Bu kimin kitabıdır və yaxud AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyavadan növbəti “şedevr”

14-01-2017, 19:44           
Bu kimin kitabıdır və yaxud AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyavadan növbəti “şedevr”
Bu kimin kitabıdır və yaxud Gövhər xanımdan növbəti “şedevr”
Son zamanlar internet səhifələrində oxuduğum məlumatlar içərisində biri diqqətimi cəlb etdi:
“AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyavanın ünvanına Qahirədən – Misir-Rusiya Mədəniyyət və Elm Fondunun sədri, “Advanced Press Hause” nəşr evinin baş direktoru Hüseyn əl-Şafidən gələn məktub da buna bir bariz nümunədir. Misirdə 2006-cı ildən fəaliyyət göstərən və mütəmadi olaraq ərəb və rus dillərində kitablar çap etdirən fondun rəhbəri Hüseyn əl-Şafi Misirdı elmi və ziyalı dairələrin professor Gövhər Baxşəliyevanın “Taufiq əl-Həkimin ədəbi görüşləri” kitabına böyük maraq olduğunu bildirir. Üç il öncə rus dilində çap olunmuş bu kitab XX əsrin görkəmli Misir yazıçısı, dramaturqu, publisisti və mütəfəkkiri, müasir ərəb ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş Taufiq əl-Həkimin ədəbi görüşlərinin tədqiqinə həsr olunub.”
Maraq xatirinə kitabı açıb baxdım. 507 səhifəlik bir kitabın 430 səhifəsi Taufiq əl-Hakim əsərlərinin V. Kirpiçenko, N. Usmanov, K. Yunusov və başqa rus alimləri tərəfindən edilən tərcüməsidir. Cəmi 70 səhifə xanımın öz məhsuludur. Mən ərəbşünas olmadığımdan bu “məhsulun” hardan dərildiyini deyə bilmərəm. Mən kitabın mündəricatına baxıram. Belə çıxır ki, Gövhər xanım 70 səhifəlik referata bənzər bir işi özünün 507 səhifəlik zəhməti kimi elmi dairələrə sırıyır. Qəribə burasıdır ki, o 70 səhifənin içərisində Taufiq əl-Hakimin ədəbi görüşləri cəmi 20 səhifədir. Amma kitabı açıb baxmayan elə düşünər ki, xanım böyük bir tədqiqat aparıb.
Bəli, Gövhər Baxşəliyeva rus alimlərinin 430 səhifəlik tərcüməsini öz “kitabına” əlavə edib özünü yeni monoqrafiya müəllifi kimi təqdim edir. Elmi ictimaiyyətə bu dərəcədə kələk gəlmək harda görsənib? Və görəsən Gövhər xanım başqasının tərcüməsini təkrar nəşr etməsi ilə bağlı onların mənsub olduğu müəssisədən, və ya ailələrindən razılıq alıb? Düzdür, tərcümələrin altında tərcüməçilərin adı çəkilib, amma əgər tərcümə olduğu kimi təkrarlanıbsa, tərcümə ilə bağlı xanımın heç bir şərhi yoxdursa, internet səhifələrində hər dəqiqə rast gəlinən bu tərcüməni nə haqla yenidən nəşr etdirib? Məsələ burasındadır ki, rus alimləri bu tərcümələri nəşr etdikləri kitablarda müəllif kimi Taufiq əl Hakimin özünü göstəriblər. Gövhər xanım isə kitabın üzərində öz adını yazıb.
Gövhər xanım, görünür, arxayındır ki, heç kim onun “kitabını” açıb baxmayacaq. Ona iri həcmli bir kitabın üzərində adının olması lazımdır. Qarşıdan AMEA-ya seçkilər gəlir. Tarixdə görünməmiş bir ixtisas – şərqşünaslıq ixtisası da kəşf edildi ki, G.Baxşəliyeva seçkiyə tək getsin. Görəsən, bu işin arxasında dayanan havadarlar ölkə prezidentinin onlara olan etimadının məsuliyyətini nə üçün dərk etmirlər? Heç olmasa Şərqşünaslıq İnstitutunun görkəmli alimlər Aida İmanquliyevanın, Ziya Bünyadovun adı ilə bağlı olmasını xatırlasınlar.
Bundan əvvəl Gövhər xanım barədə ciddi plagiat ittihamları irəli sürülüb. Hətta fars dilini bilməyən bu xanımın institutun arxivində rəhmətə getmiş alimlərin tərcümələrini mənimsəyib öz adından “İlahi eşq dastanları” adlı bir kitab çıxarması ilə bağlı iddia işi də var. Yəni bütün bunlar adi məsələlər deyil və vaxt gələcək, yəqin ki, həm saxta alimlər, həm də onlara yol açanlar lazımi cəzasını alacaq.
Zəfər Abdullayev
Qarşı tərəfin fikirlərini dinləməyə və səhifəmizdə yerləşdirmyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.