Kərəm Həsənov 1 hektar torpağı olan ASC-ni cəmi 25 minə satdı

1-03-2017, 01:10           

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib. Bu haqda komitənin mətbuat xidməti xəbər verir. Məlumatda bildirilir ki, hərrac zamanı 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla, 10 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlakların 7-si Bakıda, 3-ü isə digər şəhər və rayonlarında yerləşir.

Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə 31 saylı mebel təmiri sexi, Yardımlı və Şəkidə yerləşən qeyri-yaşayış binaları aiddir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

Dövlət Komitəsi fevralın 21-də özəlləşdirilən səhmdar cəmiyyətlərin səhm zərflərinin satışı üzrə hərracların nəticələrini də açıqlayıb. Təkrar hərracda «Avtomotoservis və Ticarət» ASC-nin səhmlərinin 1 ədədi 1 manata satılıb. Ötən ilin noyabrında bu ASC-nin 25 min 275 ədəd səhminin satışı üzrə hərrac rəqabətli olub. Naməlum investor onlara 600 min manat və ya start qiymətindən 24 dəfə çox ödəmək öhdəliyi götürüb. Sonradan məlum olub ki, hərrac baş tutmamış hesab edilib. Çünki qalib bu məbləği ödəməkdən imtina edib.

Fond bazarının iştirakçıları hesab edir ki, bu ASC-nin səhmləri əslində 8 manatdan ucuz deyil. Bu isə müəssisənin tutduğu 1 hektar ərazinin Bakının tanınan yerində, «Şəki» restoranının yaxınlığında olması ilə bağlıdır. Bəs o zaman əvvəlcə həmin ASC-ni 600 min manata alan investor sövdələşmdən niyə imtina edib? Ola bilərmi ki, Bakının mərkəzində 1 hektar ərazisi olan ASC-ni özəlləşdirməkdə əslində daha nüfuzlu adamların marağı olub və həmin investora təzyiq edərək onu səhmlərdən imtinaya məcbur ediblər?

Axı "Şəki” restoranının yaxınlığında 1 hektar ərazinin qiyməti indi milyonlarla ölçülə bilər. İndi isə həmin səhmdar cəmiyyəti 1 hektarlıq ərazisi ilə birlikdə cəmi 25 min manata satıblar. Hansı ki, bu qiymətə hazırda Bakının mərkəzindən nisbətən kənarda cəmi 1 sot torpaq almaq olardı.

Bildirilir ki, komitə növbəti hərracı martın 7-nə təyin edib. Həmin hərraca 17 kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və ləğv edilmiş «Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaq.

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Bundan sonra özəlləşdirmənin yeni mərhələsi başlayıb.

(Mənbə:bizimxeber.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.