Tanınmış psixoloq Rafiq Allahverdiyev torpaq fırıldağında ittiham olunur-FOTO
21-01-2017, 00:30
Maisə Cavadova: “Onun mənə “etibarnamə” ilə verdiyi 0,36 hektar torpaq sahəsinin başqasına satıldığını öyrəndim”
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Abşeron rayon Saray qəsəbəsi sakini Maisə Cavadova tanınmış psixoloq Rafiq Allahverdiyev tərəfindən aldadıldığını bildirib. M.Cavadovanın sözlərinə görə, R.Allahverdiyev bir neçə ilə əvvəl torpaq mübahisəsi ilə bağlı məhkəmə prosesində kömək etmək üçün ondan 5 dəfəyə 19 min manat pul alıb. “O, məndən pulları aldı, mən prosesləri uduzdum, özü isə aradan çıxdı. Mən o pulları min cür əziyyətlə, faizə borc alaraq Rafiqə vermişdim. Belə ki, mən Rafiqi axtaranda məlum oldu ki, o, çox adamları aldadıb. Onunla bağlı cinayət işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılırdı.
Onun 9-10 nəfərə müxtəlif formada dələduzluq edərək pul “atdığını” öyrəndim və mən də şikayət ərizəsi yazdım. Rafiq Allahverdiyev ölkədən qaçmışdı, sonradan “İnterpol” xəttiylə tapıb gətirdilər. Onunla bağlı Ağır Cinayətlər məhkəməsində iş gedirdi, o, məni oğlu ilə birlikdə notariusa aparıb oğluna məxsus Qubada olan 0,36 hektar pay torpağı mənə verəcəyi müqabilində mənim ondan şikayət etməməyim və ziyanımın ödənilməsi barədə dilimdən iltizam aldı”, – deyə M.Cavadova bildirdi.
Onun Qafqaznews.az-a dediyinə görə, Qubada Zaur adlı notarius ona bildirib ki, alqı-satqı üçün bankda 20 min manat çıxarış etmək lazımdır: “Məndə o pul yox idi. Zaur müəllim təklif etdi ki, bu işi 750 manata düzəldə bilər. Rafiq bu sənədləşdirmədə mənə kömək edəcəyinə söz verdi və 7-10 gün vaxt istədi. Bu müddət keçdikdə biz görüşəcəkdik, lakin onun oğlu SMS yazdı ki, “atam qəzaya düşüb”.
Bir neçə gün sonra Rafiq Allahverdiyev telefonunu söndürdü, ona zəng çatmadı. Bu yaxınlarda getdim həmin torpağın sənədləşdirmə işini yekunlaşdırmağa, notariusda bildirdilər ki, həmin torpaq başqasına satılıb”.
Qafqaznews.az əməkdaşı Rafiq Allahverdiyevlə əlaqə saxladı. “Siz onun şəxsiyyətini, necə adam olduğunu bilirsiniz? Maisə üzə duran, tərbiyəsiz adamdır. Bir yoxlayın görün, onun sənədləri yerindədir”, – deyə R.Alahverdiyev bildirdi. “Bizə təqdim etdiyi sənədə baxmışıq. Etibarnamə oğlunuzun adından verilib. Onun dediklərini şərh edə bilərsinizmi?”, – deyə soruşduq, lakin R.Allahverdiyev bu suala cavab vermədən dəstəyi asdı.
Az sonra isə R.Allahverdiyev bizə zəng etdi: “Bayaq yanımda adamlar var idi. O torpaq “Cənnət Bağı”nın yanındadır, sotu ən az 1000 manata olan torpağı vermişəm ona, hələ məndən 800 manat pul da istədi, başımdan rədd elədim. Siz bir adama etibarnamə ilə torpaq verirsiniz, hələ qeydiyyat üçün pul da verməlisiniz? Qoy sübut eləsin ki, o torpaq kiməsə satılıb. Mən o torpağı heç kimə satmamışam. Sadəcə, Maisə məndən artıq pul qoparmaq istəyir, indi də mətbuata şikayət etməklə nüfuzdan salmağa çalışır. Mən onu məhkəməyə verəcəyəm”.
M.Cavadova R.Allahverdiyevin sözlərini şərh edərkən bildirdi ki, ondan 800 manat istəməyib: “Mən ona 2015-ci ilin avqustunda demişdim ki, Rafiq, mənim alqı-satqı rəsmiləşdirmək üçün pulum yoxdur. O da demişdi ki, narahat olma, özüm həll edəcəyəm. Üstündən il yarım keçib, nəinki öz sözünü tutub, hətta həmin torpaq sahəsini başqasına satdığını da öyrənmişəm”.
R.Allahverdiyev barəsində “Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin saytında aşağıdakı məlumatlara rast gəlmək olar: “1997-ci ildə Bakı Dövlət Universitetin sosial elmlər və psixologiya fakultəsində psixoloq ixtisasına yiyələnmişdir. 2001-2003 –cü illərdə Təhsil Nazirliyi Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənqurma İnistitutunda Psixologiya kabinetinin metodisti və kabinet müdiri kimi fəaliyyət göstərmişdir. 2003-2011-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsində (İndiki Penitensiar xidmət) psixoloq , böyük psixoloq , sonra psixoloqolar qrupunun rəhbəri olmuşdur.
“Məktəb Psixolqu” , “Penitensiar Psixologiya” adlı kitabın , “Məhkumun özünütərbiyyəsinin psixologiyası haqqında” və “Məhkumun islahı prosesinin səmərəli təşkili” adlı metodik vəsaitlərin müəllifidir”.
Sözardı: Hörmətli psixoloq Rafiq Allahverdiyevə də, dəyərli oxucularımıza da xatırlatmaq istərdik ki, Qafqaz Xəbər Agentliyi hər hansı problem üzərində araşdırma apararkən, vətəndaşların əxlaqi keyfiyyətlərini müzakirəyə çıxarmır və bu, bizim üçün araşdırma predmeti olmur.