Bakı İdarəetmə və Texnologiya Kollecində nələr baş verir?
23-05-2017, 09:46
Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazası əsasında fəaliyyət göstərən Bakı İdarəetmə və Texnologiya Kollecindən şikayətlər var. Kollecin tələbələri konkret olaraq, qurumun Menecment şöbəsinin müdiri Balaş Babayevin əlindən dad çəkdiklərini bildirirlər. Təzyiqlərdən ehtiyatlanaraq adlarının çəkilməsini istəməyən tələbələr Bizimyol.info-ya deyiblər ki, Balaş Babayev kollecdə özünü xəfiyyə kimi aparır, tələbələrlə kobud və qeyri-etik davranır. Şöbə müdiri tələbələrlə pedoqoq kimi davranmaq əvəzinə danışarkən söhbətinin başında-ayağında “adam kişi olar”, “mən kişiyəm” kimi ibarələr işlətsə də, uşaqlar haqqında rəhbərliyə mənfi informasiyalar deyir.
Sözü gedən kolleci yaratmaq üçün vaxtilə, iki müxtəlif təhsil ocağını birləşdirilib, nəticədə tələbələrin dərs yükünü süni surətdə ağırlaşdıraraq rüşvətə münbit zəmin yaradılıb. Beləki, bəlli sənət öyrənmək istəyən gənclər öz ixtisaslarına aid olmayan fənlərdən də imtahan verməyə məcbur edilirlər. Buna görə də mütəmadi olaraq kütləvi informasiya vasitələrində kollecin direktorları haqda yazılar dərc olunur, yarıtmaz fəaliyyətinə görə onların işdən azad olunmaları haqda məlumatlar verilirdi.
Kollec tələbələrinin söylədiyinə görə, davamiyyət “qayıb”ları çoxaldıqca onlar imtahanlara buraxılmır, nəticədə kursda qalaraq tələbə təqaüdündən məhrum edilirlər. Bu yolla, kasıb ailələrindən olan həmin tələbələrə çatacaq cüzi təqaüdləri müəllimlər öz aralarında bölüşdürürlər. Həm ağır fənn imtahanları, həm də “qayıb” təqibi altında təhsil alan gənclər, təzə direktorun geniş meydan verdiyi Balaş müəllimin əməllərindən boğaza yığıldıqlarını bildirirlər. Məsələ burasındadır ki, tələbələri güdərək onlara “qayıb” yazmaq qeyri-qanuni olaraq, nədənsə, məhz, Balaş müəllimə tapşırıb. Şöbə müdirinin işi əldə dəftər-qələm tələbələri güdmək, onlara yerli-yersiz “qayıb” yazmaqdan ibarətdir. Babayev bircə dəqiqə gecikən tələbəyə də “gəlməyib” yazmağı özünə vəzifə borcu bilir. Halbuki, “hazır-qayıb” məsələsi sırf fənn müəllimlərinin səlahiyyətində olan məsələdir.
Tələbələr söyləyir ki, beş-on dəqiqəlik tənəffüs ərzində bütün tələbələr yeməkxanaya doluşur və nəticədə növbə yaranır. «Bir peraşki almaq üçün də növbədə dayanmalı oluruq. Buna görə dərslərə bir neçə dəqiqəlik gecikə bilirik. Müəllimlərin hamısı bizdən asılı olmayan bu problemi bilir, gecikənlərə güzəşt edirlər. Lakin kollecin koridorlarında tələbələri izləyən Balaş müəllim öz dəftərində adımıza süni “qayıb”lar yazaraq rəhbərliyə ötürür. Hətta bir dəfə bir qrup tələbə dərs növbəsinin dəyişdirilməsini xahiş etmək üçün rektorun qəbulunda olduqları müddətdə Balaş müəllim onların hamısına “qayıb” yazıb uşaqların imtahana buraxılmalarına əngəl yaratmışdı. Halbuki tələbələr onu öncədən məlumatlandırmışdılar».
Tələbələrin dediklərinə görə, öz səlahiyyətlərini aşan Balaş Babayevin qanunsuz əməlləri bununla bitmir. O, müəllimlərlə tələbələrin arasını vurur, tələbələri direktora tərbiyəsiz, xuliqan kimi təqdim edir. Belə ki, o, kolleci bitirmək üzrə olan IV kursun 7 tələbəsini kollecdən qovdurub. Maraqlıdı, oxuduğu dörd il müddətində kursdan-kursa problemsiz keçən tələbə sonda necə yararsız olur? «Kollecdə qara kabusa çevrilən bu insan yeni qəbul olan tələbələrə hədə-qorxu gələrək, talelərinin onun əlində olduğunu, xoşuna gəlməyən tələbələrə burada oxumalarına imkan verməyəcəyini bildirir. Balaş müəllim adlanan kabusun fəaliyyətinin və “qayıb” əməliyyatının nəticəsi olaraq təkcə birinci kursdan 20 nəfər tələbə kollecdən çıxarılıb. Təsəvvür edin, 9-cu sinfi yenicə bitirib kollecə ümidlə üz tutan yeniyetmələrin qol-qanadını sındıraraq arzularını necə gözlərində qoyurlar».
Balaş Babayevin qanunsuz hərəkətlərindən boğaza yığılan tələbələr onun tezliklə kollecdən uzaqlaşdırılmasını arzulayırlar.
Ürəklərini əməkdaşımıza boşaldan gənclər, kollec rəhbərliyi Balaş Babayev barəsində tədbir görməyəcəyi təqdirdə, Təhsil Nazirliyi və digər yuxarı instansiyalara müraciət edəcəklərini bildirdilər.
Növbət sayımızda yazıda adıçəkilən şəxsin və kollecin mövqeyini dərc etməyə çalışacağıq.
Elmar