Dövlətin informasiya təhlükəsizliyinə təhdid - Rusiya mobil operatorlarının nömrələri Azərbaycanda niyə “Cinə”, “Nara” və “Simə” çevrilir?
24-01-2017, 19:42
Qanunsuz sahibkarlıq, yoxsa qanunsuz dinləmələr və təqib?
Bu günlərdə sırf peşə fəaliyyətimlə bağlı Dağıstana getmişdim. Dostlarıma da demişdim ki, bir-iki gün qonşu dövlətdə olacağam. Oradan redaksiyaya və tanışlarıma telefon açdım. Onlarsa mənə bildirdilər ki, guya Azərbaycandayam və yalan danışıram. Bərk əsəbiləşdim. İstifadə etdiyim Rusiya mobil operatoru olan “Meqafonun” + 7 928 872 69 19 nömrəsini onlara göndərdim. Dostlarım da mənə telefon açdığım zaman aldıqları “Azərsel”in 050 614 72 55, 050 441 88 37, “Azərfon”un 077 594 42 93 nömrələrini yolladılar. Dedilər ki, bu nömrələrdən bizə zəng etmisən, necə olur ki, Rusiyadasan? Təkrar “Meqafon ” nömrəsinə zəng etdikdən sonra əmin oldular ki, Dağıstandayam. Dostlarım tənbəllik etməyib özlərinin qəbul etdikləri nömrələri də yoxladılar. Həmin nömrələrdən hava dalğalarının səsi və bizim operatorların “söndürülüb” və yaxud “işləmir” cavabları gəlib.
Redaksiya əməkdaşlarından biri “Azərsel”ə telefon açıb, problemə aydınlıq gətirilməsini xahiş edib. Oradan cavab veriblər ki, bizlik deyil, bu iş Rusiya mobil operatorları ilə bağlıdır... Elə bu cavab bizi məcbur etdi ki, internet üzərindən müəyyən araşdırmalar aparaq və bəzi mütəxəsislərlə danışaq. Rabitə sahəsindən məlumatlı şəxs dedi ki, Azərbaycan ərazisində, xüsusilə də, sərhədyanı bölgələrdə Çindən qanunsuz gətirilmiş mini rabitə stansiyaları fəaliyyət göstərir. Onlar həm də “SimBoks”lar adlanır. Bu sistemə Azərbaycanın mobil operatorlarına məxsus nömrələr yerləşdirilir. Qonşu ölkədən edilən zənglərin bəziləri bu stansiyalardakı nömrələr üzərindən Azərbaycana ötürülür. Nəticədə yuxarıda qeyd etdiyimiz mənzərə əmələ gəlir.
Sual yaranır: Belə qurğu ölkəmizə necə buraxılır? Kimlər bu işdən qazanc əldə edir? Bu iş daha dərinə gedirmi?
Bu sualların cavablarını aydınlaşdırmaq üçün internetdə araşdırma aparan zaman Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumunun rəhbərliyi tərəfindən 2010-cu ildə edilmiş açıqlamaya rast gəldik. Belə məlum olur ki, bu sistem qanunsuz və dövlət nəzarətindən kənar rabitə sistemidir. “SimBoks” operatorları qeydiyyatsız fəaliyyət göstərməklə yanaşı, dövlətdə vergi itkisinə səbəb olurlar. Belə çıxır ki, bizdəki mini stansiyalar Azərbaycana ziyan vurmaqla, qonşu ölkədən qazanc əldə edirlər. Biz mütəxəsis deyilik və bu məsələnin ciddi araşdırılmasına ehtiyac var. Bəlkə qazanan başqalarıdır? Bəlkə bizim ölkəmizdə də bu qurğunun işləməsinə marağı olan qruplar və rəsmilər var?
Türklər deyir ki, bu qurğular milli təhlükəsizliyə təhdiddir və beynəlxalq rabitə sisteminə iqtisadi zərbədir. İndi biz dəqiq bilmirik, bu zərbə Rusiyaya dəyir, yoxsa Azərbaycana.
Adamın inanmağı gəlmir. Az qala hər gün eşidirik və mətbuatdan oxuyuruq ki, telefon nömrələri vasitəsi ilə insanların yeri təsbit olunur, neçə-neçə cinayətin üstü açılır. Bəs onda görəsən bu mini stansiyaların yerini niyə təsbit edib qanuni ölçü götürmürlər.
Türk qardaşlarımız onu da deyir ki, “SimBoks”ların özlərinin telefon əlaqələrini də dinləmək olmur. İndi dünyada terrorçuluğun vüsət aldığı və Azərbaycanın müharibə şəraitində yaşadığı bir dövrdə belə stansiyaların mövcudluğu təhlükə mənbəyi deyilmi?
Yadımdan çıxmamış birini də deyim. Bu mini stansiyaları idarə edənlərlər qanunsuz dinləmə və təqib də həyata keçirə bilirlər. Bunu mən demirəm, türklər deyir. Türkün sözü olmasın, bəlkə bizdə də kimlərsə elə bu işlə məşğuldur...
Müqəddəs Mehdiyev
teref.az olaraq müvafiq orqanların fikirlərini və açıqlamalarını gözləyirik!
teref.az