Elmar Vəliyev Rəsulzadənin heykəlinin başında torba saxlayıb

7-07-2015, 20:53           
Elmar Vəliyev Rəsulzadənin heykəlinin başında torba saxlayıb
Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstü ilə bağlı qalmaqal davam etməkdədir. Şəhərin Dəmiryolçular parkında qoyulan heykəllə bağlı uzun müddətdir ki, qalmaqal yaşanır. Belə ki, Rəsulzadənin büstünə üç aydır ki, torba keçirilib və büstün təmir ediləcəyi bildirilir. Ancaq heç bir iş aparılmır.

Şəhər sakinlərinin musavat.com-a verdiyi məlumata görə, büstün başından torba üç aydır ki, çıxarılmır. Dəfələrlə edilən müraciət və etirazlara baxmayaraq, ortada nəticə yoxdur. Büst nə təmir edilir, nə də başından torba çıxarılır.

Qeyd edək ki, büstlə bağlı bir müddət əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də danışmışdı və məsələnin ona aidiyyatı olmadığını bildirmişdi: “Həmin park Dəmiryol İdarəsinin balansındadır”.

Ancaq vəziyyətlə yaxından məlumatlı olan sakinlər bildirirlər ki, büst məhz icra başçısının göstərişi ilə 28 may ərəfəsində qapadılıb. Məqsəd də 28 mayda büstün ziyarət olunmaması olub. İyunun 1-də abidənin üzərindəki çuval götürülsə də, bir gün sonra yenidən qapadılıb.

Məsələ bir müddət əvvəl parlamentdə də müzakirə mövzusu olub. Gəncə şəhər İcra Hakimiyyəti və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmiləri isə mətbuata verdikləri açıqlamalarda məsuliyyəti bir-birlərinin üzərinə ataraq, sözügedən parkın onların balansında olmadığını sübut etməyə çalışıblar.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin ölkənin müxtəlif yerlərində olan azsaylı abidələrinə qarşı hörmətsizlik halları davam etməkdədir. Bir neçə il əvvəl M.Ə.Rəsulzadənin adı onun qurduğu universitetdən də götürülüb. Bakının mərkəzində heykəlinin ucaldılmasına qeyri-rəsmi qadağa var. Bakı Metropoliteninin ərazisindən də onun büstü götürülüb.

Metronun “28 May” stansiyasının içərisindəki divarda həkk olunan portreti sökülüb. Həmçinin, ulu öndərin Ağcabədi və Ağsu rayonlarında olan büstləri də götürülüb.

Dövlət başçısı İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncam da Azərbaycan Demokratik Respublikasının banisinə olan münasibəti dəyişdirməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.