Buraxılış və qəbul imtahanları yeni formatda keçiriləcək?

Bu gün, 12:44           
Buraxılış və qəbul imtahanları yeni formatda keçiriləcək?
Ramin Nurəliyev deyib ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarının elektron formada keçirilməsi müəyyən imkanlar yaradacaq.
"Builki buraxılış və ali məktəblərə qəbul imtahanları ənənəvi qaydada keçiriləcək. İştirakçı sayı çox olan imtahanların elektron qaydada keçirilməsi yalnız gələcəkdə mümkün ola bilər".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə söyləyib.
O, bildirib ki, bu ilki buraxılış və ali məktəblərə qəbul imtahanlarının onlayn formada keçiriləcəyi barədə məlumatlar yalnışdır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bugünlərdə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib ki, rəqəmsal imtahanlara keçid üzrə işlər görülür. Rəqəmsal imtahanların keçirilməsi ənənəsi Azərbaycana yad deyil, ancaq bütün imtahanların rəqəmsallaşdırılması qəbul və buraxılış imtahanlarının da rəqəmsallaşdırılmasına gətirib çıxara bilər.
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gələcəkdə buraxılış və blok imtahanlarının rəqəmsal formatda keçirilməsi mümkündür:
"Buna imtahanın onlayn formatda keçirilməsi demək düzgün deyil. İmtahanların gələcəkdə rəqəmsal formada keçirilməsi nəzərdə tutulur. Bunun üçün müəyyən maddi-texniki baza olmalıdır. Hazırda Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanlar rəqəmsallaşdırılmış formatda keçirilir. Amma bunlar kiçik imtahanlardır. Buraxılış və blok imtahanlarında isə yüz mindən çox abituriyent iştirak edir. Ona görə də, çoxlu sayda abituriyentin iştirak etdiyi imtahanı rəqəmsal formatda keçirmək üçün müəyyən işlər görülməlidir. Builki buraxılış və qəbul imtahanlarında bu yeniliyin tətbiqi mümkünsüzdür".

Həmöhbətimiz qeyd edib ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarının elektron formada keçirilməsi növbəti illərə planlaşdırılır. DİM-in yeni inzibati binasında imtahanların rəqəmsal formatda keçirilməsi üçün imkanlar var. Amma böyük formatda imtahanlar üçün belə bir maddi-texniki baza yoxdur:
"Bunun üçün texniki imkanların olduğu müasir binalar lazımdır. Doğrudur, belə binalar Bakıda var. Amma onlar abituriyentlərin sayına uyğun deyil".
R.Nurəliyevin fikrincə, buraxılış və ali məktəblərə qəbul imtahanlarının elektron formada keçirilməsi müəyyən imkanlar yaradacaq:
"Hazırda buraxılış imtahanlarının nəticələrinin yoxlanması bir aya yaxın vaxt aparır. Blok imtahanlarının yoxlanması isə 15-20 gün çəkir. İmtahanların rəqəmsal formatda keçirilməsi imtahan nəticələrinin bir həftəyə yoxlanılmasına imkan yaradacaq. Bu yenilik həmçinin DİM-in işini asanlaşdıracaq. İndi imtahan nəticələrini yoxlamaq üçün markerlərdən, magistrlərdən istifadə olunur. Amma imtahanlar rəqəmsal keçirilərsə, imtahan nəticələrinin müasir texnologiyalar üzərindən səhvsiz yoxlanılmasına imkan yaranacaq. Çünki markerlərin, magistrlərin yoxladığı imtahan cavablarından apellyasiya şikayətlərinə rast gəlinir. Rəqəmsallaşma insan əli dəymədən imtahan nəticələrinin yoxlanılmasına səbəb olacaq. Nəticədə yoxlama düzgün aparılacaq. Bu da apellyasiya şikayətlərinin azalmasına gətirib çıxardacaq. Çünki, apellyasiya müraciətlərinin cavablandırılması da uzun vaxt aparır".
O əlavə edib ki, buraxılış və ali məktəblərə qəbul imtahanlarının elektron formada keçirilməsi üçün rayonlarda da elektronlaşdırılmış imtahan zalları olmalıdır. Bu isə hazırda mümkünsüzdür:
"Çox güman ki, bunu gələn il üçün də təşkil etmək mümkün olmayacaq. Amma yaxın gələcəkdə buraxılış və qəbul imtahanlarının rəqəmsal formatda təşkili mümkün olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.