Məşhur vəkil Kərəm Həsənovun idarəsini faktlarla korrupsiyada ittiham etdi - İTTİHAM

1-02-2017, 12:05           
Məşhur vəkil Kərəm Həsənovun idarəsini faktlarla korrupsiyada ittiham etdi - İTTİHAM
teref.az məşhur vəkil Qurban Məmmədovun Kərəm Həsənovun idarəsini və idarəçiliyini faktlarla ifşa edən ittihamını təqdim edir!
Qurban bəy postunda yazır:
ƏMDK yanında DƏDRX-in ərazi idarələrində əhaliyə qarşı açıq dələduzluq davam edir.
Ehtiyatlı və diqqətli olun, əziz vətəndaşlar !
"Dövlət rüsumu haqqında" Qanunun 26.1.1 və 26.1.2-ci yarımmaddələrinə əsasən, " daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi (30 manat) və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi (50 manat)" üçün cəmisi 80 manat ödənilməlidir. Ancaq vətəndaşların məlumatsızlığından sui-istifadə edən DƏDRX əməkdaşları vətəndaşlardan sənədləri qəbul edərkən onlara bir ərizə blankına imza etdirirlər. Həmin blankda guya, vətəndaşın istəmədiyi və ona lazım olmayan hansısa sənədləri də istədiyi qeyd olunur (məsələn, daşınmaz əmlakın qiymətləndirilməsi barədə arayış--45 manat) və nəticədə sizdən 80 manat əvəzinə daha çox pul alınır. Bundan başqa, xidmət haqqı adıyla əlavə 35 (34+1) manat pul tutulur. Ancaq bu "xidmət"in nədən ibarət olması məlum deyil. İstənilən ödəmənin qarşılığında nəsə sənəd verilməlidir. "Xidmət haqqı" adıyla vətəndaşlardan alınan bu 35 manatın müqabilində isə vətəndaşa "Çıxarış" və "Texniki pasport"dan başqa heç nə verilmir. Bu sənədlərin də, qeyd etdiyim kimi, dövlət rüsumu 80 manatdır. Bu həyasızlığa son qoyulacaqmı? 4-5 gün bundan qabaq DƏDRX-in Abşeron rayon ərazi idarəsində "Çıxarış"a görə məndən 156 manat istədilər. Maraqlananda aydın oldu ki, "Qiymətləndirməyə dair arayış" da verirlər mənə, qiyməti- 45 manat. Etiraz etdim. Azaltdılar. 115 manat tələb etdilər. 80 manatı dövlət rüsumu, 35 manat isə "xidmət haqqıdır" dedilər. "Hansı xidmətin haqqıdır"--deyə, soruşanda: ""Çıxarış"ı verməyin əvəzidir"-dedilər. "Bəs 80 manat nədir?"-deyə soruşdum. Cavab: "O dövlət rüsumudur"--dedilər. "Yaxşı, 80 manatın əvəzində siz mənə "Çıxarış" və "Texniki pasport" verdiniz. 35 manatın əvəzində bəs nə verirsiniz?"--deyə, soruşanda gözlərini döydülər. Sizcə, əhalidən artıq alınmış bu 35 və başqa manatlar hara gedir? Dələduzluq bununla bitmir. "Dövlət rüsumu haqqında" qanunun 26.6-cı maddəsinə əsasən, "Forma-1" (yüklülüyə dair) arayışının dövlət rüsumu 10 manatdır. Ancaq nədənsə, bütün notarius və banklarda, hətta "Asan Xidmət" sistemində bu arayışa görə vətəndaşlardan 30 manat alınır. Yenə də artıq alınan 20 manatı "xidmət haqqı" adlandırırlar. Bəs onda 10 manat nədir? Bu sualın cavabı "Dövlət rüsumu haqqında" qanunun 1-ci maddəsində belə verilir: "Maddə 1. Dövlət rüsumu anlayışı
1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.
1.3. Bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz."
Tarif Şurasının 31 iyul 2009-cu il tarixli "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" Qərarında DƏDRX orqanlarında göstərilən xidmətlərin dəqiq siyahısı və qiymətləri, eləcə də, həmin xidmətlərin qarşılığında vətəndaşlara verilməli olan sənədlərin adı dəqiq göstərilib. "Dövlət rüsumu" ---xidmət haqqı deməkdir. Bir xidmətə görə iki haqq alına bilməz: biri dövlətə, biri də DƏDRX-ə. Tarif Şurası yalnız "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmayan xidmət və hərəkətlərə görə qiymət müəyyənləşdirə bilər. Mən hələ bu qiymətlərin göstərilən xidmətlərin həcminə və mahiyyətinə hədsiz tənasübsüz olmasından danışmıram. Bu, başqa mövzudur.
İndi söz korrupsiyaya qarşı mübarizə aparmalı olan təşkilatlarındır. "Dux"unuz varmı DƏDRX-ə, Kərəm Həsənova qarşı tədbir görməyə" ? Əhalidən qanunsuz alınan milyonları kim qaytaracaq?
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.