Qazax icra başçısı Rəcəb Babaşov Qazax sakinini intihara sürükləyir.FOTO
31-01-2017, 17:52
Bu günlərdə teref.az-nun elektron poçtuna Qazax şəhər Azadlıq küçəsi 125-də məskunlaşan Salahov Şeyda Məhəd oğlundan şikayət ərizəsi daxil olub. Öncə bildiririk ki, şikayət ərizəsi rayonun icra başçısı Rəcəb Babaşovla bağlıdır. Ərizədə icra başçısının sahibkarlıqla məşğul olan, ağır ürək əməliiyatı keçirmiş, himayəsində 2 xəstə əzizləri olan Şeyda Salahova qarşı aparılan tam əsassız şəkildə özbaşınalıqdan, dərəbəylikdən və ona edilən mənəvi zülmdən söhbət açılır. Ərizəni olduğu kimi ictimaiyyətə çatdırırıq:
“Hörmətli “teref.az” saytının baş redaktoru cənab Nurəddin İsamayılov!
Mən Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun əlindən özümü intihar etmək qərarına gəlmişəm. Cəmi 53 yaşım var. Ailəliyəm. Özüm ağır ürək əməliyyatı keçirmişəm. Necə deyərlər, o dünyanı görüb gəlmişəm. Həyat yoldaşım Məmmədova Günay Yaşar qızı isə 5 dəfə bədəninin müxtəlif nahiyyələrindən ağır əməliyyat keçirib. Yəni sağ qalmağımız Allahın işi olub. Üstəlik vaxtilə müəllimə işləyən bacım Salahova Nəzakət Məhəd qızı da mənim himayəmdədir. O da sağalmaz xəstəliyə düçar olub. Bunları deməkdə məqsədim budur ki, belə bir vəziyyətdə hələ ağzımızı açıb nə Prezidentdən, nə Mehriban xanımdan, nə də Qazax Əhalinin Soisial Müdafəsi Mərkəzindən sosial yardım üçün maddi köməkliklər istəməmişəm. Lakin 2016-cı il may ayının 19-da Prezident tətəfindən Qazaxa icra başçısı göndərilmiş Rəcəb Babaşov mənə və ailəmizə elə pislik edib ki, hələ də sarsıntıdan özümüzə gələ bilmirik.
Belə ki, Qazaxın sabiq icra başçısı cənab Rauf Hüseynov hələ 2006-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin ərazisində mənə 99 kv. metr torpaq sahəsi vermiş, Qazax bələdiyyəsinin sədri Oqtay Hüseynov isə tam qanuni sənədlərlə həmin torpaq sahəsini mənə satmışdır. Mən də əllərimin zəhməti ilə, banklara kreditə, borca girməklə həmin sahədə yeməkxana binası tikdirmişəm. Həmin tikdirdiyim obyektin də istismar aktı da var. Yəni “kubça”dan savayı bütün sənədləri tam qanunauyğun şəkildədir. (Tanışlıq üçün sənədlərin kserokopiyasını da redaksiyanıza göndərirəm.)
Bu minvalla həmin yeməkxanadan 5-3 manat qazanıb ailəmi, öhdəmdəki xəstələri saxlayırdım. Bir də Rəcəb Babaşov gələn gündən 10 gün sonra mənim obyektimi əlimdən aldı, özümə isə oralara hərlənməməyimi tapşırdı. Üstəlik bildirdi ki, “sənə ayrı yerdən yer verəcəm”. Guya həmin yerə də Qazaxda çıxan “Göyəzən” qəzeti redaksiyası köçəcək. Əks halda məni polislə tutduracağını bildirdi. Mən də yetim, tək adamam. Düzüsü qorxumdan hələlik susmağı üstün tutdum. Düşündüm ki, ola bilər icra başçısına haqqımda səhv məlumat veriblər. Babaşovun özü də sahibkardır. Yəqin, mənim obyektimin sənədlərini araşdırar, haqqı görərək “dədəmalımı” özümə qaytarar.
Bir də gördüm ki, mənim yeməkxanamı Qazax RİH başçısının müavini Gülayə Həsənovanın yaxın qohumu işlədir. Artıq heç kim bu hala dözmədiyi kimi, mən də dözmədim. Fikirləşdim ki, başçının bu hərəkəti təmiz söhbət olmadı. Gözüm baxa-baxa qanuni mülkiyyətim əlimdən alınıb, yad bir adama verildi.
Fikirləşdım ki, Prezident İlham Əliyev, görəsən Rəcəb Babaşovu mənə zülm etməyəmi göndərib? Mən xırda sahibkarlıqla məşğul olub ailəmi, xəstələrimi yaşatmalı olduğum halda, nə üçün mənim obyektim əlimdən alınıb yad bir adam verilir?
Mən hər gün həmin obyektimdən 5-10 manat qazanıb yeməyimizə, iynə-dərmanımıza xərcləyirdim. İndi neynəyim? Kimin qapısına gedib dilənim? Bunu Allaht-təala necə götürür? Başçı elinin, obasını qayğısına qalar, kimsəsizlərə, xəstələrə kömək edər, mənəvi dayaq olar, lakin bir xəstə ailəni çölə atmaz. Bu hansı soyunqanlılıqdır? Bu kamalla biz hara gedirik, cənab Nurəddin müəllim? Vallah heç Stalin dövründə də belə ədalətsizlik olmayıb.
Odur ki, Rəcəb Babaşovun zülmünə düşmüşük. Düz 8 aydır ki, evimizə 1 qara qəpik pul gəlmir. Allah ümüdi ilə yaşayırıq.
Bəlkə əlaqədar, xeyirxah, həqiqəti sevən insanlar ərizəmi oxuyub, bizə bir yardımçı olalar. Əks halda fikrimi ölkə rəhbərliyinə çatdırıb, özümü Qazax RİH-nin başçısı Rəcəb Babaşovun əlindən intihar edəcəyəm.
Diqqətinizə görə sağ olun!
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az