Tramp illik tibbi müayinədən keçəcək

Dünən, 17:34           
Tramp illik tibbi müayinədən keçəcək
78 yaşında Amerika tarixində ən yaşlı prezident olacaq Donald Tramp yaxın həftələrdə illik tibbi müayinədən keçəcək. Bu barədə şənbə günü Ağ Evin bəyanatında bildirilib.

“Birləşmiş Ştatların Prezidenti Donald J. Tramp növbəti ay Walter Reed Milli Hərbi Tibb Mərkəzində rutin illik tibbi müayinəsini tamamlayacaq,” - Ağ Evin martın 1-də yayımlanan bəyanatda deyilir.

“Müayinə tarixi yaxın həftələrdə ictimaiyyətə açıqlanacaq,” - bəyanatda qeyd edilib. Sənədə onun həkimi, Əfqanıstan və İraqda xidmət etmiş hərbi təcrübəli həkim Şon Barbabella imza atıb.

Tramp yaşına baxmayaraq enerjili görünür, lakin onun əvvəlki tibbi müayinələri bəzən sağlamlıq göstəricilərinin detallarına və nəticələrin şəffaflığına dair suallar doğurub.

Tramp alkoqol və siqaret istifadə etməsə də, fastfud və steykə üstünlük verdiyi məlumdur. Onun əsas fiziki fəallığı isə qolf oynamaqdır.

2018-ci ildə, prezidentliyinin birinci dönəmində aparılan tibbi müayinə prezidentin 10-15 kiloqram çəki itirməli olduğunu göstərmişdi, lakin ümumilikdə onun “mükəmməl sağlamlıqda” olduğu qeyd olunmuşdu. Həkimi bildirmişdi ki, “heç bir kognitiv problem” yoxdur və daha sağlam qidalanarsa, “200 yaşına qədər yaşaya bilər”.

Bir il sonra keçirilən müayinədə Trampın boyunun 6 fut 3 düym (190 sm) və çəkisinin 243 funt (110 kq) olduğu müəyyən edilmişdi. Bu, onun prezident seçilməzdən əvvəlkindən 7 funt (3 kq) daha artıq çəkiyə sahib olduğunu göstərirdi və onu texniki olaraq obez kateqoriyasına daxil edirdi. Bildirilirdi ki, o, yüksək xolesterini nəzarət altında saxlamaq üçün dərman qəbul edir.

Trampın 2015-ci ildəki prezidentlik kampaniyası zamanı onun həkimi Harold Bornşteyn açıqlama yayaraq namizədin qan təzyiqinin “heyrətamiz dərəcədə əla” olduğunu bildirmiş və “seçilərsə, Trampın prezident postuna gələn ən sağlam insan olacağını birmənalı şəkildə deyə bilərəm” – demişdi.

Lakin daha sonra Bornşteyn CNN-ə müsahibəsində bu məktubu əslində Trampın özü “diktə etdiyini” və “özünün yazmadığını” etiraf etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.