Çinli məktəbli 3D printerlə qatlanan telefon hazırlayıb

Bu gün, 11:52           
Çinli məktəbli 3D printerlə qatlanan telefon hazırlayıb
Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhnə smartfonların komponentlərindən və 3D printerdən istifadə edərək qatlanan mobil telefon hazırlayıb.

Bu barədə "South China Morning Post" qəzeti məlumat verib.

Bildirilir ki, ənənəvi qatlanan modellərdən fərqli olaraq, Lan Bovenin telefonu içəriyə deyil, çölə doğru qatlana bilir. Onun sözlərinə görə, bu cür dizayn daha rahatdır.

Məktəbli bildirib ki, belə bir cihaz yaratmaq fikri qatlanan telefon modellərini araşdırarkən yaranıb, lakin bazarda yalnız içəriyə qatlana bilən versiyalar mövcud olub.

Onun sözlərinə görə, cihazın korpusu məktəblinin iki min yuana (təxminən 466 manata) aldığı 3D printerdə hazırlanıb. Telefonun əsas hissəsi isə ailə üzvlərinə məxsus köhnə mobil telefonların komponentlərindən yığılıb, bəzi detalları da internetdən sifariş edilib.

"Mənim telefonum hələ çox primitiv mərhələdədir və bir çox çatışmazlıqları var. Amma artıq adi bir smartfonun bütün funksiyalarını yerinə yetirə bilir", - deyə Lan Boven qeyd edib.

Bildirilir ki, gənc ixtiraçının bu prosesi nümayiş etdirdiyi video yerli sosial şəbəkədə beş milyona yaxın baxış və 400 min bəyənmə toplayıb. Hətta məşhur "Vivo" şirkətinin rəhbərliyi onun layihəsini tərifləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.