Məşhur aviaşirkət kiberhücuma məruz qaldı: Altı milyon müştərinin şəxsi məlumatları oğurlana bilər
Bu gün, 12:34

Avstraliyanın milli aviaşirkəti Qantas ciddi kiberhücumla üzləşib.
Şirkətin açıqlamasına görə, üçüncü tərəf müştəri xidməti platformasına edilən hücum nəticəsində altı milyon müştərinin şəxsi məlumatları təhlükə altına düşüb.
Hadisə bazar ertəsi baş verib və platformada müştərilərin adları, e-poçt ünvanları, doğum tarixləri, telefon nömrələri və tez-tez uçan sərnişin nömrələri kimi məlumatların saxlanıldığı bildirilir. Lakin Qantas əlavə edib ki, oğurlananlar arasında kredit kartı, pasport və maliyyə məlumatları yer almayıb.
Qantas platformada “qeyri-adi fəaliyyət” aşkar etdikdən dərhal sonra sistemə müdaxilə edib və təhlükəsizlik tədbirlərini gücləndirib. Şirkət bildirib ki, əsas əməliyyatlara və uçuş təhlükəsizliyinə təsir qeydə alınmayıb. Bununla belə, oğurlanan məlumatın miqyasının “əhəmiyyətli” olduğu qeyd edilib.
Qantas hazırda təsirə məruz qalan müştərilərlə birbaşa əlaqə saxlayır və onlara lazımi dəstək göstərilməsi üçün çalışır. Avstraliya Kibertəhlükəsizlik Mərkəzi, Federal Polis və müstəqil ekspertlərlə birgə araşdırma aparılır. Şirkətin baş direktoru Vanessa Hudson baş verənlərə görə üzr istəyərək, müştəri etimadına ciddi yanaşdıqlarını vurğulayıb.
Məlumatın ictimailəşməsindən sonra Qantas-ın səhmlərinin dəyəri 3,5 faiz ucuzlaşıb və bu, investorlar arasında narahatlıq yaratdığına işarədir.
Qeyd edək ki, bu insident Avstraliyada son illər baş verən silsilə kiberhücumların davamıdır. 2022-ci ildə də Rusiyalı hakerlər ölkənin ən böyük özəl tibbi sığorta şirkəti Medibank-a hücum edərək 9,7 milyon müştərinin məlumatlarını oğurlamışdı.