Nyu-Yorkda Amerikanın Səsinin aparıcısına qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 16:44

Polisin iranlı dissident və jurnalist Məsih Əlinejadın Nyu-Yorkdakı evinin qarşısında şübhəli şəxsi saxlamasından iki ildən artıq vaxt keçir.
Avtomobilində seriya nömrəsi pozulmuş avtomat, 66 patron və xizək maskası aşkar edilmiş şəxsin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Tehranın tənqidçisi olan Əlinejadı öldürmək üçün oraya göndərildiyi iddia edilir.
Bazar ertəsi Manhattan Federal Dairə Məhkəməsində əməliyyatı həyata keçirməkdə ittiham olunan şəxslər – Rusiyanın cinayətkar qrupunun üzvləri - Rafət Əmirov və Polad Ömərovun məhkəməsi keçirilib.
Onlar muzdla qətl və sui-qəsd ittihamları ilə üzləşirlər. Ekspertlərin fikrincə, bu, İran hökumətinin hətta sərhədlər xaricində öz opponentlərini susdurmaq üçün nə qədər irəli gedə biləcəyini göstərir.
“Biz xarici ölkənin amerikalıları təhdid etmək, susdurmaq və ya onlara zərər vermək cəhdlərinə dözməyəcəyik”, o zaman baş prokuror olan Merrik Qarland 2023-cü ildə federal rəsmilərin Əlinejada qarşı sui-qəsd planının ilk dəfə təfərrüatlarını açıqlayarkən bildirmişdi.
Əlinejad 2009-cu ildə ölkəni tərk etməzdən əvvəl İranda jurnalist kimi çalışıb. O, hazırda Amerikanın Səsinin fars xidmətində aparıcı kim çalışır.
Bazar ertəsi telefonla əlaqə saxlanılan zaman Əlinejad Amerikanın Səsinə məhkəmə davam etdiyi müddətdə şərh verə bilməyəcəyini deyib.
2022-ci il sui-qəsd cəhdi Əlinejadın hədəf alındığı ilk hal deyildi.
Məhkəmə sənədlərinə görə, 2018-ci ildə İran rəsmiləri Əlinejadın İrandakı qohumlarına onu Türkiyəyə dəvət etmələri üçün pul təklif ediblər və göründüyü kimi məqsəd onu həbs etmək üçün İrana gətirmək olub. Qohumları bundan imtina ediblər.
2021-ci ildə İran agentləri onun qaçırılmasını planlaşdırmaqda günahlandırılıblar. İttihamnamədə onun Nyu Yorkdan İranla yaxın əlaqələri olan Venesuelaya göndərilməsi planı təsvir edilib.
Adam oğurlanması cəhdindən bəri Əlinejad ABŞ hökuməti tərəfindən qorunub və tez-tez təhlükəsiz evlərə köçürülüb.
Təhdidlərə baxmayaraq, Əlinejad işini dayandırmaqdan imtina edib.
“Mənim heç bir silahım və ya gülləm yoxdur - heç bir silah daşımıram. Amma bu hökumət, onların hər şey var və həqiqətən də məndən qorxurlar. Və bu mənə güc verir - hətta sözlərim və sosial mediada mən onlardan daha güclüyəm”, Əlinejad 2023-cü ildə Amerikanın Səsinə İran hökumətini nəzərdə tutaraq deyib.
Prokurorların dediyinə görə, Əlinejadı öldürmək üçün iddia edilən sui-qəsd adam oğurluğu planı uğursuzluğa düçar olandan az sonra ortaya çıxıb. Prokurorlar sui-qəsdin İranda İnqilab Keşikçiləri Qvardiyasının briqada generalı Ruhullah Bazqandinin rəhbərlik etdiyi şəbəkə tərəfindən təşkil edildiyini bildiriblər.
Bəzqandi və İranda üç nəfər Nyu Yorkda muzdlu qətldə ittiham olunub.
“Bu, İnqilab Keşikçilərinin DNT-sindədir”, 2024-cü ilin oktyabrında Bəzqəndi və daha üç nəfərə qarşı ittiham irəli sürüləndə Əlinejad Amerikanın Səsinə deyib.
O zaman Əlinejad Amerikanın Səsinə həmçinin demişdi ki, ABŞ hökumətinin İranı bu sui-qəsd cəhdi və Tehranın transmilli repressiyalardan daha geniş şəkildə istifadə etməsinə görə məsuliyyətə cəlb etməsi vacibdir.
“Bu, demokratiyanın müdafiəsi ilə bağlıdır. İran rejimi ABŞ ərazisində ABŞ hökumətinə meydan oxuyur və bu, əsas etibarilə söz azadlığı, milli təhlükəsizlik və Amerikanın təhlükəsizliyinə qarşı yönəlib”, Əlinejad keçən il bildirmişdi.
İran Xarici İşlər Nazirliyi Amerikanın Səsinin şərh almaq üçün elektron poçtla göndərilmiş müraciətinə dərhal cavab verməyib.
Bazar ertəsi başlayan məhkəmə prosesində prokurorların Əmirov və Ömərovun Stalin dövründə həbs düşərgələrində yaranmış “Qanuni oğrular” adlı Rusiya cinayətkar təşkilatının tərkibində necə fəaliyyət göstərdiklərini təsvir etməyi planlaşdırdığı bildirilib.
Cinayətkar qrupun keçmiş üzvü əməkdaşlıq edən şahid qismində hökumətə ifadə verəcək. Məhkəmə sənədlərində həmin şəxs yalnız “CW-1” kimi tanınıb, lakin onun hərəkətlərinin təfərrüatları 2022-ci ildə Əlinejadın evinin qarşısında silahla həbs edilmiş azərbaycanlı Xalid Mehdiyevin bəzi hərəkətləri ilə üst-üstə düşür.
İttiham aktına görə, Bəzəndinin şəbəkəsinin üzvləri həmin vaxt İranda yaşayan Rusiya vətəndaşı olan azərbaycanlı Əmirova yaxınlaşıblar. Əmirov daha sonra Şərqi Avropada yaşayan Ömərovla əlaqə saxlayıb.
Daha sonra ittiham aktına görə, onlar avtomat alıb təxminən bir həftə Əlinejadın evini güdən Mehdiyevə 30 min dollar veriblər.
Mehdiyev “Biz hazırıq” mesajı ilə birlikdə avtomatın videosunu Ömərova göndərib.
Sui-qəsdə cəhd günü Mehdiyev Əlinejadın evinin giriş qapısını açmağa cəhd edib. Jurnalist gizlicə uzaqlaşa bilib.
Polis əməkdaşları həmin vaxt Mehdiyevi izləyirdilər, çünki Əlinejad şübhəli fəaliyyətlə bağlı Federal Təhqiqatlar Bürosuna məlumat vermişdi.
Mehdiyev Əlinejadın qapısını açmağa cəhd etdikdən az sonra oradan uzaqlaşıb.
O, qadağan nişanını pozduqdan sonra polis onu kənara çəkib və lisenziyasının etibarsız olduğu və seriya nömrəsi silinmiş avtomobildə odlu silahın olduğunu aşkar edəndən sonra onu həbs edib.
Həbsxanada Mehdiyev qaçaqmalçılıq yolu ilə gətirilən telefonla “Qanuni oğrular”a həbsi barədə məlumat verib.
Prokurorların bildirdiyinə görə, Mehdiyev cinayətkar qruplaşmanın üzvlərindən birinə səsli mesajlar göndərərək, “jurnalisti öldürməyə getdiyini”, lakin “onu tutduqlarını” deyib.
Freedom House təşkilatının bildirdiyinə görə, Əlinejadın sərt şəkildə hədəfə alınması İranın jurnalistlərə qarşı transmilli repressiyaların ən pis icraçıları sırasında olduğunu vurğulayır.
2022-ci ildə İran agentlərinin Londonda İran Beynəlxalq Televiziyasında işləyən iki iranlı jurnalistə qarşı sui-qəsd təşkil etdiyi iddia edilir.
Amerikanın Səsinin Fars xidməti kimi İran İnternational da müstəqil xəbər mənbəyidir.
İran daxilində hökumət uzun müddətdir ki, müstəqil jurnalistləri və digər tənqidçiləri repressiyalara məruz qoyub.
İran Dünya Mətbuat Azadlığı İndeksində180 ölkə arasında 176-cı yerdədir. 180 media azadlığı mühitinin ən pis olduğunun göstəricidir.