Tərtər İcra Hakimiyyəti başçısının abadlıqda biabırçılığı
28-02-2017, 15:36
Hər il dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan rayonlarda təmir-bərpa işlərinin, infrastruktur layihələrinin icrası məqsədilə vəsait ayrılır. Bəzi icra başçıları həmin vəsaitlərdən səmərəli şəkildə istifadə etsələr də, bəziləri büdcə pullarını təyinatı üzrə xərcləmirlər. Bu haqda mətbuatda mütəmadi olaraq yazılar dərc olunur və hansı icra başçılarının qanunsuz maliyyə əməliyyatları aparmaları barədə faktlar üzə çıxarılır.
Son dövrlər adı mətbuat səhifələrində tez-tez çəkilən məmurlardan biri də Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədovdur. Məlumat üçün bildirək ki, bu şəxs əslən Yevlax rayonundandır. O, 1994-cü ildə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərlik bölməsində müfəttiş, 1994-2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006-2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri, 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. 7 may 2014-cü il tarixdən isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısıdır.
Qeyd edək ki, Müstəqim Məmmədov vəzifəyə təyin ediləndən sonra Tərtərdə sosial problemlər azalmaq əvəzinə, daha da artıb. Ayrı-ayrı mətbuat orqanlarında indiyədək icra başçısının fəaliyyətindəki qanunsuzluqlarla bağlı maraqlı məlumatlar dərc olunub. Məsələn, bir müddət əvvəl icra başçısının rayon bələdiyyələrinə və icra nümayəndəliklərinə ayrılan dövlət vəsaitlərinə maraq saldığı haqda ittihamlar səsləndirilib. Bildirilib ki, rayonda fəaliyyət göstərən bələdiyyələrə ayrılan dotasiya nəzərdə tutulan işlərə sərf edilmir: "İcra başçısı bələdiyyə sədrlərinə qəti olaraq tapşırıb ki, ayrılan dotasiyanı son qəpiyinə kimi lazım olan yerə yönəltmə edirlər. Yəni bu vəsaitlərin necə və hansı işlərə xərclənməsini başçı özü müəyyənləşdirmək istəyib. Halbuki, rayon rəhbərinin bələdiyyələrin fəaliyyətinə müdaxilə etməyə ixtiyarı yoxdur. Bələdiyyə rəhbərləri isə sözü bir yerə qoyublar ki, həmin vəsaitin hamısını qəpiyinəcən bələdiyyələrin saxlanmasına, ehtiyaclarına sərf edəcəklər. Bundan hiddətlənən icra başçısı maliyyə şöbəsinə həmin vəsaitin bələdiyyələrin balansına köçürülməməsi ilə bağlı göstəriş verib. Buna görə də bir müddət Tərtərdə başçı ilə bələdiyyə sədrləri arasında narazılıqlar yarandı. Prezident Administrasiyasının rəsmilərinin məsələyə qarışmasından sonra problem həllini tapdı". Redaksiyamıza daxil olan digər məlumatlarda deyilir ki, icra başçısı Tərtər camaatını narahat edən problemləri həll etməkdə maraqlı görünmür: "Müstəqim müəllim insan kimi yaxşı insandır. Amma məsələ işə qalanda, bu adam ona həvalə edilən vəzifələri layiqincə yerinə yetirə bilmir. Hazırda Tərtər rayonunda sayı-hesabı bilinməyən problemlər mövcuddur. İstər rayon mərkəzində, istərsə də kəndlərdə yaşayan sakinlər sosial problemlərin girdabında çabalayırlar. Son günlər havaların kəskin dəyişməsi ilə əlaqədar bu problemlər özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Əksər kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranır. Səbəbini soruşuruq deyirlər ki, texniki nasazlıqdı, aradan qaldırılacaq. Hər il bu sözləri eşidirik, amma heç bir iş görülmür. Nə normal su verirlər, nə də qaz". Məlumatda həmçinin rayonun əksər kəndlərinin yollarının bərbad vəziyyətdə olması da qeyd olunur: "Cəbhə xəttində yerləşən kəndlərin yolları tamamilə yararsız haldadır. İcra hakimiyyətinin nümayəndələri bir dəfə də olsa erməni ilə üzbəüz dayanan insanların yanına gedib onların problemi ilə maraqlanmırlar. İcra başçısının başı Yevlaxdakı biznesinin idarəçiliyinə qarışıb. Axı belə olmaz? Müstəqim müəllim icra başçısı olaraq hər bir tərtərlinin qeydinə qalmalı, onları rahat buraxmayan problemlərin həlli istiqamətində səy göstərməlidir. İcra başçısının fəaliyyəti yerli camaatın ürəyincə deyil. Bu gün Tərtərdə süründürməçilik və özbaşınalıq halları qeydə alınan dövət idarələri az deyil. Hansısa sənədi almaq istəyiriksə, bizdən nəysə tələb edirlər. Rayonun əksər sahələrində problem yaşanır. Təhsil və səhiyyə sistemi isə demək olar ki, məhv olmaq həddindədir. Təəssüf ki, bütün bunlar icra başçısını heç də narahat etmir". Araşdırmalar nəticəsində məlum oldu ki, bir müddət əvvəl Tərtər rayonunda dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair Hesablama Palatası tərəfindən audit tədbirləri həyata keçirilib. Yayılan informasiyaya əsasən rayonda Mənzil Təsərrüfatı Birliyinə ayrılan vəsaitlər, həmçinin yol infrastrukturunun qurulması, abadlıq işləri üçün ayrılan büdcə pullarının istifadəsində nöqsanlar ortaya çıxıb: "Aparılan yoxlamalar zamanı bir sıra büdcə təşkilatları üçün ayrılan dəftərxana, ezamiyyət, məzuniyyət xərclərində şişirtmələr baş verdiyi məlum olub. Podratçı şirkətlərin seçilməsi zamanı "Tender haqqında" Azərbaycan Respublikasının müvafiq qanunlarının pozulmasına dair faktlar ortaya çıxıb. Müstəqim Məmmədov audit yoxlamalarının nəticələrinin ictimailəşməməsinə çalışsa da, buna nail ola bilməyib.
Üzə çıxarılan qanun pozuntuları palata tərəfindən yuxarı instansiyalara təqdim olunub. Çox güman ki, yaxın vaxtlarda icra başçısının barəsində lazımi tədbirlər görüləcək". Tərtərdə tender qanunvericiliyinə əməl olunmamasından söz düşmüşkən onu da qeyd edək ki, bir neçə ay öncə rayonun mədəniyyət sahəsində baş verən özbaşınalıq halları ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, Tərtər rayon Mədəniyyət və Turizm şöbəsi "Digər maşın və avadanlıqların satın alınması" məqsədi ilə 36500 manatı "Divanlı-SC" MMC-yə ayırıb. Bundan əlavə şöbə 22600 manatlıq "Avadanlıqların satın alınması" prosesini "Odlu Ürək" MMC-yə həvalə edib. 44 min manatlıq "Bərk inventarların satın alınması" prosesi "Nur Yolu-A" MMC-yə, 7800 manatlıq Soba (odun) yanacağının satın alınması "Zərrə-FM" MMC-yə, 8800 manatlıq yumşaq inventarların satın alınması yenə "Zərrə-FM" MMC-yə verilib. Deyilənə görə, bu şirkətlərin hamısı icra başçısına yaxın adamlar tərəfindən idarə olunur. Məlumata görə, "Zərrə-FM" MMC təkcə bu işləri deyil, həmçinin şöbə üçün digər avadanlıqların alınması prosesini də həyata keçirib. Məsələn, 9400 manatlıq "İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması"nı bu şirkət reallaşdırıb. Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasını da həyata keçirən "Zərrə-FM" MMC bunun müqabilində 12 min manata sahib olub. Rəsmi rəqəmlərdən də aydın olur ki, Tərtər rayon Mədəniyyət və Turizm şöbəsində maraqlı tender oyunları həyata keçirilib. Təkcə dəftərxana ləvazimatlarına 12 min manatın ayrılması təsdiq edir ki, büdcənin pullarını yox etmək üçün icra başçısı elə də əziyyət çəkməyib.
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə, mövqeyini dərc edə bilərik.
BakuNews.Az