Devalvasiyadan sonra çiçəklənən qaçaq siqaret biznesindən gömrük generallarına pay çatırmı? VİDEO

2-01-2017, 08:17           

Çox düşündüm, bu bir il ərzində apardığım araşdırmalar zamanı ən çox hansı qurumun mətbuat xidmətinin rəhbəri yadımda qaldı deyə… Şübhəsiz ki, Dövlət Gömrük Komitəsinin sözçüsü, gömrük polkovniki Natiq Axundov ən çox yadda qalan mətbuat katiblərindən oldu. Əlbəttə, Natiq müəllim vaxtaşırı zənglərimizə cavab verir. Lakin bu “cavabvermə”lər Azərbaycan jurnalistikasına hörmətsizlikdən başqa bir mənaya gəlmir. Tələm-tələsik jurnalistin üzünə dəstəyi atan, sualı dinləməmiş “adboy” verməyi adətinə çevirən bir mətbuat katibinin bu vəzifədə daha nə qədər davam edəcəyini bilmirəm… Lakin görünən odur ki, DGK rəhbərliyi hörmətli polkovnikin bu “tavır”larını “pek memnun” qarşılayır.
Bu il Dövlət Gömrük Komitəsi ən çox tənqid olunan qurumlardan oldu. Bir tərəfdən “in voice” göstəricilərinin real bazar qiymətləriylə uyğun gəlməməsi, digər tərəfdən də, vaxtaşırı qaçaqmalçılıq qalmaqallarının yaşanması DGK sədri Aydın Əliyevin şəklini manşetlərdən salmadı. Yaxın aylarda Gürcüstan gömrükçülərinin Azərbaycandan qaçaqmalçılıq yolu ilə keçirilən külli miqdarda brilliant və qızılı aşkarlaması sensasiya doğurdu. Azərbaycan ictimaiyyəti isə haqlı olaraq DGK-dan bircə suala cavab verməyi tələb etdi: Bu qədər qızıl və brilliantın iqtisadiyyatımızın çətin vaxtında ölkədən çıxarılmasına necə yol verilir və bunun səbəbləri araşdırılıbmı?
Lakin DGK-nın mətbuat xidməti belə bir açıqlama ilə çıxış etdi: “Bəzi KİV-lər bu məsələni çox şişirdərək, Dövlət Gömrük Komitəsini ləkələməyə çalışır”. Hələ bu harasıdır, hörmətli Natiq Axundovun rəhbərlik etdiyi mətbuat xidməti sanki öz xalqını məsxərəyə qoyurmuş kimi, Azərbaycan gömrüyündə tragikomik vəziyyəti əks etdirən videolar yaymağa başladı. Özünü çanta ilə birlikdə lentə atan qoca kişi və onu kənardan gülə-gülə kamerasına həkk edən gömrükçülər…
İndi mən heç nə demirəm… Əziz oxucular, siz deyin, kim daha çox məsxərəyə qoyulmalıdır? Yəqin ki, o gəlhagəli də Gürcüstan gömrükçüləri gəlib qaydasına salmalı idi… Devalvasiyadan sonra, Azərbaycanda siqaretlərin qiyməti də qalxdı. Bundan sui-istifadə edən işbazlar da “yüksək entizüazm” ilə bazara qaçaq siqaret doldurmağa başladılar. Bu “idxal” prosesi getdikcə daha böyük və mütəşəkkil hal alır.
Hətta bir ara metrostansiyaların qarşısındakı köşklərdə açıq şəkildə Gürcüstandan gətirilən (qaçaq yolla) “Pirveli” siqaretləri satılırdı. Bizim silsilə yazılar və Vergilər Nazirliyinin “Qaynar xətt”inə şəxsən etdiyimiz zənglərdən sonra… Həmin köşklərdə qaçaq siqaret satışıylı bağlı “müəyyən” tədbir görüldü. Lakin son günlər baxıram ki, yenidən bu siqaretlər hər addımbaşı köşklərdə, mağazalarda, kafelər və şərab evlərində satışa çıxarılıb. Supermarketlərdə qaçaq siqaret satışı olmur, amma Bakıda minlərlə mağaza müntəzəm şəkildə qaçaq siqaretlərlə təmin olunur.
Dövlət Gömrük Komitəsi isə vaxtaşırı hansısa maşının təkərinə gizlədilmiş 50-100 siqaret qutusunun şəklini çəkib mətbuata yayır və təntənəli şəkildə ciddi işlədiklərini sübut etməyə çalışır. Belə məlumatlara “dejurnaya informasiya” deyilir… Əgər Gömrük Komitəsi həqiqətən də öz işinin öhdəsindən gələ bilirsə və “ağ ləkə götürmürsə”, az qala hər mağazada satılan və mütəşəkkil formada müxtəlif obyektlərə paylanılan bu qədər qaçaq siqareti kim və hansı yolla ölkəyə gətirir?
Bəlkə, Dövlət Gömrük Komitəsinin işini yaxın aylarda qızıl qaçaqmalçılığıyla olduğu kimi (oktyabr ayında Anur Qabil oğlu Məcidov və onunla əlbir olmaqda şübhəli bilinən bir neçə gömrük əməkdaşı saxlanılmışdı – red), yenə də Dövlət Təhlükəsizlik Xidməti görməlidir?
DTX-çilər işlərini-güclərini atıb gömrük postlarında qaçaq siqaret mafiyasının ovuna çıxmalıdır? Mən konkret olaraq kimisə nədəsə ittiham etmirəm… Amma bilərəkdən və ya bilmərəkdən, Aydın Əliyev də, Səfər Mehdiyev də, habelə, digər gömrük generalları da bu “çiçəklənən” qanunsuz biznesin ortaqlarına çevrilir, məsuliyyət daşıyırlar. Məsuliyyət varsa, maraq da var. Adama deyərlər ki, bu qədər qanunsuzluğa hansı maraqla göz yumursan?!
Oxucular da sual edə bilər: bu biznesdən gömrük generallarına pay çatırmı? Lakin bu sualın cavabı bizdə deyil… Yəqin ki, elə az əvvəl dediyim kimi, bu işi sonda DTX araşdırmalı olacaq. Və o zaman çox qaranlıq məqama işıq salınacaq. Dövlət Gömrük Komitəsinin rəhbərliyindəki hər kəsi ürəkdən təbrik edirəm… Natiq Axundovdan isə xahiş edirəm ki, 2017-ci ildə mətbuata və öz xalqına hörmətsizlik etmək üçün daha fərqli üsullara əl atsın. Çünki 2017-ci il fərqli bir il olacaq…
Hətta hörmətsizliyinizə qarşı hörmətlə.
Qafqaznews.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.