Mir Cəfər Bağırovun alim oğlu
17-05-2017, 09:23
...Cen Mir Cəfər oğlu Bağırov 1932-ci il avqust ayının 9-da anadan olmuşdur. Böyük qardaşı Cahangir kimi onun da ilk müəllimləri doğma valideynləri oimuşdur. Ata - respublikanın rəhbəri Mir Cəfər Bağırov evdə həmişə müəllim, ana - Yevgeniya Mixaylovna tərbiyəçisi olmuşdur. Cen də Cahangir kimi yaşadıqları binanın yaxınlığındakı 6 saylı məktəbdə oxumuşdur.
1943-cü ilin iyun ayında qardaşının məzarı başında göz yaşlarım ürəyinə axıdan on hir yaşlı Cen qəti qərarını valideynlərindən gizlətməmişdir: “Cahangir kimi hərbçi olacağam!”
Orta məktəbi əla qiymətlə bitirən Cen Tbilisi şəhərindəki hərbi məktəbə qəbul olmuşdur. 1952-ci ildə isə Moskvadakı Jukovski adına Aviasiya Akademiyasına qəbul imtahanlarına ən yüksək bal toplamışdır. Fitri istedad sahibi, dəqiq fənlər bilicisi olan ali məktəb tələbəsi tez bir zamanda akademiya müəllimlərinin diqqətini özünə cəlb etmişdir. Fəqət... Gələcəkdə kosmik uçuşlar üzrə general olacaq tələbə uçuş meydanından didərgin salınmışdır. 1954-cü ilin fevralmda Azərbaycan kommunistlərinin iyirminci qurultayında “sapı özümüzdən olan baltaların” səsi Kreml şovinistlərinə çatan kimi Aviasiya Akademiyasına sərəncam göndərilmişdir - tələbə Bağırov akademiyadan kənarlaşdırılsın!
Təyyarəçi tələbə aqronomluq ixtisası üzrə ali təhsil almağa göndərilmişdir. 1956-cı ilin aprel ayında Moskva Kənd Təsərrüfatı İnstitutunun dördüncü kurs tələbəsi anası ilə birlikdə Bakıya gətirildi. Xalqımızın düşmənlərinin onun rəhbərinə qurduqları qondarma məhkəmə iclasından sonra ata, ana və oğul beş dəqiqə birlikdə nəfəs aldılar. Ayrılıq məqamında Mir Cəfər Bağırovun ciyərparasına söylədiyi sözlər onun yaddaşına hakim kəsildi: “Sənin atan heç vaxt xalq düşməni olmayıb və ola da bilməzdi. Bizim xalqımız yaxşı xalqdır. Öz xalqınla yaşa “.
Atasının ölüm ayağında əyilməzliyi ilə öyünən oğul biçarə anası ilə Moskvaya qayıtdı - Moskvanın İnşaatçılar küçəsindəki iki gözdən ibarət sadə bir mənzilə. Nə divar boyunca qiymətli mebel, nə tavanda büllur çilçıraq. İşıq yazı masasının üstündən saçılırdı - Mir Cəfər Bağırovun fotosundan.
Cen Mir Cəfər oğlu ömrünün sonunadək yuxusuna haram qatsa da, qazancına haram qatmadı. Gecə-gündüz çalışdı. Ona indi həm də atalıq edən bir nurani xilqətin - doğma anasının qayğısını çəkdi. Kəskin sarsıntı keçirmiş ağbirçəyi gözləri üstündə saxladı. Cen, Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasında elmlər namizədi, elmlər doktoru oldu, kafedra müdiri seçildi. Artıq anasının təkidlə etdiyi xahişə əməl etmək vaxtı gəldi: texnika elmləri doktoru əczaçılıq elmləri doktoru ilə nigah bağladı. 1971 -ci ilin oktyabrında Moskvanın İnşaatçılar küçəsindəki binalardan birində qurulan toy məclisinə Bakıdan gələnlər də vardı: Cenin sədaqətli qohumu Sovet İttifaqı qəhrəmanı Azərbaycan SSRİ Daxili İşlər Nazirinin birinci müavini general Səlahəddin Kazımov, əfsanəvi futbolçu Ələkbər Məmmədov Bakıdan Moskvaya gəlmiş Moskava Konservatoriyasının Fortepianoçusu Azərbaycanın xalq artisti Tamilla Mahmudova isə təzə gəlin Valeriya xanımla dostlaşmışdı...
1978-ci ilin aprel ayının 21-də professor Cen Bağırov evə daxil olan kimi güclü bir pəhləvana döndü, anasını qolları üstünə aldı, sonra yerə qoyub alnından, üzündən, gözlərindən öpdü: anacan doğum evindən şad xəbər gətirmişəm: gəlinin bizə oğul bəxş edib!
Yevgeniya ananın gözləri sevinc yaşları ilə doldu. Xatirinə Cen dünyaya gələndə atasının necə uşaq kimi sevindiyini, onu bərk-bərk qucaqlayıb öpdüyünü gətirdi. Və birdən oğluna müraciətlə dedi:
- Balaca pəhləvanın adını necə çağıraq?
Cen yazı masasının sol küncündə çilçıraq kimi işıq saçan fotoya baxdı. Elə bil şəkil canlanmışdı:
- Ana, nəvən qoy atamın adını daşısın!
- Lap yaxşı. Ancaq bəlkə Cəfər olsun?
- Yox, ana, mən Cəfər oğlu deyiləm, Mir Cəfər oğluyam. Qeyrətsiz oğullar atasının adını qısaldarlar.
SSRİ paytaxtında balaca “Mircəfər” böyüdən zəkalı alim böyük Mir Cəfəri yetirmiş Azərbaycan torpağı ilə canlı ünsiyyət körpüsü qurdu. Onun Moskvadan göndərdiyi məktub və teleqramları M.C.Bağırovun bacısı nəvəsi Məmmədtağı Bağırov göz bəbəyi kimi qoruyub saxlayır:
“Salam, əziz Tağı!
Mən bilirəm ki, sən Xaçmazdan Moskvaya zəng vurub danışmaq istəsən də, alınmamışdır. Elə buradan da sizlə telefon əlaqədi saxlamaq müşkül məsələdir. Ona görə də məktub yazmağı lazım saydım. Bu köhnə üsul olsa da, etibarlıdır.
Etiraz etmirsənsə, dekabrın 6-dan 13-dək qonağımız olardım. Necə ki, keçən il dekabr ayından olduğu kimi. Beləliklə, dekabrın 7-də sübhdən limanda ova başlaya bilərik. Qalan vaxtımızın cədvəlini özün tutarsan. Bu dəfə tək özüm gələcəyəm.
Səninlə bir məsələni aydınlaşdırmaq istəyirəm: ov tüfəngimi özümlə götürüm, yoxsa yox? Düşünürəm ki, tüfəngi də, ov paltarını da orada taparam.
Sözüm bu qədər. Çalış mənə zəng vur ki, qabaqcadan təyyarə bileti alım.
Ailəmiz adından ən yaxşı arzularımızı bildirirəm. Səni bağrıma basıram.
Tezliklə görüşmək ümidi və ovçu salamı ilə:
Cen. 18 noyabr 1986-cı il”
Səksəninci illərdə Cenin Azərbaycana gəlməsindən, Xaçmazdakı qohumlarının evində qonaq olmasından, peşəkar ovçu olmasından çoxları xəbərdardırlar. Həmin illərdə “Kommunist” qəzetinin müxbiri olmuş Bariz Əsədov “Azərbaycan” qəzetinin 2007-ci il 10 iyul tarixli sayında dərc edildiyi “Yeri gəlmişkən” məqaləsində yazır: “Mir Cəfər Bağırovun Moskvada yaşayan kiçik oğlu professor Cen Bağırov ötən əsrin səksəninci illərində tez-tez Bakıda və Qubada qohumlarına baş çəkirdi. Bu dəfə yaxınlıq etdiyim qohumu Tağıgildə onunla görüşmək mənə də nəsib oldu. 1974-cü ildə doktorluq monoqrafiyası əsasında hazırladığı kitabından danışdı, atası haqqında xatirələr üzərində işlədiyini bildirdi”.
Bariz Əsədovun adını çəkdiyi kitab əlimizdədir, pofessoran çap edilmiş və dünyanın bir çox ölkələrində yayılmış əsərlərindən biridir. Moskvada on min tirajla “Maşınqayırma” nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılmış bu kitab “İnşaat və yol maşınlarının daxili yanacaq mühərrikləri” adlaır. Kitabı oxuduqca müəllifinin ensiklopedik bilik sahibi olduğunun şahidi kəsilirsən. Professor geniş həcmli kitabını nəşrə hazırlayarkən dünyanın bir çox ölkələrində qazanılmış nəzəri və təcrübi nəticələrlə yaxından tanış olmuşdur. Kitabda Yaponiyanın Komatsu, Fransanın Berliye, ABŞ-ın Kammins, Almaniya Federativ Respublikasının Fariman, İngiltərənin Leyland, İtaliyanın Çento-Ferrara firmalarının isehsal etdikləri maşınların keyfiyyət göstəriciləri elmi şəkildə təhlil olunur.
C.M.Bağırov bir alim və tədqiqatçı-ixtiraçı kimi dünyanın bir çox ölkələrində ezamiyyətdə olmuş, beynəlxaq elmi yığıncaqlarda məruzə etmişdir. Almaniyada, Bolqarıstanda, Türkiyədə Mir Cəfər Bağırovun alim oğlunun izləri qalmışdır. Lakin o, SSRİ dağılarkən bir çox partiya və dövlət xadimlərinin övladları kimi rahat güzaran dalınca xaricə getməmişdir. Onun Azərbaycana, Xaçmazdakı qohumu və ən yaxın dostu Məmmədtağıya göndərdiyi bir məktubu həyəcansız oxumaq qeyri-mümkündür. Tanış olun:
“Salam, əziz Tağı!
Noyabrın 29-da səhər nə baş verdiyim anlaya bilmirəm. Sən bizə zəng vuranda, yataqda olduğumdan dəstəyi Valeriya qaldırıb məni çağırdı. Mən telefona yaxınlaşıb danışmaq istəyəndə artıq aparat susmuşdu.
Necəsən? Səidə (Məmmədtağının həyat yoldaşı), Mətləb (Məmmədtağının oğlu), qızların, nəvələrin necədirlər? Bizim vəziyyətimiz get-gedə ağırlaşır. Anam sərbəst yeriyə bilmir. Bəzən başı gicəllənib yerə yıxılır. Qaynanamın halının nə vəziyyətdə olduğunu sən öz gözünlə gördün, yaxşılığa doğru dəyişikl ik yoxdur.
Valeriyaya gəldikdə, o, həddən artıq əziyyət çəkməli olur. Ailənin maddi təminatı üçün yorulmadan çalışır. Evin bütün təsərrüfat qayğıları da öz yerində. Ona görə də sağlamlığı pozulmuş, sanki balacalaşıb zəif qızcığaza dönmüşdür.
Özümdən nə yazım? Əvvəlki kimi işləyir və təqaüd alıram. Ancaq işləmək daha mənə mənəvi zövq vermir. İndi elm heç kimə lazım deyildir. Elmi fəaliyyətini, elmi dərəcəni, elmi adını saya alan yoxdur. Beləliklə, mən ancaq və ancaq ailə büdcəsi naminə çalışıram.
Sabahkı gün inamı və ümidi itirərək, bax beləcə, əziz dost kədərli ömür sürürük. Demək olar ki, heç yerə getmir, heç kəslə görüşmürük. Bir küncə atılmış ov tüfəngimi toz basıb. İndi burada ancaq adamları ovlayırlar. Güzəranımız elədir ki, heçbilmirəm, nə vaxt görüşə biləcəyik. Xahiş edirəm atanın, ananın, bibinin, bütün rəhmətlik qohumlarımızın məzarını ziyarət edəndə, mənim yerimə də onlara baş əy.
CEN.
Moskva, 3 dekabr 1993-cü il”.
1993-cü ilin dekabrında Bakıda nə baş vermişdi? “Yazıçı” nəşriyyatı daşnaqların qənimi Mir Cəfər Bağırovun şahanə fotosunu eybəcər karikatura şəklinə salıb, 60 min tirajla nəşr etdiyi bir kitabın üzərinə həkk etmişdi - “Mir Cəfər Bağırovun məhkəməsi”. Naşirin ermənipərəstliyinə bax! 1993-cü ilin iyulundan noyabrınadək Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olunduqları bir vaxtda, silva kapituk- yanlara, zori balayanlara bundan da gözlənilməz sevinc bəxş etmək kimin ağlına gələrdi? Nə yaxşı ki, Azərbaycandakı dostlar bu əcaib “toplunu” Cendən gizlətmişdilər.
Deyilən görə, Cen də atası kimi öz doğum günlərini bayrama çevirməyi xoşlamazmış. Hətta 1992-ci ilin avqustun 9-da 60 illiyini də yada salmamışdır. Bununla belə, o, hər il 8 Mart qadınlar bayramı münasibətilə həm ailədəki, həm də Azərbaycandakı qohum xanımları təbrik edərmiş.
1994-cü ilin martında axşam Cen evdəki xanımları - anasını, qaynanasını, sədaqətli arvadını öpüb-qucaqladı, hərəyə bir qızılgül təqdim etdi. Sonra ailə üzvləri qəribə bir mənzərənin şahidi oldular: Cen yazı masasının sol küncündən boylanan atasının fotosunu qaldırıb bağrına basdı və yerinə qoydu. Kresloda taqətsiz halda əyləşmiş anasına yaxınlaşdı. Əyilib onun əllərindən, gözlərindən və... üzüksüz barmaqlarından, sırğasız qulaqlarından öpdü. Cen kövrəlmiş vəziyyətdə ayağa qalxanda on beş yaşlı Mircəfər atasını suala tutdu:
-Ata, qulaqdan, barmaqdan öpmək nə deməkdir?
Ata hərəkətinin mənasını istəkli ciyərparasına izah edəndən sonra Mircəfər də nənəsinin qulaqlarından öpdü. Mahiyyət bundan ibarət idi;
Cenin yadına on dörd yaşında ikən evdə öz gözləri ilə gördüyü bir hadisə düşmüşdü: atamın anadan olmasının 50 illiyi münasibətilə Cənubi Azərbaycandan qiymətli hədiyyələr gətirilmişdi.
Bunların arasında 6 ədəd almaz, 15 ədəd firuzə daşı vardı. Anamın gözləri dalınca dikilə-dikilə atam bunları digər hədiyyələrə qataraq muzeyə təhvil verdi. 1956-cı ildə bu daşlar muzeydən yoxa çıxdı. Hansısa harmlaşmış rəhbər işçinin xanımının bər-bəzək əşyasına çevrildi...
1994-cü ilin Novruz bayramı ərəfəsində Bağırovlar nəslinin cəsarətli nümayəndələrindən biri, Cenin qohum-dostu Məmmədtağının Moskvaya gəlişi unudulmaz hadisəyə çevrildi. Bayram süfrəsində Quba mətbəxinin möcüzələri vardı; badamçörəyi, bükmə, şora...
Qohumlar razılığa gəldilər ki, Cenin qarşıdan gələn doğum gününü Azərbaycanda, Qubanın dilbər guşələrindən birində keçirsinlər. Fəqət...
1994-cü ilin may ayının 24-də “heç yerə getməyən, heç kəslə görüşməyən” professoru “ovladılar”. Zəng çalıb onu Kənd Təsərrüfatı Akademiyasının qocaman əməkdaşının yubiley məclisinə dəvət etdilər. Qapıda maşın dayandı. Cenin köhnə həmkarı onunla qucaqlaşıb-öpüşdü...
Həmin gün axşamdan keçsə də, Cenin evə qayıtmaması hamını nigaran qoydu. Valeriya xanım ora-bura zəng vurub soraqlaşdı. Məlum oldu ki, ziyafət bir neçə saat əvvəl sona çatmışdır. Gecə saat 1-də “təcili yardım” məntəqəsində tərtibolunmuş tibbi arayış mərhumun ailəsinə verildi: “Cen Mir Cəfər oğlu Bağırov qida zəhərlənməsindən vəfat etmişdir”.
Azərbaycanın çətin və şərəfli ömür yaşamış əyilməz oğlu Moskvanın Vostrvakovo qəbristanlığmda torpağa tapşırıldı. Üç ildən sonra, 1997-ci ildə ağbirçək anası mərhumun yanında əbədiyyət yuxusuna daldı. On bir il sonra, 2005-ci ilin aprelində Hindistanda müəmmalı yol qəzasında həlak olmuş cavan Mircəfər də atasının və nənəsinin arasında qərar tutdu. Üç məzar - Ana, oğul, nəvə! Qəbirləri nurla dolsun!
“Ekspres” qəzeti
(04-06 avqust 2007-ci il)
Məmmədtağı Bağırov
05.05.2017-ci il
təzadlar.