Abdin Fərzəliyev və Səmyar Abdullayev 156 vətəndaşdan pul alan Məzahir Nəsibovu qurban verir? – ARAŞDIRMA (FOTO,VİDEO)
18-01-2017, 09:46
Mübariz Hacıyev: “Bu işlərin başında onların durmasına heç bir şübhə qalmayıb”
“156 nəfərdən alınan 8 milyon manat müəyyən şəxslərin arasında bölüşdürülüb”
Bu günlərdə sosial şəbəkələrdə hazırda Almaniyada yaşayan Məzahir Nəsibov adlı şəxsin “Haqsızlığa cavab 2” başlığıyla videosu yayıldı. Həmin şəxs videoda Nərimanov RİH və Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) rəhbərliyi ilə birlikdə 156 nəfərdən əlillər üçün tikilən binada ev vermək üçün pul aldığını bildirir və konkret şəxslərin adını çəkir.
Videoda AzGƏC-in sədri Səmyar Abdullayevin, cəmiyyətdə işləyən Hikmət adlı şəxsin, Nərimanov RİH-də işləyən Yövmiddin adlı şəxsin adını çəkir, həmçinin, qeyd edir ki, onu bu işə “Planet Həsən” ləqəbli, Şirvanda “Planet” restoranının sahibi Həsən Həsənovun tanış etdiyini deyir.
“Səmyar Abdullayev deyir ki, guya mən skanerlə o sənədləri hazırlamışam. Dörd il ərzində skanerlə necə sənəd düzəldə bilərdim? Pulu sizə gətirib verirdim, siz də sənədləri icra hakimiyyətinə təqdim edirsiniz, icra hakimiyyəti sənədləri göndərir “Baksovet”ə (Bakı Şəhər İcra Hakimiyyəti – red.), aparat rəhbəri Rasim Quliyev tərəfindən təsdiqlənib qayıdır rayon icra hakimiyyətinə, sonra rayon icra başçısı öz imzasıyla sərəncam verir... Bütün bu işləri skanerlə necə görə bilərdim?”. M.Nəsibov vurğulayır ki, bütün görülən işlərdən və alınan pullardan RİH-in də, AzGƏC-in də məlumatı olub. Onun sözlərinə görə, vətəndaşlara mənzillərin verilməyəcəyindən özünün də xəbəri olmayıb. M.Nəsibov təxminən 2 ay əvvəl yayımladığı videosunda da qeyd edib ki, pulların əksəriyyəti Nərimanov RİH rəhbərliyinə və AzGəc sədri Səmyar Abdullayevə çatıb, əgər ölkədə qalsaydı, hər şeyi onun boynuna yıxacaqdılar.
Xatırladaq ki, bu yaxınlarda LEGİON-a müraciət edən Mübariz Hacıyev adlı vətəndaş Məzahir Nəsibova 2013-cü ilin sentyabrında “gözdən əlillər binası” adlanan binada 3 otaqlı mənzilə yiyələnmək üçün 55 min manat pul verib. “O vaxt mən torpağımı satmaq və bir az da öz ehtiyatımı əlavə edərək yeni mənzil almaq istəyirdim. Cavanşir adlı alqı-satqı agenti mənə bildirdi ki, Məzahir Nəsibov adlı şəxs sənə üçotaqlı evi 60 min manata təşkil edə bilər. Daha sonra, Məzahirlə də görüşdüm. Cavanşirlə Məzahir mənə demişdilər ki, hər şey qanuni olacaq və gözdən əlillər üçün tikilən 12 mərtəbəli binanın ancaq 4 mərtəbəsində gözdən əlillər yaşayacaq, qalan 8 mərtəbədə olan mənzillər isə ucuz qiymətə aztəminatlı ailələrə satacaq. Mənə bildirmişdilər ki, bu, əlillərin cəmiyyətə inteqrasiyası üçün edilir və Prezidentin müvafiq sərəncamı var. Məzahir Nəsibov məndən hissə-hissə pul almaqla, ümumilkdə 55 min manat aldı, 2013-cü ilin sentyabrında Nərimanov RİH başçısının sərəncamını və bizim AzGƏC-in yataqxanasında qeydiyyata düşməyimizlə bağlı sənədi təqdim etdi. Guya, mənzillər 2014-cü ilin fevralında təhvil veriləcəkdi”.
Həmçinin, M.Hacıyev qeyd etdi ki, M.Nəsibova verdiyi 55 min manatdan Cavanşir adlı şəxsə də müəyyən qədər pul çatıb. Onun sözlərinə görə, nə Nərimanov RİH, nə də AzGƏC rəhbərliyi bu fırıldağa görə məsuliyyət daşımaq istəmir. “Tədricən məlum oldu ki, 160 nəfərə yaxın insan bu yolla aldadılıb və onlara mənzil verilməyəcək. Başçının 1-ci müavini Ş.İbadov bir neçə ay əvvəl bizi qəbul etdi, sərəncamın həqiqi olduğunu bildirdi, söz verdi ki, problem həll olunacaq.
Lakin bir müddət sonra, Abdin Fərzəliyev öz imzaladığı sərəncamları ləğv elədi. İş istintaqdadır, lakin Məzahir Nəsibov haqqında həbs-qətimkan qərarı çıxarılıb, başqa tədbir görülmür. Çox güman ki, Məzahir Nəsibov qurban verilir, ya da özlərini ictimaiyyətin diqqətindən və məsuliyyətdən kənar saxlamağa çalışırlar. Abdin Fərzəliyevin və Səmyar Abdullayevin bu işlərin başında durmasına heç bir şübhə qalmayıb. 156 nəfərdən alınan 8 milyon manat müəyyən şəxslərin arasında bölüşdürülüb”.
Biz Cavanşir adlı şəxslə əlaqə saxladıq. Bizə özünü Cavanşir Məsumov kimi təqdim edən bu şəxs bildirdi ki, Mübariz Hacıyevlə Məzahir Nəsibovu tanış etməyib. “Məzahir Nəsibovu tanıyırsınızmı?”, - deyə soruşduq. “Bəli, tanıyıram. Onun mənə də verəcəyi var. Məndən də pul alıb”, - deyə C.Məsumov cavab verdi. “Məzahir Nəsibova nə qədər pul vermisiniz?” – deyə soruşduq. “Qardaş, belə şeylər telefon söhbəti deyil. Gəl, görüşək söhbət edək”, - deyə C.Məsumov cavab verdi.
Biz təkidlə ondan təxmini məbləği soruşsaq da, Cavanşir Məsumov cavab verməkdən imtina etdi. LEGION əməkdaşı Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevə də dəfələrlə zəng etdi, lakin S.Abdullayev zənglərimizə cavab vermədi. Nərimanov RiH başçısının 1-ci müavini Şahmar İbadovun xanım köməkçisi isə bizdən əvvəl telefonda bir az gözləməyi, sonra da yarım saata zəng etməyi xahiş etdi. Lakin yarım saat sonra zənglərimizə cavab verən olmadı. Nərimanov RİH-in informasiya təhlil sektorunun müdiri Vəfadar Zeynalova da zəng edərək, Məzahir Nəsibovun və şikayətçi Mübariz Hacıyevin açıqlamalarını şərh etməyi xahiş etdik. Lakin V.Zeynalov sözümüzü dinlədi və... dəstəyi asdı.
Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Vüqar İsmayılov sözügedən mənzil qalmaqalı ilə bağlı cinayət işi açıldığını, hazırda Avropada olan Məzahir Nəsibov barədə həbs-qətimkan qərarı verildiyini təsdiqlədi.
“Məzahir Nəsibovdan başqa fiqurantlar da varmı? Məsələn, bu günlərdə Məzahir Nəsibov ikinci video yayıb. Orda adı hallanan şəxslərdən, RİH nümayəndələrindən də ifadə alınıbmı?”, - deyə soruşduq. “Bu sualları DİN-in mətbuat xidmətinə verin”, - deyə V.İsmayılov bildirdi. “Sadəcə, bizə maraqlıdır, Məzahir Nəsibovun yaydığı videolardan istintaq prosesində yararlanacaqsızmı?”, - deyə soruşduq. “Xahiş edirəm, DİN-in mətbuat xidmətinə müraciət edin”, - deyə V.İsmayılov dəstəyi asdı.
Biz DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadəyə də zəng etdik, təəssüf ki, cəhdlərimz uğursuz oldu... Həqiqətən də, ictimaiyyətə maraqlıdır, Məzahir Nəsibov təkbaşına 156 nəfəri necə aldadıb? Olmaya, həqiqətən də onu qurban verməyə çalışırlar?
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az
[media=https://www.youtube.com/watch?v=1lbmYZ2o-uY]