Nərimanovda polis rəislərini üz-üzə qoyan “Nissan” qalmaqalı – NÜANSLAR
16-01-2017, 00:02
Məhərrəm Əliyevin qohumu Fuad Əliyev Abdin Fərzəliyevin kürəkəni Elnur Əliyevdən nəyin qisasını almağa çalışır?
Bu qalmaqal “Elnur” aptektində satılan “Lyrica”nın lirik fəsadlarıdır?
Yanvarın 13-də LEGİON-da Bakı şəhəri Nərimanov rayonunda yaşayan Afina Rəşid qızı Musayevanın daxili işlər naziri Ramil Usubova müraciəti dərc olunmuşdu. Həmin muraciətdə A.Musayeva bildirmişdi ki, Kənan Babayev adlı şəxsin ona qarşı davamlı təhdid və təhqirləri ilə bağlı Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə etdiyi şikayətlər və yazdığı ərizələrə biganə yanaşılır, onu az qala hər gün təhdid və təhqir edən Kənan Babayev adlı şəxslə bağlı tədbir görülmür.
LEGİON 16-cı polis bölməsinin rəhbərliyi ilə bağlı araşdırmalar apararaq, bir sıra maraqlı məlumatlar əldə edib.
Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, 16-cı polis bölməsinin rəisi Fuad Əliyevin qardaşı Səfər Əliyev DİN-də katibliyin rəisidir.
Həmçinin, əldə etdiyimiz məlumata görə, Səfər və Fuad Əliyevlər Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə yaxın qohumluq əlaqələri var.
Həmçinin, Nərimanov RİH başçısı Abdin Fərzəliyevin kürəkəni, Nizami RPİ-nin 25-ci polis bölməsinin rəis müavini Elnur Əliyevlə 16-cı polis bölməsinin rəisi Fuad Əliyev arasında köhnə ədavətin olması barədə rayon ərazisində, habelə polis orqanlarında çox danışılmaqdadır.
Elnur Əliyev vaxtilə 16-cı polis bölməsində baş əməliyyat müvəkkili olub, ona görə də, bu ədavətin tarixçəsi ilə maraqlandıqda bir sıra maraqlı məqamlar ortaya çıxır. Xatırladaq ki, Nərimanov RPİ-nin 16-cı polis bölməsində baş verən bəzi qalmaqallı olaylar haqqında ölkə mətbuatı hələ 2015-ci ildə yazmışdı.
2015-ci ilin oktyabrında 16-cı polis bölməsinin ərazisində yerləşən “Elnur” aptekində qanunsuz psixotrop dərmanların satışı barədə məlumatlar yayılmışdı.
Belə ki, Qafqaznews.az-ın əməkdaşları bir neçə aptekdə reydlər keçirib. Reyd zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olunub.
Qafqaznews.az-ın əməkdaşları Nərimanov rayonu ərazisində, Azadlıq prospekti 235 C ünvanında yerləşən “Elnur” aptekində və qonşuluqda- Azadlıq 235 D ünvanında yerləşən “24 saat” aptekində dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal dərmanlarının satışı ilə məşğul olan əczaçıların çəkilişini aparıb.
Sonra əməkdaşlar Nəsimi rayonu ərazisində Asif Məhərrəmov 54 ünvanında, “İmperial” şadlıq sarayının binasına bitişik “Ekonom” aptekdə də çəkiliş apararaq eyni mənzərəni “lentə alıb”.
Həmin aptekin satıcısı da dövlət tərəfindən satışı qadağan olunan Lyrica psixotrop dərmanını satarkən, bu hal jurnalistlər tərəfindən lentə çəkilib.
Ancaq sonra bizim jurnalistlər 16-cı Polis Bölməsi ilə əlaqə saxlayıb həmin apteklərin onların ərazisi olduğunu soruşanda bölmənin əməkdaşları bölmə rəisinin əmri ilə bizim jurnalistləri aldadaraq guya həmin ərazinin Binəqədi RPİ-nin 4-cü Polis bölməsinin ərazisi olduğunu söyləmişdilər (Qafqaznews.az).
LEGİON-a məlumat verən mənbələr bildirir ki, bu qanunsuzluğa biganə qaldığına görə, mətbuatın tənqid hədəfinə çevrilən Fuad Əliyev bir müddət bölmədən “qaçaq” düşür ki, onu axtaran jurnalistlər yerində tapa bilməsinlər.
Mənbələr qeyd edir ki, həmin günlərdə F.Əliyevi daha da qəzəbləndirən bir hadisə baş verir.
Məlumata görə, 2015-ci il noyabrın əvvəlində 16-cı polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Elnur Əliyev rəisin yerində olmadığı səbəbilə, onun əvəzinə imza ataraq, Bakı ŞBPİ-nin rəisi cənab Mirqafar Seyidovun qonşusu Əhmədov Baba İlham oğluna İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə 10 sutka cəza verilməsi üçün məhkəməyə təqdimat göndərib.
Sözügedən hadisədə isə “yuxarı”ların tənbehləri qarşısında Fuad Əliyevin qaldığı, bölmə rəisi ilə baş əməliyyat müvəkkili arasında gərginlik yaşandığı deyilir. Mənbələr qeyd edir ki, bu gərginlik hətta Elnur Əliyevin Nizami RPİ-nin 25-ci polis bölməsinə rəis müavini keçməsindən sonra da davam edir, çünki E.Əliyev sabiq rəisin tələblərinə məhəl qoymayaraq “Nissan Sentra” markalı, “10 AP 555” dövlət nömrə nişanlı xidməti avtomobili özü ilə aparır.
Mənbələr bildirir ki, Fuad Əliyevlə Elnur Əliyev arasındakı gərginlik Bakının bütün polis orqanlarına yayılır və hər kəs 16-cı polis bölməsində yaşanan bu olayı ironiya ilə yada salır.
Hətta deyilənlərə görə, Fuad Əliyev xidməti avtomobili sabiq işçisinin əlindən almaq üçün nə qədər qapı döysə də, onu məyus edirlər.
Mənbələr qeyd edir ki, ötən il gərginlik bir az səngimiş, Fuad Əliyev də “Nissan”ı unutmuşdu.
Lakin bu yaxınlarda Abdin Fərzəliyevin Bakı meri Hacıbala Abutalıbovun yerinə keçəcəyi barədə məlumatların tirajlanmasından sonra, polis rəisləri arasında Elnur Əliyevin də 16-cı polis bölməsinə rəis gələcəyi barədə “proqnoz” dolaşmağa başlayır.
Hətta deyilənlərə görə, bəzi bölmə rəisləri Fuad Əliyevə məsləhət görüblər ki, nə qədər imkan var, Elnur Əliyevlə münasibətləri qaydasına salsın.
Məlumatda qeyd olunur ki, bundan sonra daha da acığa düşən Fuad Əliyev köhnə “haqq-hesab”ı həll etmək üçün, tələm-tələsik Nərimanov RPİ-yə yeni rəis gələn Nəriman İmanovun qəbuluna düşür, yeni rəis isə bütün əlaqələrini səfərbər edərək, “Nissan Sentra” avtomobilini Abdin Fərzəliyevin kürəkəninin əlindən almağa nail olur.
Mənbələr qeyd edir ki, bundan sonra Fuad Əliyev öz avtomobilindən imtina edir və 16-cı polis bölməsinin balansına qaytarılan “10 AP 555” dövlət nömrə nişanlı “Nissan Sentra”da gəzməyə başlayır. Bununla da, F.Əliyevə ironiya ilə yanaşan başqa bölmə rəisləri sürprizlə üzləşmiş olurlar...
Digər əldə etdiyimiz məlumata görə, 90 AP 555 Nissan Sunny avtomobil isə Binəqədi RPİ-nin idarə rəisi olan Namiq İsmayılovun oğlu, Xətai RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Azər İsmayılzadəyə verilib.
Hətta əldə etdiyimiz məlumata görə, Namiq İsmayılovun yaxınlarına məxsus olan bir neçə bahalı inomarkaların hamısının nömrəsi 555 lə qurtarır.
LEGİON əməkdaşı Fuad Əliyevin mobil nömrəsini əldə edərək, onun da fikrini öyrənməyə çalışdı. Lakin təəssüflər olsun ki, F.Əliyev bizim zənglərimizə cavab vermədi...
Sözardı: Yazı sayta gedərkən, öyrəndik ki, bu gün 16-cı polis bölməsinin rəis müavini İlham Umayev özünün 55 yaşının tamam olmasını qeyd edir. Cənab Umayevi bu təntənəli yubiley münasibətilə, LEGİON kollektivi adından təbrik edirik!