Ofisantlıq, nərd marağı, saxta diplom, “padval”dakı qohum və… - Mahir Quliyev haqda şok faktlar
17-02-2017, 10:18
Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və hobbiləri ilə daha çox təəccübləndirir. Oxucular üçün maraq doğuracağını nəzərə alıb cumhuriyyet.az olaraq icra başçıları haqda yayılan məlumatlar əsasında onların portretini çızmağa çalışacayıq. “Balaca padşahların böyük nağılı” adlı bu rubrikada cumhuriyyet.az olaraq media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalar əsasında Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevn portretini sizə təqdim edirik. Bu yazıda onun ofisantlıqdan icra başçılığına gedən yoluna nəzər salmağa çalışacağıq. Beləliklə….
Kimdir Mahir Quliyev?
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Onun haqqında maraqlı faktlardan biri də odur ki, Mahir Quliyevin heç bir ali təhsili olmayıb. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayan Mahir Quliyev yalnız 38 yaşına çatanda təhsil haqda düşünməyə vaxt tapıb. Bu isə ona vəzifə tutması üçün lazım olub, əks halda onun təhsil heç yadına da düşməzdi. Beləliklə yalnız 2000-ci ildə Bakı şəhərində heç kəs tərəfindən tanınmayan “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirən hazırkı icra başçısının keçdiyi həyat yoluna nəzər salmaqda davam edək.
O, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Mahir Quliyevi Bulvardakı “Sahil” restoranı ilə nə bağlayır?
Şüurlu fəaliyyətinin böyük bir hissəsini ictimai iaşə sektorunda çalışan Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil» restoranından işləyib. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur.
Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və prestijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər. Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev də təşrif buyururmuş. Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan Mehdiyevin davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.
Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı Ramiz Mehdiyevdən xahiş edir. Elə həmin xahiş də Mahir Quliyevin gələcək karyerasının müəyyənləşməsində böyük rol oynayır. Əvvəlcə özünə Səbayel bələdiyəsində yer tapan Quliyev sonra daha böyük vəzifəyə – Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almağı bacarır. 2011-ci ildən isə Biləsuvar rayonuna rəhbərlik etməyə başlayır.
Lətifəyə çevrilən hadisə
Bu əsnada cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı çox maraqlı bir fakta rast gəldik. Həmin məlumatda deyilir ki, Mahir Quliyev Bakıdan gələn qonaqları qarşılamalı olur. Dövlət işlərində heç zaman işləməyən sözügedən şəxs gələn qonaqları qarşıladıqdan sonra müşavirə keçirir və ilk iclasda da dili topuq vurmağa başlayır. Hətta çıxışı zamanı bir neçə dəfə ciddi səhvlərə yol verdiyi halda, Prezident Admnistrasiyasından gələnlər bunu onun «molodoy»luğuna bağışlayırlar.
İş gəlib rəsmi hissədən, ziyafət bölümünə keçir. Elə gülməli hadisə də bu zaman baş verir. Belə ki, öncədən restoranlardan birinə hazırlıq görülməsi barədə göstəriş verən Mahir Quliyev rəsmi tədbir qurtaran kimi, qonaqları İcra Hakimiyyətinin binasında buraxaraq, təcili həmin restorana gedir. İcra başçısının müavini orada olduğundan başçının gəlişindən təəccüblənir. Mahir Quliyev isə ziyafət zalına daxil olan kimi, tez-bazar masanın üzərini düzəltməyə, çəngəl-bıçağı qaydasında qoymağa başlayır. Bunu görən müavini ona yaxınlaşaraq deyir: «Cənab başçı, bu işlər sizlik deyil. Onlarla məşğul olan ofisantlar var. Siz icra başçısısınız. Bura da «Sahil» restoranı deyil». Həmin bu sözlərdən sonra ayılan Mahir Quliyev Astarının icra başçısı olduğunun fərqinə varır və yadına düşür ki, Bakıdan gələn qonaqları İcra Hakimiyyətinin binasında buraxaraq gəlib.
Saxta diplom ittihamı
Biləsuvarın icra başçısı Mahir Quliyevlə bağlı cumhuriyyet.az olaraq media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında əldə etdiyimiz məlumatlarda diqqət çəkən xüsusi bir məqam icra başçısının ali təhsil haqqındakı sənədin saxta olmasıdır. Qeyd edək, icra başçısının rəsmi tərcümeyi-halında onun 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirməsi haqqında bilgi öz əksini tapıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Real həqiqətlər” Araşdırma Mərkəzin sorğusu üzərinə bu quruma göndərdiyi 04/73№-li 26.01.2016-cı il tarixli cavabda göstərilir ki, “28.09.1958-ci il təvəllüdlü Quliyev Hacı Mahir oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən alı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etməmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında o da qeyd edilir ki, Mahir Hacı oğlu Quliyevin hər hansı bir alı və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”. Bu məlumat Biləsuvar rayon icra hakimiyyəti başçsı Mahir Quliyevin ali təhsil haqqındakı sənədinin saxta olduğunu, saxta sənədlə işləyən icra başçısının bu əməli isə Cinayət Məcələsində cinayət əməli hesab olunur. Bu məlumatla bağlı 24saat.org saytı Prezident Adminstrasiyasına (PA) rəsmi sorğu göndərmək, məsələ ilə bağlı PA-nın rəhbəri Ramiz Mehdiyevin mövqeyini öyrənməyə cəhd edəcəkdir.
Biləsuvarın idarəçilindəki problemlər
Biləsuvar kimi strateji əhəmiyyətli rayonun başçısı, keçmiş kafe-restoran işçisi M.Quliyevi gündüz əlində çıraq axtarasan tapa bilməzsən. O, ilin bütün günlərini Bakıda olur. Rayonu isə onun bölgədə “dana oğrusu” kimi ad çıxarmış köməkçiləri idarə edirlər. Bu adamlar ona görə “dana oğrusu” adını alıblar ki, bir-neçə dəfə mal-qara oğurluğuna görə həbs ediliblər. Mediada yayılan məlumatlara istinadən dosye.org bildirir ki, M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektarlarla ərazini mənimsəyib və əkin sahəsinə çevirib. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. İcra hakimiyyətinin büdcəindən müxtəlif “proqramlar” üçün silinən pulların böyük hissəsi sarımsaq-qarpız əkininə sərf edilir. Kafe-restoranlarda fəaliyyətə başlayan və dünyagörüşü kafe –restoranlagündən bu yana rayondakı mədəniyyət obyektlərini dağıdıb, yerində ticarət mərkəzləri tikdirib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bu mağazalarda isə M.Quliyevin qoçu dəstəsinin qonşu İrandan gətirdiyi ərzaq və onun əkin sahəsində becərilən tərəvəz məhsulları satılır. Bu icra başçısı tovuz quşunu çox sevir. Bəlkə də ona görədir ki, yezidilərin simvolu olan tovuzquşunu sevməsi icra başçısında islam dininə qarşı bu qədər aqressiya yaradıb. Mahir Quliyev rayonun axunduna tapşırıb ki azan səsini azaldın. Hətta müqəddəs Ramazan ayında da biləsuvarlılar azan səsinə həsrət qalıblar.
Növbəti yazımızda isə aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
– Mahir Quliyevin hamıdan gizlətməyə çalışdığı “mühüm məsələlər” hansılardır?
– Ona niyə “çəngəl-bıçaq” Mahir deyirlər?
-Mahir Quliyevin bir müddət əvvəl “Bandotdel”də saxlanan qohumu kimdir?
-İcra başçısının nərd xəstəliyi və qarovulçu ilə gecə oyunları;
– İcra başçısının müavinlərindən birinin gizli macərası….
– Biləsuvardakı şok tender fırıldaqlarında Mahir Quliyevin əsas şərikləri kimdir?
– O hansı məclisdə və kim haqqında “quş” buraxıb?
Bu və digər mövzularla bağlı daha ətraflı yaxın günlərdə…