əllərinin əsməsindən və bu duruma qiymət verilməməsindən ali dövlət hakimiyyəti, hüquq orqanlarına şikayətlərdən də 2 aydan çox keçir. Di gəl, hələ də xəstəni nə Ağsu RMX -nın ( rayon mərkəzi xəstəxanası) , nə də Şamaxı RMX-nın Həkim Məsləhət Komissiyası yoxlayıb. Xəstənin ailə üzvlərinin bildirdiyinə görə, kritik durumdan yalnız bir ay sonra Ağsu RMX təcili yardım maşınında xəstəni yoluxmağa FELDŞER (?) göndərib. Feldşer də böyrək, ürək ..fəsadlarından qıçları şişən xəstəyə nəsə iynə vurub , o gedəndir. Yenə də ixtisaslı müayinə-müalicə tədbirləri gerçəkləşmir. Yəqin Ağsu RMX-nın baş həkiminin başı deputat olmağa qarışbmış. Bəs indi? Bu “bir parça kağız parçası” – forma 88 nədir ki, onun TSEK-ə göndərilməsindən imtina edilir?
40 gün qabaq isə TƏBİB rəsmisi İlham Hüseynov 02.08.2024-cü il tarixli məktubla xəstənin oğluna bildirib:” Ağsu RMX tərəfindən sizinlə əlaqə saxlanıldığı, atanız S. Xasayevin müayinə-müalicəsi üçün müəssisəyə (?-red.) dəvət edildiyiniz , lakin atanızın müayinə-müalicə olmasından imtina etdiyiniz (?-red.) MƏLUM OLMUŞDUR.” Bəri başdan deyək ki, TƏBİB-ə Ağsu RMX-nın verdiyi bu MƏLUMATI xəstənin oğlu qətiyyətlə ağ yalan adlandırıb. Və bu yalan elə cavabdan da bəlli edir. Axı xəstə atanın özüdür, oğul atasının müayinə-müalicəsindən necə imtina edə bilər? Bir də, tutaq ki, oğul imtina edib, bəyəm Ağsu RMX vəzifə borcunu yerinə yetirməli , xəstənin özünün “imtinasını” yoxlamalı deyil?
TƏBİB rəsmisi onu da qətiyyətlə bildirib ki, “Ağsu RMX tərəfindən təqdim edilmiş məlumatda atanız ixtisaslaşmış tibb müəssisəsində müayinə-müalicə olunduqdan tibbi sənədləri əsasında göndərişi HMK tərəfindən tərtib edilərək, TSEK-ə göndərilməsi üçün Şamaxı RMX-nın Həkim Məsləhət Komissiyasına təqdim ediləcəkdir”. Bəs niyə 40 gün keçməsinə, “ixtisaslı feldşer”in müayinə-müalicəsinə baxmayaraq , hələ də göndəriş rəsmiləşdirilməyib?
ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) idarə heyətinin sədr müavini Rəşad Məhərrəmov isə bir ay qabaq bildirib ki, xəstə Samir Xasayevin əlillik vəziyyəti sonuncu dəfə 25.02.2021-ci ildə qiymətləndirilib və NATAMAM doldurulması səbəbindən göndərişi verən dövlət tibb müəssisəsinə geri qaytarılıb. Bununla əlaqədar dövlət tibb müəssisəsi tərəfindən S. Xasayevin sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş ( yəni forma 88- red.) RƏSMİLƏŞDİRİLƏCƏYİ təqdirdə, əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.”
İndi qalır Ağsu RMX-nın Həkim Məsləhət Komissiyasının Şamaxı RMX-nın Həkim Məsləhət Komissiyasına , sonuncunun da ƏƏSMN tabeliyində DTSERA-ya tam və ətraflı göndəriş -forma 88 təqdim etməsi. Görəsən, bu göndərişin rəsmiləşdirilməsi belə uzun çəkir? Axı həkim – feldşer çoxdan rəyini verib.
Pir Həsənli
Məğrur Bədəlli
QEYD: Adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc edə bilərik!
TEREF